"Zığ sürüşmə zonasında təhlükə günbəgün artır. Həmin
ərazidə kanalizasiya sularının axıdılması üçün quyular qazılıb ki,
bu da sürüşmə prosesinə təsir edir. O cümlədən də həmin zonadakı
süxurlar həddən artıq zəifdir, çox bərkiməyib. Su dəyəndən sonra
tamamilə yumşalır".
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)
Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama
ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
O, bildirib ki, Zığ sürüşmə sahəsində sürüşmənin qarşısını almaq
üçün hər hansı hamarlama işləri, divar çəkmək mümkün deyil: "Biz də
təklif etmişik. Orada yaşayan əhali mütləq köçürülməlidir. Ötən ay
Zığ 1 sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış
evlərinin divarlarında quraşdırılmış mayaklarda eni 0,07-0,17 sm
olan yeni çatlar əmələ gəlib və ayrı-ayrı hissələrdə, lokal sürüşmə
sahələrində aktivləşmələr müşahidə olunub".
Baş geoloqun sözlərinə görə, Bakı ətrafında olan sürüşmə
sahələri üç təsnifata bölünüb: "Bakı ətrafında olan sürüşmə
sahələrini üç təsnifata bölmüşük. Birinci tektonik qırılmalar,
ikinci ekzogen geoloji proseslər və üçüncü texnogen proseslərlə
əlaqədar olan sürüşmələr sahələridir. Zığ yamacındakı sürüşmə
tektonik qırılmalarla əlaqədar olan sürüşmə sahəsidir. Həm də
oradan iri tektonik qırılma keçir. Zığa sonradan əhalinin köçməsi,
çirkab sularının əraziyə axıdılması və yağış sularının təsirindən
proses daima aktivləşir. Orada yaşayış mümkün deyil".
Ə. Piriyev əlavə edib ki, Əhmədlidə "Ukrayna" meydanı
ərazisindəki sürüşmə sahəsi texnogen proseslərlə əlaqədar
aktivləşir: "Burada kanalizasiya borularının partlamasının təsiri
nəticəsində sürüşmə sahəsi aktivləşir. Əgər "Ukrayna" meydanındakı
sürüşmə sahəsində suvarma aparılmasa, kanalizasiya boruları
partlamasa, orada sürüşməni stabil saxlamaq olar".
Baş geoloq qeyd edib ki, Günəşlidə Kərpic Zavod ərazisindəki
sürüşmə sahəsinə Əhmədli tərəfdən müəyyən su axını baş verir:
"Orada göl əmələ gəlib. Atmosfer çöküntüləri də artdıqca müəyyən
aktivlik olur. Həmin ərazidə gil süxurları ilə əhəng daşları da
bir-biri ilə təmasa girirlər. Burada sürüşmə sahələri daha çox
ekzogen geoloji proseslərlə əlaqədar yaranır".