Biz qəbiristanlıqlarda
səliqə-sahman yaradırıq. Ancaq bu işləri yalnız məzarlıqların ara
yollarında həyata keçiririk. Qəbir daşlarının ətrafını sahmana
salmaq, təmizləmək, abadlaşdırmaq isə vətəndaşın özü tərəfindən
olmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Bakı şəhər Əhaliyə
Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov
deyib.
İlahiyyatçı Hacı Şahin Həsənlinin bu sahədə iradlarına münasibət
bildirən S.Həsənov qeyd edib ki, vətəndaş tərəfindən qəbir
daşlarının yan-yörəsinə nəzarət olunmalıdır, gül-çiçək əkilməlidir.
Onun sözlərinə görə, bu, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin
vəzifəsi deyil.
S.Həsənov məzar daşlarının dəbdəbəli qoyulmasını isə vətəndaşın
istəyindən asılı olduğunu söyləyib. O, qurumun bu məsələyə müdaxilə
etmək səlahiyyəti olmadığını vurğulayıb.
Modern.az saytına danışan Hacı Şahin dəbdəbəli qəbirüstü
abidələrin qoyulmasının yolverilməzliyini qeyd edib. O, bununla
yanaşı, qəbiristanlıqlarda təmizlik yaradılması üçün qanunverici
aktların tərtib olunmasını da lazım bilib:
"Qəbir yerlərinin səliqəsinə isə xüsusilə fikir verilməlidir.
Qəbiristanlıq insana axirətini xatırlatmalıdır. Bir sıra Avropa
ölkəsində hətta qəbir üzərində gül əkilir, çəmənlik salınır.
Qəbiristanlıq bir növ parkı xatırladır. Müsəlman ölkələrində də
qəbir daşları sadə şəkildədir, bizdə də bu təcrübə tətbiq
olunmalıdır ki, bahalı mərmərə verilən pul başqa bir lazımlı işə
yönəldilsin.
Qəbir ərazisinin səliqə-sahmana salınmasına isə yalnızca şəriət
baxımından deyil, eyni zamanda da qanunla nəzarət edilməli, bu
istiqamətdə maarifçilik işləri aparılmalıdır. İnsanlar özləri də
qəbirlərin təmizliyinə nəzarət etməli, onlara hərdən baş çəkməli,
otdan, alaqdan təmizləməlidir".