Yuxarı

Bakıda “Moskva”nı satıb, sonra da sökdülər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda “Moskva”nı satıb, sonra da sökdülər

Bir zamanlar Bakıda yaşayan sakinlərin, paytaxta gələn qonaqların tez-tez baş çəkdikləri ünvanlardan biri də məhz “Moskva” kinoteatrı idi. 2006-cı ildən bəri fəaliyyəti dayandırılaraq qapısı qıfıllanan, tarixə “gömülən” bu kinoteatrın binası uzun zaman sonra yararsız hala düşdü. Ətrafında tikilən yöndəmsiz obyektlərin arasında “Moskva”nın əzəmətli divarları da itib-batdı. Qarşısında insanların asudə vaxt keçirməsi üçün salınan səliqəli parkdan da əsər qalmayıb.

Axar.az xəbər verir ki, Nəsimi rayonunun Hüseynbala Əliyev və Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən “Moskva”nın 2013-cü ildə sökülməsi ilə bağlı xəbərlər yayılmışdı. Qeyd edək ki, bu söz-söhbətdən bir neçə il əvvəl kinoteatr binasının birinci mərtəbəsindəki dəhliz çayxana kimi işlədilirdi.

Mədəniyyət və Turizm Nazirliyi (indiki Mədəniyyət Nazirliyi) həmin il mətbuata bildirmişdi ki, 2006-cı ildə, yəni sabiq nazir Əbülfəs Qarayev vəzifəyə gəldiyi il “Moskva” kinoteatrı nazirliyin balansından çıxarılıb. O vaxtkı Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsinin) balansına verilib. Ona görə də kinoteatr binasının sökülməsinin, yaxud saxlanılmasının nazirliyə heç bir aidiyyəti yoxdur.

Bir neçə həftə əvvəl mətbuatda kinoteatr binasının söküntü işlərinin dayandırılması ilə bağlı məlumatlar yayıldı. Aidiyyəti qurumlar söküntü ilə əlaqədar icazə alınmadığı üçün hazırda işlərin dayandırıldığını bildirdilər. Maraqlıdır ki, bina özülünə qədər söküləndən sonra “söküntüsü” dayandırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin saytımıza verdiyi açıqlama isə belə oldu:

“Mədəniyyət Nazirliyinin balansında olmuş “Moskva” kinoteatrı kimi tanınan qeyri-yaşayış binası uzun müddət istifadəsiz qalıb. Nazirlik bu dövlət əmlakını daha səmərəli istifadə olunması məqsədilə keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamına verib. Komitə tərəfindən adıçəkilən müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən 27.05.2011-ci il tarixində icarəçi tərəfindən özəlləşdirilib”.

ƏMDK həmçinin bir neçə qanun maddəsini sadalayaraq əsas gətirdi ki, icarəyə verilmiş əmlakın özəlləşdirilməsinin nəticəsi barədə dərc edilməli olan məlumatların sırasında alıcının adının qeyd edilməsi nəzərdə tutulmur.

Maraqlısı odur ki, həmin sahibkarın kimliyindən, konkret olaraq hansı işlə məşğul olmasından heç kimin xəbəri yoxdur. “Moskva”nın gələcək taleyi onu özəlləşdirmiş naməlum sahibkarın ixtiyarına verilib. Adı açıqlanmayan şəxs isə “Moskva”nın daşını daş üstə qoymayıb.

Qeyd edək ki, eyni tale ilə Xırdalanın mərkəzində yerləşən "Dostluq” kinoteatrı da üz-üzədir. Bu barədə İTV-nin hazırladığı reportajdan məlum olur ki, “Dostluq”da vəziyyət daha acınacaqlıdır. Hazırda həmin bina narkomaniya yuvasına çevrilib. “Dostluq” da 2014-cü ildə sabiq nazirin güdazına gedib, özəlləşdirilməsi üçün ƏMDK-nin ixtiyarına verilib.

Tarix
2022.04.25 / 12:32
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla