Ana səhifə Toplum |
Mayın 7-də Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda beynəlxalq simpoziumun ikinci günü Şamaxı şəhərində keçirilib.
Axar.az xəbər verir ki, simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan, Gürcüstan və s. ölkələrin müxtəlif universitetlərindən olan alim və professorlar, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Şamaxı Rayon Mədəniyyət Mərkəzində baş tutub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərovanın çıxışlarından sonra simpozium iştirakçılarının “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” mövzusunda məruzələri dinlənilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Heydər Əliyev Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin banisidir”, alman yazıçı və tərcüməçisi Heyke Mariya Cohenninq “Arxitekturada müasir üslub Qafqaza necə gəldi?”, almaniyalı naşir Hans-Jürgen Maurer “Qurban Səid və “Əli və Nino” romanı. Əsərin nəşr tarixi və onun müəllifinin bioqrafiyası haqqında yeni faktlar”, ADU-nun müəllimi Lətifə Qurbanova “Nizami Gəncəvinin yaradıcılığında Höteni nə cəlb etdi” və s. mövzularında məruzələr simpozium iştirakçılarına təqdim olunub.
Daha sonra simpozium iştirakçılarının Şamaxı rayonunun tarixi abidələri və muzeylərinə ekskursiyası təşkil olunub, onlara rayonun tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib.
Qeyd edək ki, simpoziumun rəsmi açılışı mayın 6-da Azərbaycan Dillər Universitetində olub.
Tarix
2022.05.08 / 15:32
|
Müəllif
Axar.az
|