Azərbaycan
Respublikasının Milli Qəhrəmanı, Ədliyyə Nazirinin müavini,
Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət
Quliyevin "Axar.az"a verdiyi geniş müsahibəni təqdim
edirik.
10 cəzaçəkmə müəssisəsi tikilir
- Paytaxtın mərkəzində yerləşən cəzaçəkmə
müəssisələrinin köçürülməsi ilə bağlı yayılan qeyri-rəsmi
xəbərlərin bir əsası varmı?
- Bildiyiniz kimi, hazırda ölkəmizdə olan cəzaçəkmə müəssisələri
Sovet dövründən qalıb. Həmin dövrdə də dustaqların hər an SSRİ-nin
digər respublikalarına aparılması rahat olsun deyə, cəzaçəkmə
müəssisələri Bakıda salınıb. Ən yeni tariximizdə isə yeni cəzaçəkmə
müəssisələrinin tikintisinə başlanıb. Onu deyə bilərəm ki,
Azərbaycanda bu gün 10 cəzaçəkmə müəssisəsi tikilir və 3 bu cür
müəssisə artıq tikilib istifadəyə verilib. Naxçıvanda müasir tipli
cəzaçəkmə müəssisələri tikilib.
- Bəs, məhbusların özlərinin bu yeni standartlara
adaptasiyası üçün hansı tədbirlər görülür?
- Bu istiqamətlərin hamısında addım-addım olaraq dəyişmə prosesi
gedir. Məsələn, cəzaçəkmə müəssisələri tikilir və bura yeni
əməkdaşlar işə qəbul olunacaq. Məhbuslardan əvvəl bizim öz
əməkdaşlarımızın müasir tələblərə, biliklərə cavab verməsinə də
hazırlıq gedir. Bu tələblərə hazırlıq verməsi baxımından
əməkdaşlarımızdan sonra növbə məhkumlarındır.
Çinli naziri yenidən yeməkxanaya qaytardım
- Məhbuslara verilən yeməklərin keyfiyyətinin
artırılması ilə bağlı hansı işlər görülür?
- Keçən il respublikanın ən tanınmış aşpazlarına müraciət etdik.
Onların əksəriyyəti bizimlə böyük məmnuniyyətlə əlaqə qurdular.
Həmin aşpazların sayəsində bizim cəzaçəkmə müəssisələrində yemək
bişirən insanların professionallığını qaldıra bildik. Həmin vaxtı
Çinin Ədliyyə nazirinin müavini gəlmişdi. Biz bir neçə cəzaçəkmə
müəssisəsinə getdik. Məhbəsin mətbəxindən çıxandan sonra o soruşdu
ki, bu yeməklər sizin əməkdaşlar üçündürmü? Mən onu yenidən mətbəxə
qaytardım. Qabları göstərib dedim ki, burda mindən çox qab var,
işçilərimizin sayı 60-70 nəfərdir. Əlbəttə ki, bu yeməklər
məhbuslar üçün bişirilib. Ümumiyyətlə, bizim həbsxanalarda vəziyyət
çox ölkələrdən daha yaxşıdır. Bu, hər bir sahədə özünü göstərir.
Məsələn, 9 oktyabr tarixində keçirilən prezident seçkisində
cəzaçəkmə müəssisələrindəki səsvermə hüququ olan Azərbaycan
vətəndaşlarının 97 faizi seçkidə iştirak edib. Ölkə başçısı hər bir
Azərbaycan vətəndaşının prezidentidir. Ola bilər ki, onların
azadlığı məhdudlaşdırılıb, ancaq bu onların vətəndaşlıq hüquqlarını
əllərindən almır. Onu da qeyd edim ki, həmin səsvermədə iştirak
edənlərin 91 faizi cənab prezidentə səs vermişdi.
Saqqız üstündə dava saldıq
- Siz hərbçi olduğunuz kimi həm də
idmançısınız...
- ...Yadımdadır, bir dəfə gənc vaxtı beynəlxalq turnirdə idik.
Amerikanlar tamaşaçılar olan yerə saqqız atdılar. Siz təsəvür edin
ki, saqqızın üstündə dava düşdü. O zaman SSRİ-də saqqız-filan yox
idi. Ona görə belə bir səhnə ortaya çıxmışdı. Siz gəncsiniz və bu
sizin üçün fantastik görünə bilər. Ancaq bunlar hamısı o dövrün
reallığı olub...
Yeri gəlmişkən deyim ki, Cənab Prezidentin idmana xüsusi qayğısı
var və bu iş bizim qurumda da prioritet məsələlərdəndir. Bunun
nəticəsidir ki, təkcə 2013-cü il ərzində 5 əməkdaşımız beynəlxalq
turnirlərdə qələbə qazanıb.
Dustağa qayğı göstərmək lazım deyil...
- Ümumilikdə, cəzaçəkmə müəssisələrimizin vəziyyəti sizi
qane edirmi?
- Avropanın özündə yüz ildən artıq müddət əvvəl tikilmiş
cəzaçəkmə müəssisələrində məhbus saxlayırlar. Ancaq Azərbaycanda
elə bir nümunə yoxdur. Bizdə demək olar ki, bütün cəzaçəkmə
müəssisələri yenilənir və müasir dövrün tələblərinə cavab verir.
SSRİ-dən bizə miras qalmışdı ki, dustağa qayğı göstərmək lazım
deyil və onlar cəmiyyətdən tamamilə təcrid edilməlidir. Ancaq
Heydər Əliyevin qurduğu Azərbaycanda elə hallar heç bir zaman
olmayıb. Məhbus həyatı yaşayan insanlar da bu ölkənin vətəndaşıdır
və bu ölkənin bir hissəsisidir. Onların cəmiyyətdən tam təcrid
edilməsi düzgün deyil.
Həbsxanada internet
- Məhbusların cəmiyyətə adaptasiyasından söz gedirsə,
internetin də rolu burda əvəzedilməz ola bilər. Müəyyən saytlara
giriş əngəllənməklə məhbusların internet imkanlarından istifadəsinə
şərait yaradılması mümkündürmü?
- Bilirsiniz, məhbuslar faktiki olaraq cinayət törətmiş
şəxslərdir. Bu cür kommunikasiya vasitələrindən istifadə etməyə
imkan verəndə onlar törətdiyi cinayəti davam etdirə bilərlər.
Məsələn, törətmiş olduğu cinayətlə bağlı kimlərəsə təzyiq
göstərərlər. Dünya praktikasında məhbusların internetdən istifadəsi
hələ ki, mümkün deyil. Bir halda bu praktikaya rast gəlinir. Özəl
cəzaçəkmə müəssisələri tikilir və həmin yerlərdə də məhkuma
internetdən məhdud və icazə verilən səviyyədə istifadəsinə şəraəit
yaradılır. Həmçinin özəl müəssisələrdə də internetdən istifadə
pulludur. Məhbuslar pul ödədikdən sonra həmin imkanlardan istifadə
edə bilirlər. Ancaq mən hələ də bilmirəm, biz bunu tətbiq etsək, nə
kimi hallarla rastlaşa bilərik? Mən hərbçiyəm və hərbçi kimi
işləyirəm. Siz dediyiniz məsələlər qanunla bağlıdır. Qanunverici
orqanın bu barədə qərarı olsa, təbii ki, o qərar icra ediləcək.
Məsələn, ölkə başçısının 2012-ci ildə bir qərarı var idi ki,
istintaq təcridxanaları və həbsxanalar televizorla təmin edilsin.
Qısa bir zamanda biz bütün istintaq təcridxanaları və həbsxanaları
plazma televizorlarla təmin etdik.
500 əməkdaşımızı neqativ əməllərinə görə işdən azad
etmişik
- Tez-tez məlumat alırıq ki, kameralara heroin və ya
telefon keçirilməsinin qarşısı alınıb. Bunlar təqdir ediləsi
nümunələrdir. Ancaq bununla bərabər, bəzi neqativ hallarla bağlı
məlumatlar da alırıq. Məsələn, nəzarətçilər cəzaçəkmə
kameralarındakı nəfəsliyi açmaq müqabilində məhbuslardan pul
alırılar. Bu kimi hallarla mübarizə üçün hansı tədbirlər
görülür?
- Əməkdaşlarımızın qanunsuz hərəkətlərinin şahidi olan kimi
onları tutduğu vəzifələrdən azad edirik. Məsələn, son iki-üç il
ərzində 500 nəfər əməkdaşı vəzifəsindən azad etmişik. Bu barədə
hörmətli nazirimiz və birinci dərəcəli dövlət ədliyyə müşaviri
cənab Fikrət Məmmədova da tez-tez məruzə edirəm. Nəzərə almaq
lazımdır ki, cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların
əksəriyyəti narkotik istifadəçiləridir. Onların narkotik əldə etmək
üçün çalışmaqları da bizə məlumdur. Bu işdə onlara kömək olanlar
arasında əməkdaşlarımızın olması bizə məlum olan kimi onları işdən
azad edirik. Bu kimi halların qarşısının alınması üçün biz Milli
Təhlükəsizlik Nazirliyinə də müraciət etmişik. Onların da köməkliyi
ilə bu kimi halların qarşısını alırıq. Ancaq sizə deyim ki,
istənilən məlumatı biz mütəmadi olaraq cəmiyyətə çatdırırıq. İstər
məhbuslardan hər hansı qadağan edilmiş şeylərin aşkar edilməsi,
istərsə də öz əməkdaşlarımıın işdən azad edilməsi ilə bağlı olsun.
Biz bütün məlumatları daimi olaraq cəmiyyətə çatdırırıq.
Məhbusları güdə bilmərik...
- Bu kimi halların qarşısını almaq üçün saxlanılma
yerlərinə müşahidə kameraları quraşdırmaq mümkündürmü?
- Belə bir şey ona görə mümkün deyil ki, bu şəxsi həyata
müdaxilə sayılır. İnsanın bütün fəaliyətini necə izləmək olar?
Məhbus belə olsalar, bu, insan azadlığına müdaxilədir. Həm də
düşünün, o qədər insanı izləmək üçün ən azı bir o qədər də
kontingent lazımdır. Bir məhbusu izləmək üçün bir nəfərə demək
lazımdır ki, gör, o nə iş görür. İzləməni həyata keçirənin özünü də
izləmək üçün bir nəfər lazımdır ki, görək o necə izləyir...
(Gülür)
Elə bilirdim ki, ABŞ istehsalı olan film
izləyirəm
- Müəyyən dövlət qurumlarında - xüsusən də barəsində o
qədər də xoş söz hallanmayan nazirliklərdə - gedən struktur və kadr
islahatları cəmiyyətdə əsasən təqdir olunur, ictimaiyyətdə müsbət
reaksiya doğurur. Məsələn, Müdafiə Nazirliyindəki islahatları misal
göstərmək olar. Sizin qurumda hansı kadr və struktur islahatları
aparılır?
- Kadr islahatları fasiləsiz olaraq aparılır. Ancaq bu,
kampaniya şəklində deyil. Mütəmadi olaraq bu islahalar gedir.
Müdafiə, Daxili İşlər, Ədliyyə və s. digər bu kimi güc
nazirliklərində kadr islahatı heç vaxt dayandırılmayıb. Bunun bariz
numünəsi olaraq mən sizə bir şeyi xatırlatmaq istəyirəm. Şəhidlər
Xiyabanı qarşısında olan və küçələri süpürən insanların xidməti
geyimi yüksək səviyyədədir.
Mən o xadimələri oradakı digər nazir müavinlərinə də göstərdim
və dedim ki, fəxr edirəm ki, Azərbaycanda onlara bu cür geyimlər
verirlər. Yəni islahatlar lap aşağı nöqtəyə qədər gedib çıxır.
Azərbaycan artıq dünyanın sivil ölkələrindəndir. Bütün bunlar
hamısı siz deyən kadr islahatlarının nəticəsidir. Heydər Əliyev
quran dövlətdə kadr islahatı nə zaman dayanıb ki? Ancaq yenə
deyirəm ki, heç bir kadr islahatı kampaniya şəklində aparılmır. Son
3 ildə 500 nəfər əməkdaşımızın işdən azad edilməsi bu islahatın
dayanmadığını göstərir.
Sizə bir şey danışmaq istəyirəm. Keçən ilin noyabr ayında bizim
müalicə müəssisəsində yanğın baş verdi. Bu, həm də bizim üçün bir
sınaq idi. Biz o sınaqdan uğurla çıxdıq. Gördük ki, bizim idarəmiz
saat kimi işləyir. Onun nəticəsi idi ki, bir nəfər məhbus da
yanmadı. O cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının
yüksək keyfiyyətli işini də qeyd etmək istəyirəm. Onların
yanğınsöndürmə prosesini izləyəndə elə bilirdim ki, ABŞ istehsalı
olan film izləyirəm. Ən müasir, alman istehsalı olan texnikalarla
təchiz edilmiş bacarıqlı, mütəşəkkil, professional yanğınsöndürmə
dəstəsi idi.
Bizim fəaliyyətimizə cənab nazir nəzarət
edir
- Yüksək rütbəli əməkdaşların iş fəaliyyətinə hansı
səviyyədə nəzarət olunur?
- Bizim özümüzün də fəaliyyətimizə cənab nazir fəaliyyətimə
nəzarət edir. Qanundan kənar hərəkətimiz olsa, tutduğumuz vəzifədən
azad edərlər. Kimsə vəzifə borcunu yerinə yetirə bilmirsə, əmin
olun ki, həmin şəxs tutduğu vəzifədən azad ediləcək. Ümumən
biləsiniz ki, Ədliyyə nazirimiz vəzifəyə təyin edilən gündən kadr
islahatı davamlı aparılır. Vəzifəsinin öhdəsindən layiqincə
gəlməyənlər vəzifəsindən azad edilir, pensiya vaxtı çatan şəxslər
əvəzlənir, elə işçilər olur ki, onların xidmət yeri dəyişilir. Kadr
islahatları bir nəfərdən asılı olan şey deyil. Bu islahatlar nə
Mədətdən, nə də siz deyən nümunədə Müdafiə naziri Zakir Həsənovdan
asılıdır. Onun arxasında dövlət başçısı dayanır.