Cizgi filmləri uşaqların psixologiyasına ciddi təsir
göstərən əsas amildir.
Bu sözləri psixoloq Tarıyel Faziloğlu cizgi filmlərin uşaq
psixologiyasına təsirindən Axar.az-a danışarkən deyib. Psixoloqun
sözlərinə görə, son 20 ildə hazırlanan cizgi filmlərin əsas mövzusu
şiddət, zorakılıq və erotika olub:
"Adətən böyük dövlətlər uşaqlarda istədiyi təsiri yaratmaq üçün
cizgi filmlərindən istifadə edirlər. Artıq dünyada baş verən
aqressiyanın, o cümlədən, sürətli inkişafın yolu cizgi filmlərindən
keçir. Cizgi filmləri uşaqların inkişafında ciddi təhlükədir. Buna
görə də Azərbaycan dövləti bu məsələdə çox ciddi şəkildə
təxirəsalınmaz tədbirlər görməli, kompleks layihələr
hazırlamalıdır.
3-7 yaş arası müddətin uşaqların formalaşdığı dövrün olduğunu
nəzərə alsaq, görərik ki, onların bütün gələcəyi, xarakteri bu
dövrdə formalaşır. Bu yaşda uşaqların isə ən çox maraq göstərdiyi
şey cizgi filmidir. Odur ki, azyaşlılarımıza izlətdiyimiz cizgi
filmlərinə diqqət etməliyik".
Qeyd edək ki, dünya standartlarına uyğun hazırlanan istənilən
cizgi filmində müəyyən fərqlənmə dərəcəsi ilə zorakılıq səhnələri
də yer alır.