Dini icmaların cəmiyyət qarşısında hesabatlılığının
təmin edilməsi üçün qanunvericilikdə mütləq dəqiqləşdirmə
aparılmalıdır.
Bundan əlavə, Milli Məclis Azərbaycan vətəndaşlarının dövlətin
müvafiq icazəsi olmadan xarici ölkələrdəki silahlı münaqişələrdə
iştirakının qadağan edilməsi, qanunsuz olaraq bu döyüşlərdə iştirak
edənlərin, eləcə də bu işdə vasitəçilik edənlərin ciddi
cəzalandırılmasını müəyyən edən qanun qəbul etməlidir. Bu barədə
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət
vəkili Zahid Oruc bildirib ( Trend ).
Onun sözlərinə görə, ayrı-ayrı müsəlman ölkələrində radikal dini
qruplaşmalar geniş miqyasda özlərinə dayaq qazanmağa çalışırlar.
Azərbaycanda da müxtəlif dairələr ölkədə dini etiqad azadlığının
geniş miqyasda bərqərar olmasından öz planları üçün istifadə etmək
istəyirlər. Sanki bu qüvvələr qlobal ərazilərdə hansısa planlarını
reallaşdırmağa çalışırlar:
"Bu sirr deyil ki, İslam etiqadında olan ayrı-ayrı təmayüllər
Azərbaycanda da müəyyən mərhələdən sonra kəskin tələblərə və
hərəkətlərə keçə bilərdilər. Onları kimsə silahla təmin etsəydi,
artıq bu gerçək təhlükəyə çevrilmiş olacaqdı. Bu mənada sələfilər,
vəhabilər, xəvariclər, təkfirçilər və digər radikal dini
qruplaşmalar müəyyən səviyyədə ümumi təhlükəsizliyimizə xələl
gətirirlər. Biz ilk növbədə nəzərə almalıyıq ki, Suriyaya gedən
azərbaycanlılar bu qrupların əlində illərlə zombiləşən, həddindən
artıq dini-ideoloji təbliğatın altında özünün real düşüncə
sistemindən çıxan, istənilən ərazilərdə döyüşməyə hazır olan və az
qala dünya legionerinə çevrilmiş insanlardır. Belə demək mümkünsə,
onlar yemdirlər. Onların üzərində siyasi, həmçinin maddi qazanc
əldə edən dairələr var. Çünki insanları Suriyada savaşa aparanlar
elə-belə hərəkət edən şəxslər deyillər. Bundan əlavə, "Hizbullah"
tərəfdən döyüşən azərbaycanlılar üçün bölgədə hansı dövlətin keçid
ünvan olduğu, onun himayəçisinin kimliyi, Suriyada Bəşər Əsəd
rejiminin qorunması üçün kimlərin beynəlxalq himayədarlıq etdiyi də
Azərbaycanda heç kimə sirr deyil".
Z.Orucun fikrincə, Azərbaycanda dini icmaların cəmiyyət
qarşısında hesabat vermələri ilə bağlı da bəzi dəqiqləşdirmələrə
ehtiyac var: "Biz ilk növbədə nəzərə almalıyıq ki, ayrı-ayrı
təmayüllü həmin dini qruplar harada hesabat verməlidirlər?
Ümumiyyətlə, onların fəaliyyətinin cəmiyyət qarşısında
hesabatlılığı necədir? Bu, Dini İşlər üzrə Dövlət Komitəsində,
yoxsa başqa bir təsisatda olmalıdır? Hesab edirəm ki, bununla bağlı
müddəalar qanunvericilikdə mütləq dəqiqləşdirilməlidir, onun
çərçivəsi yaradılmalıdır".
Millət vəkili hesab edir ki, Suriyada döyüşən azərbaycanlılar
ölkəyə dönərlərsə, onlar birmənalı olaraq cinayət məsuliyyətinə
cəlb edilməlidir: "Onlar bilməlidirlər ki, qanunu pozublar. Bu gün
Suriyada, sabah başqa bir ərəb ölkəsində, birigün üçüncü
dövlətlərdəki döyüşlərdə iştirakçılıq fərarilik, düşmən tərəfə
keçmək qədər sərt şəkildə cəzalandırılmalıdır. Əgər biz bunu
etməsək, sonra vəziyyət daha acınacaqlı olacaq. Etiraf edək ki, son
20 ildə ilk dəfədir ki, ortaya belə bir problem çıxır. Bu halda biz
ən azı bundan sonra ora getmək istəyənlərin qarşısını almaq üçün
təsirli mexanizm tapmalıyıq. Valideyn polis orqanlarına müraciət
edir, hüquq mühafizə orqanları konkret addım üçün hüquqi müddəalara
əsaslana bilmirlər. Bunu parlament olaraq biz yaratmalıyıq. Yəni
belə döyüşçülər hansı mərama xidmət etməsindən asılı olmayaraq,
Azərbaycana qayıdırlarsa, bilməlidirlər ki, dövlət və qanun
qarşısında cavab verəcəklər. Mən bu məsələni parlamentin yaz
sessiyasında təklif kimi mütləq irəli sürəcəyəm".
Onun fikrincə, Suriyada döyüşlərə getmiş həmin adamlarla yanaşı,
bu istiqamətdə təbliğat və təşviqat işləri aparan şəxslər,
vasitəçilər də Azərbaycan qanunvericiliyi ilə məsuliyyət
daşımalıdırlar: "Həmin şəxslər ümumən qanundakı boşluqdan özlərinə
geniş şəkildə immunitet düzəldiblər. Faktiki olaraq, dünyanın hansı
tərəfindən olsaydı, bu adamlar birbaşa terror tərəfinin iştirakçısı
hesab edilərdilər. Bizdə isə gerçəklik budur ki, biz hər hansı
müddəalarla onlara konkret təsir edə bilmirik. Ona görə də bu
cinayətkar əməlin bütün tərəflərinə qarşı təqib əməliyyatlarının
keçirilməsi üçün parlament səviyyəsində, qanunvericilik qaydasında
addım atılmalıdır. Bizdə qanunsuz silahlı birləşmələrdə iştirakla
bağlı məsuliyyəti müəyyən edən müddəalar olsa da, bu yalnız
Azərbaycanın daxili üçün nəzərdə tutulub, xarici ölkələrə isə bunun
heç bir aidiyyəti yoxdur. Bu hal indiyədək bizim
qanunvericiliyimizdə olmayıb. Özü də qanun təkcə Suriya üçün
verilməməlidir. Qanun təkrarlanan ictimai münasibətləri
tənzimləyir. Burada da artıq təkrarlanma faktı var. Bu halda
qanunvericilik səviyyəsində müdaxiləyə tam zəmin yaranıb".
Qeyd edək ki, 2 gün öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir
sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli
məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad,
fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq
doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə
döyüşərək öldürülən şəxs şəhid deyildir: "Belələrinin əsl
məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi
təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya
digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin
daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız,
həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi
qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən
yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili
sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə
həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini,
bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz
sayırlar".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini
qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının
qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması
məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.
Xatırladaq ki, bəzi azərbaycanlı gənclər Suriyada silahlı
münaqişələrdə iştirak edərək edirlər.