2008-ci il avqustun 1-də həbs edilmiş "Texnikabank"ın
Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərdən ümumilikdə
38 milyon manata yaxın pul mənimsədiyi sübuta yetirilsə də, həmin
məbləğ hələ də zərərçəkmişlərə ödənməyib. Buna dələduz bankirin
atası Zakir Yusifovun saxta iddiaları səbəb olub.
Zakir Yusifov hər dəfə Ali Məhkəməyə ünvanlandığı bir sənədlə
işin dayandırılması barədə qərarın çıxarılması nəticələnir.
Zakir Yusifovun yuxarı instansiyalarda istəyinə çatmasına oğlu
Zülal Yusifov kömək edir. Zülal Yusifov 2010-cu ilə kimi Ağır
Cinayətlər Məhkəməsində baş məsləhətçi işləyib. Qardaşı Zakir
Yusifov həbs olunandan sonra Zülal Yusifov orqandan çıxarılıb.
İndi atası Zakir Yusifova köməklik göstərən Zülal Yusifov keçmiş
əlaqələrindən istifadə etməklə Ali Məhkəmədə xeyirlərinə qərarın
çıxarılmasına nail olur.
Teleqraf.com
xəbər verir ki, sonuncu dəfə ötən il noyabrın 14-də Ali Məhkəmənin
hakimi Rasim İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə Zakir
Yusifovun iddiası üzrə kasasiya şikayəti təmin edilib. Hakim
kollegiyası işin yenidən apelyasiya instansiyasında araşdırılması
barədə qərar qəbul edib. Qərarda qeyd olunub ki, apelyasiya
instansiyasında işə baxan hakim heyəti Zal Yusifova aid olan
"Humay" şadlıq sarayı və digər mülklərlə bağlı müvafiq qurumlara
sorğu göndərilsin.
Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə mülklərlə bağlı müvafiq quruma sorğu göndərilib.
Bu iş üzrə məhkəmə prosesi fevralın 1-nə təyin edilib. Həmin gün
sorğu ilə bağlı məsələnin araşdırılacağı gözlənilir.
Zal Yusifov "Humay" şadlıq sarayına olan mülkiyyət hüququnu
1992-ci ildə, evlərlə bağlı mülklərə isə mülkiyyət hüququnu 2002-ci
ildə alıb. 71 yaşlı Zakir Yusifov iddia edir ki, mülklərə sahib
olanda oğlu Zal Yusifov bankir yox, tələbə olub. Amma faktlar bunun
əksini söyləyir.
Heç kimə sirr deyil ki, bu mülklər Zal Yusifov bankir olandan,
daha dəqiq desək, vətəndaşların cibinə girəndən sonra salınıb.
"Humay" şadlıq sarayının hüquqi mülkiyyətini Zal Yusifov alan zaman
həmin şadlıq sarayının yerində köhnə, kiçik kafe olub.
Yaxın ərazidə yaşayanlar yaxşı xatırlayırlar ki, həmin yer
vaxtilə diskoteka olub, Zal Yusifov alaraq oranı kafe edib. Oğlu
bankir olandan sonra kafenin binası sökülüb və yerində böyük,
müasir standartlara uyğun şadlıq sarayı tikib.
Hər halda 2005-2007-ci illərdə Zakir Yusifov təqaüddə olub və o,
dövlətdən aldığı kiçik məbləğlə nə müasir standartlara uyğun şadlıq
sarayı, nə də bu qədər mülk tikdirə bilər.
Bankir atası özünü necə ifşa edir?
Mətbuat vasitəsilə "Texnikabank" olayından xəbərdar olduğunu
deyən "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyinin sədri
Niyaməddin Orduxanlının sözlərinə görə, külli miqdarda pulu və
əmlakı mənimsənilmiş 100-ə yaxın insana dəyən ziyan dərhal
ödənməlidir: "Məhkəmənin ortada qərarı var, qərar icra olunmalıdır.
Məhkəmə vasitəsilə sübut olunub ki, 80-dən çox insana maddi ziyan
dəyib. Azərbaycan hüquqi dövlətdir və insanların hüquqları bərpa
edilməlidir.
Bizim milli xüsusiyyətimiz var, insanlar illər ərzində topladığı
vəsaiti aparıb banka yatırır. Hamı fikirləşir ki, ən güvənilən yer
bankdır. İnsanlar pullarını etibarlı yerdə saxlamağı üstün tutur,
övladının gələcəyi, öz probleminin həlli üçün məhz illərlə pul
yığıb banka əmanət edir.
Kimsə min bir əziyyətlə toplanan əmanəti qeyri-qanuni olaraq
mənimsəyirsə, bu, qanunsuzluq və insafsızlıqdır. İşbazlar
bilərəkdən mənimsədiyi pullar hesabına aldığı mülkləri və ya iaşə
obyektlərini öz qohumunun, bəzi hallarda qohumluq əlaqəsi olmayan
etibarlı şəxsin adına rəsmiləşdirir ki, cinayət xarakterli əməli
ifşa olunanda, cinayət yolu ilə əldə etdiyi mülklər əlindən
çıxmasın".
Niyaməddin Orduxanlının sözlərinə görə, bu cür problemlər
dələduzların qanunvericilikdəki boşluqlardan istifadə etməsi
nəticəsində ortaya çıxır: "Aydın məsələdir, "Texnikabank"ın sabiq
rəhbəri də mənimsədiyi pullar hesabına aldığı şadlıq sarayı və 4
mərtəbəli villanı atası Zakir Yusifovun adına rəsmiləşdirib ki, hər
hansı "təhlükə" zamanı onları əlində saxlaya bilsin.
Məhkəmə mülklərin zərərçəkmişlərin pulları ilə tikildiyini
araşdıraraq ortaya çıxarıb. Bu faktın özü deməyə əsas verir ki,
ortada ciddi dələduzluq faktı var. Bu isə qəbuledilməzdir. Mən onun
tərəfdarıyam ki, nəyin bahasına olur-olsun vətəndaşa dəymiş maddi
ziyan ödənməlidir. Azərbaycan dövlətinin qanunvericiliyi də bunu
tələb edir.
Pulunu və ya əmlakını banka əmanət edən şəxslərin əmanətinin
bank müdiri tərəfindən şəxsi məqsədlərə istifadəsi və geri
qaytarmaqdan imtinası tamamilə qanunsuzdur. Zal Yusifovun
insanlardan mənimsədiyi pullar hesabına alınan mülklərin atası
Zakir Yusifovun adına rəsmiləşdirildiyi üçün geri qaytarılmaması
halını heç cür qəbul etmək olmaz.
Necə ola bilər ki, ayda 300-400 manat təqaüd alan Zakir Yusifov
milyonlarla dəyəri olan əmlaka sahib olsun? Həm də ortada oğlunun
milyonlarla vəsaiti mənimsəməsi faktı var... Təbii ki, 2 bloklu,
dörd mərtəbəli villa və şadlıq sarayı oğlunun vəsaiti hesabına əldə
edilib.
Belə cəzasızlıq mühitində kim insanlara təminat verir ki, sabah
başqa bir bank müdiri də eyni halı təkrarlamayacaq? Bu,
vətəndaşlarda böyük inamsızlıq yaradır. Azərbaycan vətəndaşı
görməlidir ki, məhkəmə dələduzun əldə etdiyi əmlakı geri qaytarıb
və zərərçəkmişin hüququnu bərpa edir".
"Elə adam tanıyıram, villasını qəbirqazanın adına
keçirib"
Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə
Mərkəzinin direktoru Rövşən Novruzoğlu hesab edir ki, Milli Məclis
zərərçəkmişlərin hüquqları ilə bağlı qanunlarda düzəlişlər etməli,
qanunvericiliyə onların hüquqlarına dair müddəa salınmalıdır:
"Bizdə demək olar ki, zərərçəkənlərin hüquqları ilə bağlı məsələ
nizamlanmayıb. Fikrimcə, Mülki Məcəllə, yaxud Cinayət Məcəlləsində
dəyişiklik edilməlidir. Hazırda buna daha çox ehtiyac var,
zərərçəkmişlərin hüquqlarına dair kitabçalar buraxılmalı və əhali
arasında paylanmalıdır.
Bu gün banklarda əmanəti batmış minlərlə insan var, bir evin 10
nəfərə satılması halları yetirəncədir. Hesab edirəm ki,
zərərçəkmişlərlə bağlı hüququ sənəd hazırlanmalı, onların haqlarını
müdafiə edən təşkilat və ya komissiya yaradılmalıdır. Dünya
praktikasında dələduzluqla bağlı maddə sıradan çıxarılıb, onun
yerinə daha sərt maddə əlavə edilib. Mənə elə gəlir ki,
Azərbaycanda da eyni tendensiyanın şahidi olacağıq.
Mən elə adam tanıyıram ki, 8-9 villasını qəbirqazanın adına
keçirib. Qəbirqazandan soruşuram ki, bu villa sənindir? Deyir, yox,
mənim adıma olsa da, mənim deyil. Biz araşdırmalar aparırıq, çox
maraqlı faktlar aşkarlanır. Konkret şadlıq sarayı və mülk
"Texnikabank"ın keçmiş filial rəhbərinin atasının adına
rəsmiləşdirilibsə, bunu aydınlaşdırmaq mümkündür".
QHT sədrinin fikrincə, gəlir bəyannaməsi haqqında qanunun
işləməməsi nəticəsində dələduzluq yolu ilə mənimsənilən mülk və ya
pulların başqasının adına keçirməsi halları çoxalıb: "Əgər hər bir
kəs əldə etdiyi gəlir haqda deklarasiya versə, qanunsuzluq da
azalar. İşbazlar cinayət yolu ilə əldə olunan vəsaiti başqasının
adına rəsmiləşdirirlər. Müəyyən adamlar qanunlardan çəkinmirlər,
ona görə də bu cür qeyri-qanuni hallar baş verir.
Məsələn, İsraildə "Mossad"da işləyən hər bir əməkdaş öz gəliri
haqda hər iki aydan bir bəyannamə verir. Qazanc hesablanır, maaşdan
artıq pul olarsa, dərhal həmin əməkdaş cinayətə cəlb edilir. Yaxşı
olardı ki, Azərbaycanda bu bəyannamənin verilməsi məsələsi
tənzimlənsin. Bundan başqa, əmanətlərin qaytarılması ilə məşğul
olan təşkilat da yoxdur ki, zərərçəkmişlərin hüquqları bərpa
olunsun".
Rövşən Novruzoğlu bildirib ki, "Texnikabank"ın sabiq rəhbərinin
qeyri-qanuni əldə etdiyi pullar hesabına aldığı mülkləri, xaricdə
bank hesablarındakı pulları, avtomobilləri, bir sözlə, ona aid
bütün əmlaklar alınaraq hərraca çıxarılmalı, əldə olunan gəlir
zərərçəkmişlər arasında qanuni şəkildə bölünməlidir: "Ən ədalətli
yol budur. Yaxasını kənara çəkib "yemişəm, dağıtmışam, itirmişəm"
ifadələri ilə zərərçəkmişləri dövlətdən küsdürmək olmaz.
Çörçillin bir sözü var: "Demokratik ölkədə zərərçəkmiş adam
olarsa, deməli, mənim şah dediyim dünyanı mat qoyar". 81 nəfər kimə
görə zərər çəkib? Bunlar şübhəsiz, bir nəfər oğru və dələduzun
hesabına olmayıb. Deməli, bu dələduz da kiməsə sığınıb, kimlərinsə
himayəsi ilə bu işi görüb. Belə olan halda bəs qanunlar harada
qaldı? Bu məsələlər kompleks şəkildə qoyulmalı və həll
edilməlidir".