Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün
2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə
qəbul imtahanının birinci mərhələsini keçirəcək.
TQDK-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə,
imtahan Respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə,
Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 imtahan
mərkəzində aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da
başlanır.
Ərizə verən bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın
internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə
etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap
etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və
digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin
əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni mütləq özləri
ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq
olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana
buraxılmayacaq.
Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun)
inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli),
informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i
açıq tipli) test tapşırığı təqdim olunur. Sualların
cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər
bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv
cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın
10-dan 19-dək aparılıb.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün 24 110 (ötən il 23
231) bakalavr ərizə təqdim edib. Onlardan 21 822 nəfəri Azərbaycan
bölməsi, 2 288 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə
verənlərin 10 281 nəfəri oğlan, 13 829 nəfəri isə qızlardır.
Bakalavrlardan 11 550 nəfəri cari ilin məzunları, 12 560 nəfəri isə
əvvəlki illərin məzunlarıdır. 63 nəfər xarici ölkə
vətəndaşıdır.
İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il
təvəllüdlü, ən gənc isə 1997-ci il təvəllüdlüdür.
Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 4, Naxçıvan 2,
Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada
təşkil olunacaq. Bakıda 19 905, Naxçıvanda 758, Gəncədə 2 185,
Mingəçevirdə 476, Şəkidə 371, Lənkəranda isə 415 bakalavrın imtahan
verəcəyi gözlənilir.
İmtahanın idarə olunmasına 168 imtahan rəhbəri, 1828
nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da
akkreditasiyadan keçən 30-dək KİV nümayəndəsi müşahidə edəcək.