Ana səhifə Toplum |
Şəkidə meşəlik ərazini kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan AQA Şirkətlər Qrupunun vitse-prezidenti Qafar Dəmirçinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Vəkilin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə verdiyi vəsatət təmin olunmayıb.
Qeyd edək ki, Qafar Dəmirçi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib və onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərdə müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Bu ittiham təsdiqini taparsa, Dəmirçi 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər.
AQA Şirkətlər Qrupunun prezidenti Qafar Dəmirçinin atası Aydın Dəmirçidir. Həmin şirkətə çoxsaylı plazalar - “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və s. daxildir. Bundan əlavə, şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” otelləri) da fəaliyyət göstərir.
Tarix
2024.12.16 / 10:38
|
Müəllif
Axar.az
|