Azərbaycan prezidenti İlham
Əliyevin 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat
Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində
işlərin sürətləndirilməsi haqqında" sərəncamına uyğun olaraq, 20
aprel 2016-cı ildə Azərbaycan ilə İran dövlət sərhədində, Astara
çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli
qoyulub, 1 mart 2016-cı ildən Astara stansiyasından İran dövlət
sərhədinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu
xəttinin tikintisinə start verilib.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat
Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Astara çayı
üzərində tikiləcək dəmir yolu körpüsünün aşırımında 8 ədəd 32 metr
dərinliyində özül qoyulub. Astara stansiyasından İran dövlət
sərhədinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolu xəttinin 5
kilometrində torpaq yatağının işlənməsi başa çatdırılacaq. Relyefi
mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Bu günə kimi
33970 kub-metr qum, 26000 kub-metr qaya daşı, 172732 kub-metr
çınqıl döşənib, 4388 köhnə dəmir-beton məmulatı döşənib. Ərazidə
çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğu
tikilməlidir. Bunun 4 ədədi artıq hazırdır. Eyni zamanda dəmir yolu
xəttinin çəkildiyi əraziyə düşən elektrik və qaz xətlərinin
köçürülməsi davam etdirilir. Bu işlər yaxın üç ay ərzində başa
çatacaq. Bu əraziyə düşən evlərin köçürülməsi prosesinə yaxın
vaxtlarda başlanacaq. Həm körpünün, həm də dəmir yolu xəttinin
tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması
planlaşdırılır.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında
razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci
ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə
daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il
tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan
"Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş"ə qoşulub.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin,
Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və
Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə
ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.