İntihar böyük günah hesab
olunur. Onları axirət dünyasında əbədi əzab gözləyir.
Bu sözləri Axar.az-a Məşhədi Dadaş məscidinin axundu,
ilahiyyatçı Hacı Şahin Həsənli son vaxtlarda ölkədə baş alıb gedən
intiharlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə,
intiharların başlıca səbəbi həyat haqqında yanlış
təsəvvürlərdir:
"Bu gün intiharların səbəbləri haqqında ciddi araşdırmalar
aparılır. Çox vaxt belə bir nəticə əldə olunur ki, intiharlar
adətən sosial məsələlərlə bağlı olmur. Yəni maddi rifahın yüksək
olduğu ölkələrdə intiharların sayı daha çox olur. İntiharların
səbəbi kimi təkcə maddi sıxıntını göstərmək olmaz. Çünki intiharlar
daha çox psixoloji səbəblərlə bağlıdır. Dini nöqteyi-nəzərdən
intihar böyük günah hesab olunur. İntihar edən insanları axirət
dünyasında əbədi əzab gözləyir.
İntiharın əsas səbəblərindən biri gənclərdə həyat haqqında
düzgün təsəvvürlərin formalaşmamasıdır. Biz övladlarımıza tərbiyə
verərkən birinci növbədə həyatı düzgün şəkildə onlara tanıtmalıyıq.
Həyatı həddindən artıq ideallaşdırmaq, həddindən artıq ümid
yolverilməzdir. Bəzən bu gözləntilər reallaşmayanda insanlar
intihara əl atır".
İlahiyyatçının sözlərinə görə, evdə valideynlər, məktəbdə isə
müəllimlər bu mövzuda təbliğat aparmalıdır:
"Uşaqlıqdan övladlarımızı bu ruhda tərbiyə etməliyik. Dünya
çətinliklərlə dolu bir məkandır. Yaşadığımız planet sıxıntı və
çətinliklərdən ibarətdir. Eyni zamanda dünya Allahın verdiyi bir
fürsətdir. Bu çətinliklər, sıxıntılar əslində bizim kamilləşməyimiz
üçün bir vasitədir. Yəni bu çətinliklər bizim bədbinliyə
qapılmağımıza səbəb olmamalıdır. Əksinə, həyatı problemləri ilə,
sıxıntıları ilə, acıları ilə sevməyi bacarmaq lazımdır.
İnsanların gizli istedadları var. Həmin istedad insan çətinliyə
düşərkən üzə çıxır. Bu ona bənzəyir ki, bizim daxilimizdə üzmək
bacarığı var, ancaq su ilə çarpışmasaq, bu bacarıq üzə çıxmayacaq.
Ona görə də həyatın hər bir çətinliyi əslində bir fürsətdir. Bütün
bunlar həm ailədə, həm də məktəbdə gənclərə izah olunmalıdır. Eyni
zamanda, din xadimləri də bu məsələlərdə ciddi şəkildə iştirak edə
bilərlər. Təhsil müəssisələrində insanlara yalnız elm və bilik yox,
həm də şagirdlərin bir insan kimi formalaşması aşılanmalıdır".
Qeyd edək ki, son aylar Azərbaycanda intihar hallarının sayı
artıb. İntihar edənlər arasnda orta məktəb şagirdlərinin olması isə
narahatlığı daha da artırır.