Axar.az APA TV-nin "Səsli tarix" layihəsinin qızılbaşlıq
fəlsəfi-dini inanc sisteminə həsr olunan növbəti buraxılışının
mətnini oxucular üçün çox maraqlı olduğunu nəzərər alaraq, təqdim
edir.
Proqramın aparıcısı tarix üzrə fəlsəfə doktoru, BDU-nun
Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm
Məmmədlidir.
Xürrəmilikdən sufiliyə,
sufilikdən hürufiliyə, hürufilikdən qızılbaşlığa...
"Qızılbaş" sözünə ilk dəfə XV-XVI yüzilliklərdə rast gəlinir.
Tarixçi Əbülxeyr Fəzullah ibn Ruzbеhanın "Tarixi Aləm arayi-Əmini"
əsərində aydın yazılıb ki, qızılbaşlara başçılıq edən Şeyx Heydər
babəkiliyin davamçısı idi. Əgər babəkilik xürrəmilik idisə,
xürrəmiliyin xəzərlərin dostu olan məzdəkilikdən qaynaqlandığı qeyd
edilirsə, deməli burada orta halqanı, yəni babəkilikdən
qızılbaşlığa gedən yolu tapmaq lazımdır. Əslində, simvolika eynidir
- qırmızı bayraq və qızıl papaq, yəni qırmızı çalma. Ortada sufilik
və hürufiliyi mütləq qeyd etmək lazımdır. Yəni, məzdəkilikdən
xürrəmilik yaranıbsa, xürrəmilikdən sufilik, sufilikdən hürufilik,
hürufilikdən isə qızılbaşlıq yaranıb.
Babəkilik təkcə qızılbaşlıq üçün bir mənbə deyil, eyni zamanda,
tariximizin ayrılmaz hissəsidir. Toponomikada Mingəçevir adının
mənşəyi haqqında müxtəlif versiyalar söylənir. Lakin mənbədə qeyd
edilir ki, vaxtilə Xilafət tərəfindən göndərilən Mingeçaur adlı
sərkərdə yerli əhalinin öz soyundan olduğunu görür, onların
tərəfinə keçir və ərəb ordusuna qarşı döyüşür. Üsyan yatırıldıqdan
sonra Mingeçauru qətlə yetirirlər. O, indiki Mingəçevir ərazisində
basdırılıb.
Yəni, qızılbaşlıq cərəyanı təkcə mənəvi qaynaqla əlaqəli deyil,
həm də tarixi miras olaraq babəkilikdən yaranıb. Qızılbaşlıq
cərəyanının əsasının 1293-1334 illərdə şeyxlik etmiş (1252-1334)
sufi alimi Şeyx Səfi tərəfindən qoyulduğu qeyd edilir. Lakin bu
məsələdə təkcə onun adını çəkmək düzgün deyil. Çünki Şeyx Səfi Şeyx
Zahid Gilaninin tələbəsi olub. Müəlliminin ona çox böyük hörməti
vardı, buna görə də o qızını Şeyx Səfiyə verib.
"Türkzadəm" deyə xitab edilən Şeyx Səfi
Qızılbaşlığın kökündə duran şəxsləri çox zaman müxtəlif
etnoslara aid etmə cəhdləri var. Onlara ərəb deyən də var, kürd
deyən də. Bu, xüsusilə, sovet şərqşünaslıq elmində meydana çıxıb.
Onları faktiki olaraq, türk soyuna mənsub edən alimlər də var. Şeyx
Zahid Gilani həmişə Şeyx Səfiyə müraciət edəndə, onun haqqında
danışanda "Türkzadəm", yəni türk oğlu deyərdi. Bu da təbii ki,
onların mənşəyinə aydınlıq gətirir. Sadəcə, qızılbaşlara qədər belə
bir qayda var idi: Sacilər, Salarilər, Eldənizlər, Qaraqoyunlular,
Ağqoyunlular dövlətlərinin mənşəyi tayfalar idi. Lakin
qızılbaşlığın qurduğu dövlət modeli müəyyən mənada tayfaçılıq
prinsipindən uzaqlaşaraq dövlətləşməyə yönəlmişdi, bu hərəkatın
meydana çıxması kökləri dərin olan Azərbaycan dövlətçiliyinin
fundamentini bərkitmək cəhdi idi. Buna görə də Səfəvilər dövlətinin
adını tayfa adı ilə adlandırmadılar. Bu isə Səfəvilərin Azərbaycan
tarixində olan müsbət dəyərlərindən biridir.
Səfəvilər tarixinin mərhələləri
Səfəvilərin tarixini çox zaman 2 mərhələyə ayırırlar. Amma 3
mərhələyə ayırmaq daha düzgün olar. Çünki ilk dəfə bu hərəkat
dərviş ordeni formasında yaranıb və ruhani həyatın təbliği ilə
məşğul olurdu. Əmir Teymurun yürüşlərindən sonra Səfəvi tarixinin
ikinci mərhələsi başlayır. Yəni, dövlətləşməyə doğru gedən yol.
Əmir Teymurun Anadoludan gətirdiyi əsirlər Səfəvi şeyxinin xahişi
ilə azadlığa buraxıldılar. Onlar Anadoluya qayıtmayaraq,
Azərbaycanda məskunlaşaraq türklərin sayını daha da artırdılar.
Səfəvilərin Ərdəbil hökmranlığından 1501-ci ilə qədər olan dövr isə
artıq dövlətləşməyə doğru gedən və daha çox hərbi-siyasi doktrina
əhəmiyyəti daşıyan mərhələdir. Artıq Şah İsmayıl ilə səfəvilərin
dini və dünyəvi hakimiyyətinin birliyi təcəssüm olunmağa başlayır.
Bu isə 1736-cı ilə qədər davam edib.
Bəzi tarixçilər 1501-ci ildən 1736-cı ilə qədər olan dövrü
müəyyən mərhələlərə ayırırlar. Məsələn, Şah İsmayıldan Şah Abbasın
hakimiyyətinin sonuna qədər olan dövr, Şah Abbasın hakimiyyətinin
sonundan sülalənin hakimiyyətdən getməsinə qədər olan dövr.
Səfəvilər dövləti süqut etməyib. Sadəcə, Azərbaycan taxtında
Səfəvilər sülaləsini digər tayfa - Əfşarlar əvəz edib.
Qızılbaşlığı həm ideoloji sistem, eyni zamanda, siyasi-iqtisadi
görüşlərin toplusu kimi də qəbul etmək olar. Səfəvilərdə ilk
dönəmlərdə tərki-dünyalıq, ruhanilik, dünya malına göz dikməmək
kimi xüsusiyyətlər nəzərə çarpırdı. Bu tam olaraq, sufilikdən gələn
sistemdir. Eyni zamanda bu sistem sosial ədalət prinsipi, mülklərin
bərabər bölünməsi kimi prinsipləri də özündə ehtiva edir.
Qızılbaşlıq - türk islamının simvolu
Tarixşünaslıqda qızılbaşlığa necə baxılır? Qızılbaşlığın sonrakı
mərhələsindən bugünkü İran şiəliyinin meydana gəlməsi qızılbaşlığın
günahı deyil. Bugünkü İran şiəliyi ilə qızılbaşlığın arasında
bərabərlik işarəsinin qoyulması da düzgün deyil. Bunlar tamamilə
fərqli cərəyanlardır. Bəzi Avropa tarixçiləri güman edirlər ki,
guya qızılbaşlıq təriqəti ona görə uydurulmuşdu ki, ərəblər
Əhəmənilərdən sonra farsların ikinci böyük dövləti olan Sasaniləri
devirdilər və islam dini təsirini itirdiyinə görə farslar
tərəfindən yeni dini inanc sistemi yaradıldı. Amma qızılbaşlıqda
fars dini inanc sistemindən heç bir element yoxdur. Ortodoks islama
azca da olsa, uyğun gəlməyən istənilən dini cərəyanı şiəlik kimi
qələmə verirlər, məsələn, qərmətləri, ismayillilər. Əgər
qızılbaşlığın ideoloji prinsipinə nəzər yetirsək, görərik ki, bu,
daha çox türk şamançılığından süzülüb gələn ənənələrdir. Məsələn,
Cem evlərinin təşkili. Deyilənə görə, qızılbaşlar ona görə məscidə
getmirdilər ki, Həzrəti Əli orada qətlə yetirilmişdi. Digər
tərəfdən, "Qurani-Kərim"də qeyd olunur ki, "Yer üzünü sizə məscid
qıldıq". Bunu nəzərə alsaq, qızılbaşlar daha çox "Qurani-Kərim"ə
dayanaraq düşünürdülər ki, namaz qılmaq üçün mütləq məscidə getmək
lazım deyil.
Cem evlərində həyata keçirilən ayinlərə fikir versək, görərik
ki, hamısı tamamilə şaman rəqsləridir. Məşhur türkoloqlar, məsələn,
Farrux Sumer, Əbdülqadir İnan qeyd edirlər ki, şamançılıqla
qızılbaşlıq arasında həddən artıq uyğunluq var. Qızılbaşlıq türk
islamının simvoludur. Çünki ayinlərin icra edilməsində qadınlarla
kişilərin bərabərlik məsələsi var.
Qızılbaşlar - Həzrət Əli aşiqləri
Təəssüf ki, babəkiliyə olan kimi, qızılbaşlığa da müxtəlif
xoşagəlməz damğalar vurulur. Hətta onları dinsiz adlandıran da var.
Lakin onların dilindən Məhəmməd və Əli kəlmələri düşmür. Ələviliyi,
yəni bugünkü Türkiyə qızılbaşlığını araşdıran alimlərin əksəriyyəti
belə bir faktı qeyd edirlər ki, qızılbaşlıqda Həzrəti Əliyə həddən
artıq məhəbbət var. Çin mənbələri qeyd edirlər ki, qədim türk inanc
sisteminə görə, türklər ən çox savaş tanrısı Alo şana inanırdılar.
Həzrəti Əli də islam dinində aparıcı qüvvə olduğuna görə, türkün
şüurunda Alo şanla eyniləşdirilir. Onda xas olan xüsusiyyətlər
Həzrəti Əliyə də aid edilir. Hətta qızılbaş rəvayətlərində Məhəmməd
peyğəmbərin özünü də qızılbaş hesab edirlər. Çünki Uhud döyüşündə
Məhəmməd peyğəmbərin başı yarılır, onun başındakı qırmızı çalmanı
sonradan Həzrəti Əli başına qoyaraq döyüşə girir. Qızılbaşlar inanc
sistemlərinə bu cür don geyindirməyə çalışırlar.
"Ələvilik dünən və bu gün" əsərində xüsusi qeyd edilir ki,
bugünkü Yakut şamanları da dini ayinləri icra edərkən mütləq
başlarına qırmızı papaq qoyurlar. Bəs Səfəvilikdə bu özünü necə
əksini tapdı? 12 imamın şərəfində 12 dilimli çalma qoyulması ilə.
İstənilən inanc sistemi yeni cəmiyyətə uyğunlaşarkən o cəmiyyətə
məxsus xüsusiyyətləri qəbul etməyə çalışır. Qızılbaşlıq da türk
inanc sisteminin islama uyğunlaşdırılması cəhdi idi.
Qızılbaşların dövlət qurmaq cəhdləri
12 dilimli papaq qoyulması daha çox Şeyx Heydərdən sonrakı dövrə
təsadüf edir. Onun atası Şeyx Cüneyddən başlayaraq, ruhani həyat
keçirən qızılbaşlar artıq dövlət qurmaq uğrunda mübarizəyə
başlayırlar. Mübarizənin önündə Şeyx Cüneyd dayanır. O, Ağqoyunlu
sülaləsindən olan şahzadə xanımla, daha dəqiq desək, Həsən
Bayandurlunun bacısı ilə evlənmişdi. Bu izdivacdan dünyaya gələn
Şeyx Heydər isə Həsən Bayandurlunun qızı ilə evlənmişdi. Faktiki
olaraq, Bayandurlu sülaləsi ilə qohum olan sülalə idi. Bu da
müəyyən mənada qızılbaşların dövlətləşməsinə xidmət etdi.
Təəssüf ki, o dövrün Azərbaycan hökmdarları, xüsusilə
Şirvanşahlar qızılbaşlıq təriqətinə qısqanclıqla yaşanırdılar. Məhz
buna görə Şeyx Cüneyd sayca çox olan düşmən qüvvələr, yəni
Qaraqoyunlular və Şirvanşahların ordusu tərəfindən darmadağın
edilmişdi. Şeyx Cüneydin məzarı Qusar rayonunun Həzrə kəndindədir.
Atasının yolunu davam etdirən Şeyx Heydər 1487-ci ildə şəhid olur.
Bu dəfə qızılbaşlar Ağqoyunlu hökmdarı Sultan Yaqubun və Şirvanşah
Fərrux Yasarın birləşmiş qüvvələri tərəfindən məğlub edilir.
Körpə İsmayılın əsirlik həyatı, Şəmasi
müsibəti
Şah İsmayıl hakimiyyətə gələndən sonra atasının da, babasının da
qisasını müəyyən mənada almış olur. Şah İsmayıl çox böyük
çətinliklərlə böyümüşdü. Hələ körpə ikən əsir saxlanılıb. Bəziləri
anası və üç övladının Van gölündəki Axtamar monastırında, bəziləri
isə İstəxr qalasında saxlandığını qeyd edirlər. Təəssüf ki, Türkiyə
tarixşünaslığında İsmayılın şəxsiyyətinə kölgə salmaq məqsədilə
yazılır ki, guya anasını öldürtdürüb. Amma bu yanlış fikirdir.
Çünki Şah İsmayılın ailəsi, böyük qardaşları Sultanəli və İbrahim,
anası Aləmşahbəyim Şəmasi müsibəti zamanı həlak olmuşdular. Bu
hadisə isə 1494-cü ildə baş verib. 1488-ci ildə doğulmuş uşaq
anasının ölümünə 1494-də necə fərman verə bilərdi? Hətta bir yalan
da uydurulmuşdu ki, Aləmşahbəyim sünni idi və Şah İsmayılın
apardığı siyasətdən narazı qaldığına görə öldürülmüşdü. Halbuki,
onun əsl adı Marta idi. O xristian idi və xristian olaraq da
dünyasını dəyişdi.
Osmanlının yeniçəri ordusu, Səfəvilərin türk
ordusu
Səfəvilərdə dinini məcburi şəkildə dəyişmək doktrinası yox idi.
Müqayisə etsək, görərik ki, Osmanlı ordusu daha çox devşirmələrin
və yeniçərlərin üzərində dayanmışdı. Səfəvilərdə isə bunun tam əksi
idi. Kiməsə dini məcburi qəbul etdirmək yox idi. Osmanlı
folklorunda tərsa gözəli ifadəsinə rast gəlinmir. Lakin bizim
folklorumuzda, mahnılarımızda bu ifadə var. Əgər Osmanlıda xristian
uşaqları islamlaşdırıldıqdan sonra devşirmə, yaxud yeniçəri
formasına salınırdısa, Azərbaycan Səfəvi dövləti Azərbaycanda
yaşayan türk tayfalarına əsaslanırdı. O tayfaların adları belə var.
Oruc Bayat əsərində 12-dən 20-yə qədər tayfanın adını çəkir -
əfşar, qacar, zülqədər, borçalu, şamlı, rumlu, ustaclı, varsağı,
ərəş, qıpçaq... Məsələn, Şah İsmayılın əsas lələlərindən biri
qıpçaq adını daşıyırdı. Bu da onu göstərir ki, qızılbaşlıq
ideologiyası əsasında qurulan Səfəvilər dövlətinin etno-siyasi
bazası Azərbaycan türkləri idi.
Bəzən Şah Abbası qınayırlar ki, guya ki, bu dövləti fars
dövlətinə çevirdi. Kökündən yanlış fikirdir. Abbasın dövründə belə
dövlətin dayaqları türk tayfaları idi. Ordunun bazasını 300 minlik
qızılbaş süvariləri təşkil edirdi. Sadəcə, Abbas ordu quruculuğunda
Osmanlı dövlətinin prinsiplərindən istifadə edir. Məsələn, qulamlar
dəstəsi yaradılır. Xristianlıqdan islama keçmiş gənclərin
əksəriyyəti orduya çağırılır və onlardan şah qvardiyası üçün
qulamlar hazırlanır.
Qızılbaşlıq Nadirin dövründə bir qədər deformasiyaya uğrasa da,
sonradan Qacarlar dövründə bu cərəyan yenidən əsas doktrinalardan
birinə çevrilir. Xüsusilə, Fətəli şah Qacardan sonra hakimiyyətə
gəlmiş II Məhəmməd Qacarın dövründə qızılbaşlıq Məmləkəti Məhrusi
Qacarın aparıcı doktrinasına çevrilir. Sonradan qızılbaşların həyat
tərzi ruhani aləmindən qopardılaraq, qeyri-türklərin əlində alətə
çevrildiyindən qızılbaşlıq ideologiyası zəifləməyə başlayır.
Şah İsmayıl özünü Tanrı elan etməyib, o Tanrı aşiqi
olub
Bəzən bugünkü İran şiəliyində mövcud olan islamdan uzaq düşən
bəzi məqamlar var ki, onları qızılbaşların adına yazmaq istəyirlər.
Məsələn, Şah İsmayılın özünü Tanrı elan etməsi. Onun əsərlərində
belə bir şey yoxdur. Vaxtilə Krımski soyadlı sovet şərqşünası belə
bir ifadə işlədib ki, qızılbaşlığı dərk etmək üçün Şah İsmayılın
şeirlərinə müraciət etmək lazımdır. Onun şeirlərində bidətçiliyə
rast gəlinmir. Şah İsmayıl Həzrəti Məhəmməd və Həzrəti Əlini vəsf
edən şairdir. Şah İsmayıl sosial-siyasi bazasını öz şeirlərində
ifadə edir. Təəssüf ki, babəkiliklə qızılbaşlığı birləşdirən fikir
cərəyanı əxilik bəzən unudulur. Sonradan Avropanın əxz etdiyi
masonluq faktiki olaraq, əxilikdən gələn cərəyan idi. Şah İsmayıl
bunu öz şeirində qeyd edir:
Şahın imanına iqrar edənlər,
Qazilər, əxilər, abdallar oldu.
Abdal deyəndə ağ hunların nəsillərindən olan, eramızın ilk
illərindən Azərbaycan ərazisində yaşayan ağ hunlar nəzərdə tutulur.
Azərbaycan ərazisində Abdal adlı yaşayış məskənlərinə rast
gəlinir.
Şah İsmayıl insanın Allah tərəfindən yaradılmasını inkar
etmirdi. Eyni fikri İmaməddin Nəsimi haqqında da söyləyirdilər.
Guya hər ikisi dinsiz olub, Allahı inkar ediblər. Bu, ərəb dilini
bilməməklə əlaqədardır. Nəsimini bu sətirlərə görə tənqid edirlər:
"Haqq mənəm, haqq məndədir, haqq söylərəm". Haqq sözü iki mənada
işlənir. Biri doğru mənasındadır. Burada hansı bidəti görmək
olar?
Dərsliklərdə qeyd olunur ki, Nəsiminin varisləri olan Füzuli və
Xətai panteist fəlsəfə tərəfdarlarıdırlar. Çox adam panteist
sözünün mənasını bilmədiyindən bunu dinsizlik hesab edir. Halbuki,
panteizm hər yaradılışda Allahı görməkdir. Yəni, istər Nəsimi,
istərsə də Xətai insanları bir-birini sevməyə təlqin edirdi.
Səfəvilərin sökülməkdə olan daş irsi
Bu gün İranda nəinki qızılbaşlıq ideologiyasını, eləcə də
onların maddi mədəniyyətini silməyə cəhd edirlər. Şah İsmayılın,
Şah Təhmasibin, Məhəmməd Xudabəndənin, Şah Abbas və digər Səfəvi
şahlarının dövründə mətbuat olmadığına görə, məscidlərin qarşısında
kitabələr qoyulardı. Cümə namazına gələnlər məmləkətdə baş verənlər
barədə bu kitabələrdən xəbər tutardılar. Bu gün o daşların
sökülməsinə başlanıb. Çünki o daşların əksəriyyəti türkcə
yazılıb.
Qızıla tutulan başlar
Qızılbaşlıq təbərra və təvəllanı təbliğ edir. İslam dinində elə
bir adam tapılarmı ki, Həzrəti Əlini sevməsin? Həzrəti Əlini sevmək
qızılbaşlıqdırsa, belə çıxır ki, bütün islam aləmi qızılbaşdır.
Mənbələrin birində qeyd olunur ki, Mərv döyüşündən sonra Şah
İsmayıl öldürülən Şeybani xanın başını qızıla tutaraq Sultan Səlimə
göndərir. Sultan Səlim isə deyir ki, onun qızılı bu qədərmi çoxdur
ki, hər öldürdüyünün başını qızıla tutur? O zaman fars vəziri
deyir: "Sultanım, İsmayıl söylədi ki, Şeybani xan qızılbaş oldu.
İndi növbə sənindir".
Əgər qızılbaşlıq islama bidət, əks bir dini cərəyandırsa, necə
olur ki, bugünkü Hindistan, Pakistan, Əfqanıstandakı müsəlmanlar
qızılbaşdırlar? Sadəcə, qızılbaşlığı digər şiə təriqəti adı ilə
adlanan ismayillilik, qərmətilik, heydəriliklə qarışdırmaq lazım
deyil. Qızılbaşlıq ayrıca araşdırma mövzusudur. Və bu vəzifə
bugünkü nəslin üzərinə düşür.
Suriyada, İranda qalmayan, Əfqanıstanda, Bolqarıstanda
isə qorunan qızılbaşlıq
Bugünkü dəfn mərasimində, toy, nikah adətlərində islam pərdəsinə
bürünmüş yetərincə qızılbaşlıq və qızılbaşlıqdan gələn şamançılıq
izləri qalıb. Bu gün Suriyada, Livanda, eyni zamanda, İrandakı
şiələrə qızılbaş deyə bilmərik. Ancaq Hindistan, Pakistan,
Əfqanıstandakı qızılbaşlar İran şiəliyindən tamam fərqli fikir
cərəyanına xidmət edirlər. Yaxşı ki, onlar qızılbaşlığın modelini
qoruyub saxlaya biliblər. Qərbdə - Bosniya və Hersoqovina,
Bolqarıstanda qızılbaşlıq qalmaqda davam edir. Bu addan istifadə
edərək Türkiyədə qızılbaşlıq tamamilə başqa, mənfi formaya salınıb.
Bunları bir-birindən ayırd etmək lazımdır.
Bəktaşilik, nəqşibəndilik - qızılbaşlığın fərqli
formaları
Türkün İslamı qəbul etdikdən sonra formalaşan inanc forması
qızılbaşlığı yaratdı. Müsəlman türk və qızılbaş demək olar ki,
eyniyyət təşkil edirdi. Türküstandakı ayrı-ayrı təriqətlərə baxaq -
nəqşibəndilik, bəktaşilik...
Qızılbaşlıq birdən-birə yaranmayıb. Bir tərəfdən babəkilik,
hürufilik var idisə, digər tərəfdən XIII-XIV əsrlərdə yüksək
səviyyəyə qaldırılan bəktaşilik, ceylanilik və nəqşibəndilik var
idi. Faktiki olaraq, məlum olur ki, bunlar qızılbaşlığın müxtəlif
formalarıdır.
Səfəvi-Osmanlı savaşları dövründə Osmanlının təzyiqləri
gücləndirildi. Bir tərəfdən qızılbaşlıq təqibə məruz qalırdısa,
digər tərəfdən də tərəfdarları artırdı. Bu zaman qızılbaşların
cərgəsinə türk olmayan ünsürlər də qoşulurdu. Qızılbaşların I
Qurultayı 1500-cü ildə bugünkü Ərzincanda keçirilib.
Sadəcə, qızılbaşlığa qarşı etiraz, digər tərəfdən cümhuriyyətdən
sonra isə təqiblər dayandırıldıqdan sonra qeyri-türk ünsürlər, guya
müsəlman olmaq üçün, sanki islamdan fərqlənən bir cərəyan kimi
qızılbaşlığa qoşuldular. Nəticədə, qızılbaşlıq Türkiyədə bir,
İranda başqa formada mahiyyətini itirdi.