Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Zooloji Parkında bayram tədbiri keçirilib.
Axar.az xəbər verir ki, Bakı Abadlıq Xidmətinin dəstəyi ilə baş tutan “Gələcək uşaqlara məxsusdur” adlı şənlikdə 2 və 3 saylı uşaq evləri, “Ümid yeri” uşaq sığınacağı, həmçinin 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, 5 nömrəli Respublika xüsusi təyinatlı internat məktəbi, 8 nömrəli sanatoriya tipli internat məktəbi və 2 nömrəli xüsusi internat məktəbindən ümumilikdə 300-dən çox uşaq iştirak edib.
Şənlik boyunca uşaqların əyləncəli və yaddaqalan gün keçirməsi üçün zəngin proqram hazırlanıb. Zooloji Parkın müxtəlif guşələrində təşkil olunan oyunlar və müsabiqələr balacaların böyük marağına səbəb olub və qaliblər hədiyyələrlə sevindirilib. Sehrbazların çıxışları, cizgi film qəhrəmanlarının iştirakı və interaktiv viktorinalar tədbirə rəng qatıb, uşaqlara sevincli anlar yaşadıb.
Tədbir çərçivəsində uşaqlara yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı da yaradılıb. Onlar təbii materiallardan oyuncaqların hazırlanması, ekoçantaların bəzədilməsi, rəsm çəkmə, gips lövhələrin rənglənməsi və üz boyama kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.
Maarifləndirmə komponenti də tədbirin əsas istiqamətlərindən biri olub. Zooloji Parkın lektoriyasında uşaqlara heyvanların həyat tərzini əks etdirən animasiyalar nümayiş etdirilib, onların biologiyası və davranış xüsusiyyətləri haqqında maraqlı təqdimatlar keçirilib. Açıq hava ekskursiyası zamanı isə balacalar heyvanların xarici quruluşu və həyat şəraiti haqqında əyani şəkildə məlumatlandırılıblar. Təbiətə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaq və heyvanlara qarşı mərhəmət hissini aşılamaq məqsədilə uşaqlara bəzi heyvanlarla birbaşa təmasda olmaq, onları bəsləmək və qulluq etmək fürsəti də verilib.
Günün sonunda IDEA İctimai Birliyinin “Sevincini bölüş” kampaniyası çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilmiş ianə qutularında toplanan istifadəyə yararlı oyuncaqlar bütün uşaqlara hədiyyə olunub. Uşaqlar üçün xüsusilə sevindirici olan bu təşəbbüs onlara təbəssüm, sevinc və bayram əhval-ruhiyyəsi bəxş edib. IDEA İctimai Birliyi kampaniyanın uğurla həyata keçirilməsinə töhfə verən, bu nəcib təşəbbüsə dəstək göstərən bütün iştirakçılara və könüllülərə öz dərin təşəkkürünü bildirib.