İslam - təriqətlər və siyasət
Təriqətlərin nəliyindən bir-iki söz
İslamda təriqətlərin olmasından demək olar ki, hamı narazıdır.
Narazılıq kölgəsi Nurçuların və onların bir qolu olan Gülənçilərin
hizmət (xidmət) hərəkatının da üstündə gəzir. Hərçənd mən Gülən
hərəkatını (və elə bütün Nurçuluğu) təriqət adlandırmazdım. Təriqət
ərəbcə yol deməkdir. İslamda təriqət ayrıca bir yoldursa, o başqa
yollardan ehkam, təməl prinsipləri ilə (daha doğrusu, onların
yozumu) ayrılmalıdır. Məsələn, Sələfilik başqalarından belə
ayrılır. Allahın birliyini (tovhidi) onlar sünni və şiələrdən tamam
başqa cür anlayırlar: Allah birdirsə, başqa heç nəyi
ilahiləşdirmək, qutsallaşdırmaq olmaz. Ona görə də müqəddəslərin
qəbrini ziyarət etmək Allaha şərik qoşmaqdır.
Nurçuluqda və Gülənçilikdə gəlnəksəl İslamdan fərqlənən elə bir
ciddi nəsnə görmək olmaz. Onların Quran yozumu (təfsiri) yeni İslam
qavrayışına gətirmir. Bu mənim təriqətlərlə ilgili bir
haşiyəmdir.
Təriqətlərin qaçılmazlığı
Ancaq dedim ki, İslamda təriqət adlandırılan budaqları, qolları
heç kim sevmir. Hər yerdə biz İslamın budaqlanmasını,
təriqətləşməsini görürük. Di gəl hər yerdə də hər qol, hər təriqət
özünü düz, o birilərini yanlış sayır.
Əş-Şəhristaninin "Dinlər və təriqətlər haqqında kitab"ı
sektaları qaçılmaz bəla kimi göstərirdi: maqların 70, yəhudilərin
71 (bu, düz deyil), xristianların 72, müsəlmanların 73 təriqəti
var. Daha sonra bildirirdi ki, müsəlman təriqətlərindən yalnız biri
doğru olacaq. Çünki olanmaz ki, mübahisə edənlərin hamısı düz
olsun.
Əş-Şəhristani bir önəmli məsələni də söyləmişdi: təriqətləşmənin
başında şübhə durur. Birinci şübhə İblisdə olub, Allah ona lənət
eləsin! Dekart xeyli sonralar şübhəni, quşqunu biliyin əsası
sayırdı. Şəhristani isə gördük ki, şübhəni təriqətləşmə bəlasının
nədəni hesab edir.
Azərbaycanda "yumruq kimi bir olmaq" sevgisi var, əsas bəlamızı
birliyimizin olmamasında görürlər. Beləcə, çağdaş azəri bilinci
çoxculluqdan, plyuralizmdən qorxur. Bu qorxu ilkində Platonda olub.
O sayırdı ki, varlıq Bir olandan yumaq kimi açıla-açıla törəyib.
Ona görə də maddi dünyada açılmış yumağın ip dolaşığı, çoxluğu var.
Çoxluq olan yerdə dildişgənlik, toqquşmalar olur. Ona görə də maddi
dünya pisdir.
Təxminən eyni məntiqlə dinlərdə təriqətləri pisləyənlər
düşünürlər. Təriqətlər çoxluq və deməli, İslama didişmələr gətirir.
Ancaq bu suçlamada problem ondadır ki, hər təriqət İslama
təriqətsizlik arzulayanda özünü İslam kimi görür. Şiəlik də elədir,
Sünnilik də. Halbuki tarix göstərir ki, onların heç biri bütün
müsəlmanların əqidəsinə çevrilə bilmirlər.
Çıxış yolu
Bax, bundan düşüncə çıxarmaq olar. Bəlkə İslamı təriqətsiz
etməmək olmursa, onların çoxluğunu qəbul etmək, onları pisləməmək
düz olar?!. Belənçidə bəlkə təriqətləri pisləmək yox, təriqətlərin
bir-birinə yanlış münasibətlərini pisləmək lazımdır?! Bunun üçün
hər İslam təriqəti bilməlidir ki, dində gerçəyin, həqiqətin
inhisarı yoxdur. Sənət növlərinin necə birini düz, o birilərin əyri
saymaq olar?! Kino, teatr, musiqi hərəsi mənəviyyat məsələlərini
düşünmək üçün öz dilini, öz modelini, öz kurallarını verir.
Kinematoqraf üzdə bütün başqa sənət növlərindən üstün görünür.
Ancaq bir də görürsən ki, böyük kinorejissor filmini musiqi
biçimində qurub, deməli, kinonun dilini musiqidən aşağı sayıb.
Bax, bütün bu kimi səbəblərə görə hesab etmək olar ki, İslamda
bir-birinin başını kəsən, məscidini partladan təriqət
biabırçılığından qurtulmaq üçün bütün təriqətləri dinimizin
zənginliyi saymaq gərəkir. Bunu pastulatlaşdırandan sonra isə hər
təriqəti hansı dildə, hansı modellərdə mənəviyyatı açmasına görə
öyrənmək lazımdır. Mən bir dəfə irəli sürmüşdüm ki, Şiəlik
faciəvilik estetikasında ibadəti mənimsəməkdir. Bektaşilik isə
gülüş dilində.
Xristianlıq İsusla bağlı faciəvilik üstündə qurulub, ancaq göz
yaşları bu konfessiyada Şiəlik dərəcəsində deyil. Fətulla Gülənin
moizələrində göz yaşları yüksək etki gücünə malik olsa da hər halda
Sünnilikdə Şiə faciəviliyi yoxdur. Mən bu sözləri təriqətlərin və
konfessiyaların ayrı-ayrı dünya modelləri kimi araşdırılmasının
dəyərini göstərmək üçün söylədim.
Siyasi İslam aldanışları necə dağılır
İndi isə bəzi təriqətlərin yol verdiyi əyriliyə baxaq
Sadəlövh imanı dağıdan olaylar
İslamın paradoksu odur ki, bir çox düşmənləri, bir çox gec
partlayan bombalar başqa yerə yox, məhz onun içinə qoyulub.
Əslində, bu sözlər bütün dinlərə aiddir və görünür, bu, Tanrının
hikmətidir. Ancaq biz bütün dinlərdən yox, öz dinimizdən
danışaq.
Allah-təalanın hətta möminlərə verdiyi psixolojinin, bilincin
içində belə, çoxlu gizli tətələr var. Dərin möminlik özünün imanlı
olmasından özünə heyran qalıb təkəbbürlü, narsist olmaq deyil.
Dərin möminlik həzrət Əli kimi din və dünya işlərində birdən
yanlışa yol vermək quşqusu, şübhəsi ilə yaşamaqdır. Din məsələsində
necə deyərlər "çayı üfürə-üfürə" içməkdir. Mən bu girişi onun üçün
verirəm ki, siyasi İslamın mənəvi İslama vurduğu zərərlərdən
danışım.
Allah-təala insan psixolojisini elə "yapıb" ki, imanın ümmanına
dözəmmir və görürsən ki, ən mömin adam belə, bir də ayılır ki,
Allahdan azıb gedib. Azanların bir kəsimi Allahı tapmaq üçün
aza-aza gedib çıxır taquta və onu allah sayır. Başqa kəsim isə
azmışlıqdan O-na qayıdır. Əski türklərin sitayiş, ibadət anlamında
işlətdiyi "tapınmaq" sözü mənə bu durumu açır. İbadət Allah üçün
tapılmaqdır.
İBADƏT ÖZ ITMIŞLIYINI, AZMIŞLIĞINI GÖRÜB, BILIB QAYITMAQ ÜÇÜN
CƏHDLƏR (CIHAD) ETMƏKDIR.
İman cibə qoyulmuş vəsiqə deyil
Beləliklə, refleksiya edən, yəni özünü saf-çürük edən bilinc,
şüur daşıyıcısı olan mömin adam bilir ki, necə onun Allaha
sevgisinin, özünü yetkin iman adamı saymasının içində təhlükələr,
mifoloji dildə desək, İblis əməlləri gizlənib.
Biz unutmamalıyıq ki, Allah insanla ilişgilərini ÇAŞDIRICI
SONSUZLUQ üstündə qurub. Sən Onu bilməyin, Onu sevməyin, Onun
buyurduqlarını etməyin bir növünü tutub gedirsən, bundan mənəvi
həzz, mutluluq alırsan. Ancaq ala-ala belənçi gedəndə və bunu
Allaha doğru bircə, tam düzgün yol sayanda, ona görə də başqa
yollara xor baxanda həməncə Allahdan azırsan. Hətta küfrə
düşürsən.
Tanrını bilməyin, sevməyin, Tanrıya bağılılğın növləri
sonsuzdur, bu sonsuzluq həm çaşdırır ona görə ki, sən Ona sufii,
Şiə, Sünni, Xristian yolların olduğunu biləndə bu türlülükdən çaş
qalırsan. Qarşısındakı hədəflərin çoxluğundan hansına tullanmağı
biməyən pələng kimi donuxub durursan.
Bu sonsuzluq həm də çaşdırır ona görə ki, bir ibadət yolunda çox
qalanda başqa yollar gizlindən sənin rahatlığını dağıdır, çünki sən
bir yolda qalmaqdan bezirsən. Namazı vəzifə kimi qılıb bundan
öncələr olduğu qədər duyğulanmayan o qədər adam var ki. O QƏDƏR
HACI VAR KI, ÇOX ZIYARƏTDƏN SONRA DAHA KƏBƏNI YOX, QARA KUBU
GÖRÜR.
Siyasi İslama qarşı ən ciddi ittiham
Bu ittihamı 90-cı illərdə mən qəzetlərin birində yazmışdım:
siyasət yanlış addımlar, amansız davranışlar, korrupsiya, korlanma
qorxuları ilə doludur. Siyasət heç də mənfur deyil. Ancaq siyasət
cərrahiyyə kimidir, o qədər qana, çirkə batır ki. Toplumun
problemlərini nə ədəbiyyatla, nə fəlsəfə ilə, nə əxlaqla çözmək
olar. Toplumu dərdlərdən yalnız siyasətlə sağaltmaq olar və
effektli siyasət bu zaman dini mənəviyyatdan, ədəbiyyatdan,
yararlana bilər. Ancaq hətta yaxşı işləri görən siyasət belə, o
qədər intriqalarla, yalanlarla, bleflə doludur ki. Ona görə də
deməliyik: əgər hansısa siyasi güc, hərəkat İslamı bayraq tutaraq
hakimiyyətə gəlirsə, sonradan camaatın gözündə onun qaçılmaz
ləkələri, suçları İSLAMIN LƏKƏSİ, İSLAMIN SUÇU OLUR (daha düzü,
İslamın ləkəsi, suçu kimi görünür).
Sanki siyasilər siyasəti ona görə İslamlaşdırmaq istəyirlər ki,
düzlük, birlik, mənəviyyat olsun. Sanki BİR OLAN ALLAHA bütün
siyasilərin bağlanması onların bir-birinə bağlanmasının qarantı
olur. Ancaq Türkiyədə AK parti ilə Fətullah Gülənçilər arasında
olan dəhşətli ədavət siyasəti gözəllik naminə İslama bağlamağın
bütün puçluğunu açdı. Demə, gündə namaz qılıb, vaxtında oruc tutub,
savab işlərlə məşğul olmaq Ərdaoğançılarla Gülənçilərin ölkə və
xalq uğrunda birliyinə dayaq, əsas ola bilmir. Ancaq əvəzində bu
ədavət, - hətta Ərdoğan və Fətulla Gülən bir-birinin adlarını
çəkməkdən çəkinsələr belə - onların ikisinin də sevdiyi İslamın
önünü ləkəli pərdə ilə örtür. Ona görə İSLAMI SİYASİ RİNQDƏN
ÜRƏKLƏRƏ ÇƏKİB AYIBLAR, QOVĞALAR MEYDANINDAN ÇIXARMAQ düz
olmazmı?!
İslamda fərdiləşmə dönəmi gəlməlidir
Cümə namazı ideyası möminlərin birgəliyi üçündür. Ancaq bundan
yanlış sonuclar çıxarılıb: İslam bayraq ətrafında birləşmiş ordu
kimi olmalıdır. Sufilər isə yığnaqdan qırağa çəkilib üzlətdə
(küncdə) ibadət edirdilər. İndi İslamın və İslam təriqətlərinin
yığnaq sevgisi ilə sağollaşmaq vaxtıdır. Orduda əsgər vint,
makinanın detalı kimidir. Möminlər yığnaq gücündən yox,
fərdiləşməkdən enerji almalıdırlar. İslam siyasi azmanlığın yox,
mənim, sənin fərdiliyimizin, ekzistensiyamızın dini olmalıdır.