İntellektual dərnəyimiz
80-cı illərdə biz – Vaqif İbrahimoğlu, Kamal Abdulla,
Əli Abbasov, Rəhman Bədəlov, Elçin Məmmədov, Zeynal Məmmədli, mən
və daha neçə gənc bir-birinin mədəniyyət üçün qədrini bilən adamlar
idik.
Hərə bir ideya ilə gəlir, bir ideya ilə gedirdi. Yeri gəlmişkən,
dünyada belə arkadaş dərnəkləri (toplumları) çox olub. Doğuda
əxilər, əyyarlar buna bir örnək. Avropada Praqa dilçilik dərnəyi
strukturalizmi yaranmağa itələmişdi. Daha qabaqsa Avstriyada
Froydun başına arkadaşları yığışmışdı – Karl Yunq, Adler və
başqaları. Bütün dərnəklərin zaman keçdikcə öz böhranı olur,
Froydun dərnəyinin böhranının nədəni paxıllıq, həsəd, kimin hansı
ideyanın müəllifi olması məsələsində dolaşıqlıq idi.
Bizim dərnəyin böhranı ideya məsələsində rəqabət olmamışdı.
Birincisi, ona görə ki, Vaqif kimdən nəyi götürdüyünü səliqə ilə
deyirdi (bəlkə də, gündəliyində yazırdı). İdeyaları müəlliflər
arasında paylamaqda o çox yaddaşlı idi. Bəzən bilmirdin, nə
səviyyədə səmimidir. Tez-tez gözümə baxıb deyirdi ki, sənin Ortaçağ
mədəniyyəti ilə bağlı qurduğun struktur-semiotik modellər mənim
tamaşalarıma təsir edib. Ancaq bu sözlərini sübut üçün dedikləri
mənə inandırıcı gəlmirdi.
Vaqif Hüseynağa Atakişiyev, Ramiz Həsənoğlu, Azərpaşa Nemət,
Vaqif Əsədov kimi rejissorların tamaşaları üzrə ilginc açıqlama
verib yazı çap etməyi sevirdi. Sanki bununla rejissor çevrəsində
rəqabətdən gələn mənəviyyatsızlığın qradusunu aşağı salmaq
istəyirdi.., Bir də Vaqifdə ideyaların fəvvarəsi elə gur idi ki,
kiməsə qısqanclıq etməyə gərəyi yox idi.
Vaqif düşüncələrinin plastikliyi
Losev, bəlkə də, Vinkelmanın
etgisi altında deyirdi ki, əski yunanların düşüncəsi çox plastik
olub. Plastiklik məkan strukturlarında ifadəliliyi artırmağa
deyilir. Məsələn, natiq əlləri, gözləri ilə plastik ifadələr yarada
bilər. Bunu ötən yazımda mən Vaqiflə bağlı "entelexiya" sözünün
cazibəsi ilə duydurmaq istəmişdim: düşüncə və duyğuların bədəndən,
üzdən yağması. Məni Vaqif az yamsılayırdı. Məmnunluqla düşünürdüm
ki, parodiyaya yatmıram: bir az danışıq deffektimi, bir az da
"struktur", "denotasiya" kimi terminləri kəkəlləməklə mənə nə
parodiya yapmaq olardı?! Hərçənd indi ağlıma gəldi, yəqin, həvəsi
yoxdu, olsaydı, məndə də istədiyi qədər parodik cizgilər tapardı.
İncəsənət İnstitutunun o vaxtkı rektoru Aslan Aslanovu yamsılamaq
üçün şarj-parodiya cizgilərini tapmaq elə də asan deyildi. Vaqif və
Telman (Adıgözəlov) isə tapmışdılar.
Vaqif Rəhman Bədəlovdan məzə
ilə danışmaq istəyəndə sağ əlinin iki barmağı ilə sanki düşən
gözlüyünü tutub danışıq ritmində yuxarı-aşağı dartırdı və hamı
bilirdi ki, bu, Rəhmandır. Tədrisin direktoru İsrafil İsrafilovu
yarı açıq qapıdan çox vaxt telefonla danışan görürdük. Vaqif onu
parodiya edəndə telefonu tuturmuş kimi əli qulağında durub onun
dili ilə danışırdı. Mənə mənim necə yazmağımı anlatmaq üçün bir
ovcunda o biri əlinin barmaqları ilə nəsə eşələmək, didmək,
dartmaq, çevirmək jestlərini yaparaq deyirdi: burda bu, bunun
yanında o var, bunu qaldırsan, o çıxar – sən belə yazırsan.
Gizlətmirəm, narsistik (nərgiz) psixolojimə yaxşı təsir edirdi
dedikləri. Vaqif bütün yaradıcı çevrəsinin nərgiz duyğularına qıcıq
verməyi bacaran adamdı, – ancaq bilmirəm ürək genişliyindən gəlirdi
bu, yoxsa Karneqi sayağı taktiki biclikdən, qılıqdan?!
İçki və böhran
Bizim tanışlığımızın 10-15 ili o, dilini bir damcı spirtli
içkiyə də vurmamışdı. Biz isə birimiz az, birimiz çox içirdik,
içəndə istəyirdik, o da bizə qoşulsun ki, kef havası dağılmasın.
Heç vaxt onu sındıra bilmirdik. Axırda mənə anlatdı ki, qabaq neçə
illər Ağdam çaxırı içib əyyaşlıq edib. Özü də kefli olanda çox
ətiacı, aqressiv olurmuş. Bunun qorxusundandır ki, daha içmir.
2000-ci ildən sonra Vaqif birdən-birə heç bir aqressivlik
göstərmədən ləzzətlə içki məclisimizdə iştirak etməyə başladı.
Bundan qabaq beş-altı il teatra, ideya məsələsinə dəxli olmayan
səbəblər üzündən mən ondan aralanmışdım, quruca salam-məleykimiz
qalmışdı. Beləcə, münasibətlərimiz böhran keçirirdi. Sonralar
ilişgilərimiz bərpa olsa da daha qabaqkı dostluq alınmadı. Artıq
Vaqifin söhbətləri mənə öncəki ləzzəti vermirdi. Çünki hər adamın
köhnə dostları intellektual cazibədə saxlamaq məsələsində limiti
var. Biz hamımız bu limitə çatmışdıq. İlişgilərimiz bərpa olanda
gördüm ki, Vaqifin pərəstişkar heyəti xeyli dəyişib. Onun
formalaşdırıb dünyaya buraxdığı bir xeyli aktyor (Fəxrəddin Manafov
və başqaları), artıq Vaqifsiz keçinirlər. 80-ci illərdəki dostların
Vaqifin başına yığılması azalıb. Vaqifin yeni teatr fəlsəfəsi və
tamaşaları day məni çəkmirdi. Bir dəfə Stravinskidən soruşmuşdular
ki, sən gələcəyin musiqisinə necə baxırsan? Qayıtmışdı ki,
gələcəkdə hər bəstəçinin dinləyicisi yalnız özü olacaq. İndi, Vaqif
də bu mistik pilləyə çatmışdı, nə idi, bilmirəm? Heç kim onun –
mistik deyim, nə deyim, tamaşa deyim, seans deyim, nə deyim,
bilmirəm – yapdıqlarını özü kimi duyammazdı, biləmməzdi. Vaqifin
intellektinin gücü elə idi ki, heç kim qabağında durub deyə
bilməzdi ki, bu nə tamaşadır, yapırsan?! Vaxtı ilə absurd teatrın,
Abstraksionist, Kubist rəssamlığın qabağında durub çaş qalmış
adamlar kimi biz də Vaqifin yeni yaradıcılığının qarşısında sual
pozunda quruyub qalmışdıq. Bəyənmədiyimizi deməyə ürək eləmirdik
ki, birdən geriliyimizi, nadanlığımızı sübut edər. Düzdür, özünə
"postmodernist" deyən bəzi gənc yazarlar (Əli Əkbər, Seymur Baycan)
Vaqifin bu tamaşalarına və bu tamaşalar qarşısında çaş qalmış
adamlara kinayə edirdilər. Ancaq biz – əski dostları Vaqifə kinayə
edə bilməzdik. Biz yalnız onunla zarafat edə bilərdik. ÇÜNKİ
DAHİLİYƏ BU QƏDƏR YAXINLAŞMIŞ ADAMA AZƏRBAYCAN TARİXİNDƏ (ELƏ BAŞQA
TARİXLƏRDƏ DƏ) ÇOX AZ RAST GƏLMƏK OLARDI.
Kult.az