Yaradılanların qiyamı (Azərbaycan
örnəyində)
Belə bir diskursdan başlayım: ONLAR ÖZLƏRİNİN YARATDIQLARI OXUCU
TİPİNİN QURBANI OLUBLAR. Bunu açım.
Məncə, mədəniyyətdə yaradanın öz yaratdığının qiyamı ilə
rastlaşması, yaradanın yaratdığının qurbanı olması, universal
haldır. Allah-təala Adəmlə Həvvanı yaradandan sonra, beləcə,
onların qiyamı ilə üzləşdi. Allahın yaratdığı mələk olan İblis
"yaradanın yaratdığının ona qarşı qiyamı" arxetipinə ən güclü
örnəkdir. Bu teoloji materialdan dünyəvi olaylara keçsək, Brutun
Sezara xəyanətindən tutmuş tarix boyu baş vermiş min cür
nankorluğacan saysız olayda yaradılanların öz yaradanlarına
qiyamına tamaşa etmək olar. Çağımızda gənc yazarların Anar, Elçin,
Ramiz Rövşən kimi yazarları aşağılamaq üstündə "postmodernist"
(əslində, modernist) imiclərini qurması göstərdiyim
"texnolojidəndir".
Azərbaycanda oxucu tiplərinin tarixindən
Bax, bu kontekstdə sual verirəm: Sovet dönəminin son
onilliklərində 20-30 istedadlı azəri yazarı hansı oxucuları yaratdı
ki, sonra da onların qiyamı ilə üzləşdi (sözsüz, həmin yazarlarla
bərabər bu oxucu tipini "aşkarlıq çağı", nisbi söz azadlığı,
müstəqil mətbuat da yaratmışdı).
Azərbaycan yazarları öz yazılarında yenilik, informativlik
faizini artıra-artıra yeni oxucu tipini, elə oxucu tipini
yaratdılar ki, o yalnız yeniliyi böyük olan tekstlərə tamarzı oldu
(deyim ki, Ortaçağ oxucusu belə deyildi, əslində, heç tipik Sovet
oxucusu da yeniliyə o qədər tamarzı deyildi).
Azərbaycan oxucusu qavrayış dönəmlərinin bir çoxundan keçərək bu
günə çatıb. Gəlin, bu dönəmlərin bəzisinə qısaca baxaq. Sovet
dövründə mətbuat oxucu nazı ilə oynamırdı və belə duruma salınmış
oxucu xırda bir ərmağandan mutlu olurdu. Ancaq artıq, Qorbaçovun
"aşkarlıq çağı"nda açılan gizlilərin bolluğu az qala OXUMAĞI
YAŞAMAQDAN MARAQLI ETDİ. Səhifə-səhifə tənqidi düşüncə yazılarını
oxumaq ləzzət oldu.
Milli istiqlal hərəkatı dövründə müxalifət mətbuatı oxucunun
qəzəbinə, hiddətinə kökləndi. Mətbuat və oxucu qarşı-qarşıya
yellənən əks-səda yelləncəyində mutlu oldu. Demokratik hakimiyyət
dönəmində mərdanə, qiyamçı sözün deyilməsinin sıfıra yaxınlaşan
təhlükəsi, informasiyanın bolluq bazarı oxu ləzzətini bir az
azaltmağa başladı.
Bizdə oxu krizisi
Hazırda bu ləzzətsizlikdən başlayan oxu böhranı dərinləşib,
həmin böhran, tutalım, özünü onda göstərir ki, bir xeyli oxucu heç
özü də bilmir nə istəyir. Oxu qavrayışının "mədə" xəstəliyi baş
verib: nəsə dadlı bir şey istəyir, ancaq heç nəyin tamını duymur.
Artıq belə bir vəziyyətdə iri yazı yazmaq lap tərbiyyəsizlik
olub.
Haqqında danışdığımız yeni oxucu tipi yeniliyi böyük olan
bol-bol yazıları aldıqca Qərbdə azad bazarın yaratdığı tükədiciyə,
istehlakçıya oxşayır. Tükətimci (istehlakçı) psixoloji elədir ki,
bazar onu hər dəfə yeni mallarla təmin edəndə yenilikdən bezir.
Bezdiyi üçün, bir də görürsən, malın, tavarın (türk sözüdür)
keyfiyyətindən daha çox bazardakı reklam tipli başqa vasitələrdən
qıcıqlanmağa gərək duyur: bu zaman filan siqaret ona görə ləzzət
verir ki, sevdiyi filan filmdə həmin siqareti super qəhrəmanın
barmaqlarında görür və s. Oxşar olaraq yeni Azərbaycan oxucusu da
yenilik daşıyan tekstlərə öyrəşib, bu tekstləri oxumaqdan darıxmağa
başlayıb. Tekstlə maraqlanmaq üçün onun əlavə qıcıqlara gərəyi
var.
Haradasan, imic düzəldən?!
Bu kontekstdə Salvador Dalinin öz tamaşaçılarını şoka salan
davranışlarını anlamaq olar. Dali şəkillərini qavramağa gəlmiş
adamları qıcıqlandırmaq üçün şoka salan şeylər edir, sözlər
deyirdi. Məsələn, arvadı haqqında aydırmışdı: mən Qalanı atamdan
da, anamdan da, hətta puldan da çox sevirəm.
Batı mədəniyyətində imicmeykerlər, imic düzəldənlər institutunun
yaranması bazar qanunlarının, tükədimci psixolojinin kültür, söz
məkanına sirayət etməsi ilə bağlı idi. Bunun sonucudur ki, hansı
jurnalistlər, filosoflar, yazıçılarsa, çörəyini, bazara "tavar"
çıxarmaqdan çıxarırlar. O biri jurnalistlərsə, bazara mal çıxarmaq
istedadında olmadıqları üçün bazara mal çıxaranları cürbəcür
qalmaqal, ilginc olaylar işığında təqdim edib (oxucularda hansı
yazarlarlasa bağlı mistik, irrasional hal yaradıb) çörəklərini
qazanırlar.
Bizim yazarlar oxşar oxucu tipini yaradıblar. Tükədimci
psixolojiyə düçar olmuş oxucularsa, artıq, həmin psixolojinin
təsiri altında əlavə qıcıqlara möhtacdırlar. Mediada
"Şok!Şok!Şok!!!" başlıqları, "super!" nidası bundandır. "Təzə
bazarda" hətta pendir satan adaşım da bütün pendirlərə "super!"
deyir.