Ateist (və dinçilər) üçün yeni teologiya
dərsləri
Antro-sosiopomorfizm temininin
açımı
Azərbaycanda gənc intellektualların böyük kəsiminin ikonasına
çevrilmiş Ağalar Məmmədov mənim ötən yazıma FB-də yozum verəndə
sami dinlərdə şəxsə (personaya) çevrilmiş Tanrı məsələsinə
toxunmuşdu. Danışığında buna görə sami dinlərin və ya İbrahim
dinlərinin tənqidi yoxdur, faktın, sadəcə, səsləndirilməsi vardı.
Ancaq güman ki başqa yazılarında bu məsələnin tənqidi məqamını
açıqlayıb və ya açıqlayacaq.
Həmin məsələnin, yəni Tanrının şəxsiyyət biçimində
düşünülməsinin yüngül tənqidi çalarını tələbəlik vaxtı
marksistlərdə oxumuşam. Onların başlıca ateistik paradiqması budur
ki, Tanrı gerçəkdən olduğu üçün ideyası və ya görkü (obrazı) insan
başına düşmür. İnsanın başında Tanrı təsəvvürünün olmasının səbəbi
odur ki, o özünə uyğun şəkillər uydurmağa meyillidir. Buna
"antropomorfizm" və ya "antro-sosiopomorfizm" deyilir. "Antro" -
insandır, "sosio" - toplumdur, "morfizm" - "forma" sözündəndir.
"Antropomorfizm" onu bildirir ki, insan təbiətdəki gücləri
(tutalım, ildırımı) öz əməlinə oxşadaraq (oxatan adam) Tanrı (Zevs)
təsəvvürünə gəlib çıxır. "Sosiopomorfizm" isə onu bildirir ki,
insan özünə bənzər yaratdığı tanrıları yaşadığı sosiumun,
cəmiyyətin ilişgilərində modelləşdirir, tutalım, ata-bala,
qardaş-bacı ilişgilərində görür. Beləcə, Zevsin, Tenqrinin
balaları, düşmənləri olan tanrılar yaranır. Bu, ən güclü ateist
ideyalardandır, kökü gedib əski yunan sofisti Ksenofana çıxır. O
deyərmiş ki, atın ağılı və dini olsaydı, tanrılarını at görünüşündə
görərdi.
Ateistlər üçün dinlərin antropomorfizmi və sosiopomorfizmi
onların Tanrıdan gəlməsinə yox, insan başından gəlməsinə tanıqdır,
şəhadətdir. Mən isə bu yazımda göstərəcəyəm ki, elə deyil!
Tövratda Musa peyğəmbər Allahdan soruşanda ki, Sənin haqqında
camaata nə deyim, söyləyir: de ki, O, yaşarıdır (və ya canlıdır,
olandır). Bu deyimin hikmətini sonralar anladım. Tanrının uydurma,
xəyali olması düşüncəsinə düşmək zəifliyi adamlarda o zamanlar da
varmış, ona görə Allah söyləmişdi ki, onlara de, mən gerçəkdən
varam, fantaziya və xəyal məhsulu deyiləm.
Antropomorfizmin yeni aşaması
Bir dəfə ünlü rus filosofu A.F.Losevdə qəribə görünən bir
düşüncə oxumuşdum: "Sami dinlərdə Allah şəxsiyyət biçimindədir".
Bu, nə demək idi, Tövratın tanınmış deyimi idi ki, Allah insanı
özünə bənzər yaradıb?!
Özümə verdiyim sorunu araşdıranda Hegeldən gələn bir düşüncəni
yadıma saldım: fərddən fərqli olaraq şəxsiyyət özünü dərindən
düşünən (refleksiya edən), özünə sərt suallar verən varlıqdır. Bu,
insanla belədir. Tanrı ilə bağlı isə "şəxsiyyət" sözünü işlədəndə
görünür, sevinən, öfkələnən, yazığı gələn, dərin düşüncələrə dalan
insan türünü gözə alaraq söyləyir ki, Sami Tanrısı da elədir.
Tövratdakı Tanrı qəzəblənən, yazığı gələndir. İslamdakı Allah
cəzalandıran və rəhm edəndir. Xristianlıqda isə İsus Xristos lap
insan tipində şəxsdir (ona görə İncillərdə onu "bəni-adəm"
adlandırırlar).
Gözəl filosof Əli Abbasov bir dəfə mənə demişdi ki, İslam ən
rasional dindir. Qabaqca anlamamışdım. Sonra belə anladım ki, heç
bir dində Tanrı belə böyük mətnlə danışmır. Bütün dinlərdə Tanrı
nələrisə deyir, sonra olaylar gəlir. Qurani-Kərimdə isə bütün
surələr Allahın düşündüklərini əyan edən deyimlərdir. Bəlkə,
rasionalizm Allahın düşüncələri anlamındadır?!
İslamda Onun şəxsiyyət biçimində olmasını onun nitqi ilə
bağlamaq olar: Quranda Allah bir şəxs türündə qızır, bağışlayır,
duyğulanır, sevinir…
Fəlsəfədə Tanrı
Platon fəlsəfəsində Tanrı "Yaxşı" (Xeyir) anlayışı ilə
adlandırılır, o anlamda ki Tanrı bütün dünyanı dağılmağa qoymayan
faydalı, yararlı halların, bağlantıların qaynağıdır. Plotində
varlığın qaynağı Bir-dir (Bircədir, Bir olandır), hər nə varsa, nur
kimi həmin Birdən çıxır (emanasiya edir). Bu model sonralar
İşraqilərdə, İsmayıllılarda (druzlar bu cərəyanla sıx bağlıdırlar),
sufilərdə və hətta Kabbalada peyda olur. Təsəvvüfdə "təcəlli",
"parıltı" sözü var, dünyadakı nəsnə və olaylarda Tanrının
parılıtılı əks verməsinə deyilir.
Bax, bu terminlər, yəni "Yaxşı" ("Fəzilət"), "Tək" Allahı
bildirirlər, ancaq şəxs kimi yox. Hansı yunan həmin Yaxşının, həmin
Bircə olanın dərgahında özünü duyub ona dua etmişdi? Heç bir yunan!
Dua üçün, ibadət üçün Onunla daxili söhbət gərəkdir, Ona yalvarıb,
Ondan nəyisə eşitmiş kimi özünü duymaq gərəkdir, yəni Tanrı ilə
şəxsiyyət kimi danışmaq gərəkdir. Tanrını bildirən fəlsəfi ideyalar
isə Onun gücünü, Onun yaradıcılığını göstərir, ancaq Onu şəxsiyyət
türündə açmır. Avropada Tanrı ilə bağlı Ortaçağda dəbə minmiş,
ancaq ibn Sinanın "icadı olmuş" "Özü-özünə səbəb" buna bir örnək.
Bu anlayış Onu duyğular keçirən, düşüncələrə dalan şəxsiyyət
biçimində görükdürmürdü. İbn-Sina göstərmişdi ki, dünyada nə varsa,
qıraqdakı səbəbdən törəyib sonra başqasına nədən olur. Allahsa
bircəcənə varlıqdır ki, öz səbəbi özüdür!
Ateistlər üçün, dediyim kimi, Allahın şəxsiyyət kimi nələrisə
bizə söyləməsi, bizimlə nələrisə danışması bunu göstərir ki,
şəxsiyyət tipində Allah bizim başımızın, xəyallarımızın məhsuludur.
Bəlkə də, ona görə "Allah", "Tanrı" sözlərini idealist filosoflar
sevmirlər. Plotinın, ibn-Sinanın o sözlərdən necə qurtulmasını
göstərdim. Ancaq Hegel də "Mütləq İdeya", "Mütləq Ruh" deyirdi. Bəs
mən nədən Tanrını şəxsiyyət biçimində verən dinləri puç saymıram,
bu haqda gələn dərsdə danışacağam.
1937.az