Filosof Niyazi Mehdinin "İslamda təfsir fəlsəfəsi"
məqaləsini təqdim edirik:
Dində islahatların əleyhinə qarşı bir
arqument
İslamı modernləşdirmək üzrə söhbəti ötən yazıda başlamışam. Bu
zaman "Allahın dini həmişə köhnəlməyən, xarab olmayandır, deməli,
moderndir, ona görə də onu çağa uyğun islah etmək istəyi küfrdür"
deyənlərə cavab vermişəm. "İslamı müasirləşdirmək İslamı yox,
müsəlmanı, onun İslam qavrayışını, bilincini müasirləşdirməkdir"
demişəm.
Mənim bu söylədiklərimin başqa variantını Əhya Aras aydırmışdı:
"Quran" mətni dəyişməz qalsa da, müsəlmanların bilincindəki "Quran"
dəyişən olmuşdur. Bugünkü müsəlmanın zehninə hakim kəsilən İslam və
"Quran", Rəsulun çağındakı İslam və "Quran" deyil.
Bu, yaxşı deyimdir, çünki dini şüurun dəyişməsini önə çəkir.
Ancaq zəifliyi odur ki, bəzi təriqətlər kimi ilkin İslam çağını
ideallaşdırmasını sezdirir. Deyimin ruhundan görünür ki, dəyişən
müsəlman bilincləri, bu bilinclərdəki "Quran" ilkinə, əslə baxanda
korlanmışlıq göstəricilərində duyulur.
Təfsirə münasibətlər
Bu yazımda Orta Çağın erkənlərindən ortaya atılmış bir anlayışı
– "Quran" təfsirini, yozumunu yeni yöndən çalarlaşdıracağam: çağdaş
müsəlmanların İslam qavrayışını islah etmək üçün "Quran" qavrayışı
islah edilməlidir. "Quran" qavrayışını islah etmək üçün də Orta Çağ
təfsir fəlsəfəsi yenisi ilə əvəzlənməlidir. Ancaq qabaqca az da
olsa, Orta Çağ təfsirindən, yozumundan (xristanlarda buna
"eqzeqeza" deyirlər.)
danışım.
Adam Mets yazmışdı ki, hələ X yüzildə "Quran"ın təfsirinə
münasibət mübahisəsiz deyildi. Bununla bağlı ilkin İslamdan
Əs-Səmərəqəndiyə istinadən bir olay sübut kimi gətirilirdi: Ömər
görür ki, bir nəfərin əlində "Quran" var və hər ayənin yanında onun
təfsiri verilib. Ömər bu "Quran"ı alıb kəsik-kəsik edir.
Xəlifənin bu sayğısız davranışının nədəni o idi ki, əski
ehkamlara görə, "Quran" nüsxəsinə yad tekstin girməsi kitabı batil
edir (çox qəribədir, qavrayışdakı təfsir batil etmir, yalnız
yazılanda edir.)
Yozmağın təhlükələri ilə ilgili peyğəmbərin hədisi vardı:
"Quran"ı yozan öz xoşu ilə özünü Cəhənnəmə göndərir".
Di gəl, təfsirin lehinə arqument tapmaq istəyənlər hətta İslamın
ana kitabından da "sübutlar" tapırdılar. Çağdaş müsəlman feministi
Asma Barlas yazır ki, "Quran"a görə, onun sözlərini türlü yozmaq
olar, ancaq elə yozum var ki, daha yaxşıdır (surə 39.18.) Bundan
sufilər nəticə çıxarmışdılar ki, hər ayətin 60 000 oxunuşu var.
İslam tarixində iki qolun bərk düşmənçiliyi olub. Bir qola
mütəzililər və onlara yaxın olanlar toplanıblar və sayıblar ki,
ayələri təşbeh, metafora kimi oxuyub dərin anlamlar çıxarmaq olar.
O biri qol göstərib ki, təşbeh kimi baxmaq yolu "Quran" yozumunu
elə mənalara aparıb çıxarır ki, İslamı dağıda bilər. Təfsir
tərəfdarları cavabında göstəriblər ki, elə qutsal kitabın hərfi
başa düşülməsi də İslamı dağıda bilər. Məsələn, görmək gözlə,
eşitmək qulaqla bağlıdır. Allahın görməsi ilə ilgili ayəni hərfi
başa düşsən, belə çıxar ki, O, gözü ilə baxır. Belə baxan Tanrı
gözü, qulağı olan büt heykəllərə bənzəmirmi?!
"Quran"a saymazyana yanaşılmasının
səbəblərindən
Təfsirsiz "Quran"la ilgili bir ciddi problem var. Zaman keçdikcə
müsəlmanların bilikli, düşüncəli kəsimindən xeyli adamda hərfi
yanaşmadan açılan "Quran"ın Allah kitabı olmasına ciddi quşqular
yaranır. Bu quşqular artıq Orta Çağda vardı. Ünlü şair Bəşşər ibn
Burd (783-cü ildə öldürülüb) çağının tanınmış şairlərinin
şeirlərini dinləyəndə birdən qayıtmışdı ki, onların bəziləri
"Quran"ın istənilən surəsindən yaxşıdır. Əbu-Əl-Atahiyyə isə
(təxminən 750-825) sayırdı ki, onun bəzi şeirlərinin bədiiliyi
"Quran" surələrindən üstündür.
Bax qutsal kitaba yaranan bu intellektual sayğısızlığın
qarşısını dərin və ağıllı yozumlarla almaq olardı. Böyük ərəb
filosofu İbn Rüşd bunu belə açmışdı: dəyərli fəlsəfi düşüncələrin
sonucları dinin hərfi anlamları ilə ziddiyyətə girəndə həmin
ziddiyyətləri bu anlamları təfsir qaydaları ilə alleqorik yozmaqla
aradan götürmək lazımdır.
Postmodernist təfsir ideyasının qoyuluşu
"Quran"ın dəyişən dünyada cazibəsini və dərinliyini qorumaq üçün
Orta Çağda ictihad ideyası və institutu formalaşmışdı. İctihad
nüfuzlu din alimlərinin yozumu idi. "Nüfuzlu din alimi" onun üçün
vurğulanırdı ki, İslama təhlükə olan yozumların qarşısı alınsın.
İctihadın qapısı açıq olmalıydı. Ancaq hər yerindən duran ədəbsiz,
özbaşına bilincli birisi ora girməməliydi. Çünki bu qapı yalnız
müctəhidlərin üzünə açıq idi.
Bu yerdə adamın dilinə söz gəlir: Bəkə, postmodernist ictihadın
zamanı çatıb?
"Postmodernist ictihadın" yerinə "postmodernist təfsir, yozum"
işlətmək daha düz olardı, çünki ictihad daha çox hüquqi məsələlərlə
bağlıdır. Ancaq "cihad" sözü ilə bağlı olan, cəhd mənasını verən
"ictihad"ın İslam islahat hərəkatında öz deyim cazibəsi olmuşdu.
Məsələn, islahatçılar tələb etmişdilər ki, ictihadın qapısı
açılmalıdır ki, yeni çağırışlara cavab verən yozumlar ortaya
çıxsın. Bu anlamda "postmodernist ictihad" diskursunu qəribçiliyə
salmayaq.
Gələn söhbətim bundan olacaq.
1937.az