Froyddan və Yunqdan bir-iki kəlmə (Şəxsiyyətin psixoloji
portreti)
Ziqmund Froyd özünün psixoanalizində, Karl Qustav Yunq özünün
analitik psixologiyasında şəxsiyyətin iç sistemində düşünüş,
özünübilmə bölgəsi ilə (yəni bilinclə, şüurla) düşünüşsüzlük
(bilincsizlik), bilincaltı (şüuraltı) bölgələr arasındakı
ilişgilərə böyük fikir vermişdilər. Bu sadalananlar baxımından
insanı ayrı-ayrı tiplərə bölmək olar. İnsan var ki, onun özünü
bilməsi yaşamında aparıcı olur. İnsan var ki, bilinci
bilincsizliyinin, bilincaltının əsir-yesiridir. Belə adamlar
nevrotik tiplərdir. İnsan da var ki, iç varlığının hər üç bölgəsini
uyarlıqda saxlayır.
Güman ki, eyni prinsiplə sənət əsərlərini də bölgülərdirmək
olar. Əsər var ki, onu şüur, bilmə aydınlığı xarakterizə edir. Əsər
var ki, nevrotik tip təsiri bağışlayır (surrealizmi, absurd teatrı,
postmoderni yada salmaq olar). Əsər də var ki, hər iki tipin
uyarlığında özünü qurur.
Yuxular, şizovrenik psixoloji ilə miflərin
yaxınlığı
Froyd və Yunq çox ilginc bir nəsnəni üzə çıxartmışdılar. Nevroza
tutulmuş adamların, bir də şizofreniklərin təsəvvürlərində əski
miflərlə rituallar üçün xarakterik olan görklər (obrazlar),
strukturlar özlərini bol-bol göstərir. Bütün bunlar həm də insan
yuxularında durmadan peyda olur. Özü də belənçi durum, təkcə
mifləri bilənlər üçün deyil, bilməyənlər üçün də xarakterikdir.
Bu psixoloji olayı Yunq "proyeksiya" anlayışı ilə açıqlayır.
Onun fikrincə, miflər heç də təbiət olaylarını alleqoriyaya
çevirməkdən, yəni hansı mənaları isə bildirən nişanlara, işarələrə
çevirməkdən yaranmayıb. Əski insan özü də bilmədən (yəni bilincsiz,
şüursuz olaraq) psixi dünyasındakıları təbiət olaylarının üstünə
proyeksiya edirdi ki, bu olaylar "ekranında" onlara tamaşa etsin.
Beləcə, miflər əski insanın bilincsizliyinin dünyadakı olaylara
proyeksiyasından yaranır. İnsan, tutalım, günəşin doğub batmasını
öz psixikasına mənimsətmək üçün bu ritmik prosesi tanrıların,
ərənlərin taleyi ilə bağlamışdı. Tanrı, ilahi qəhrəman görklərinin
kökü isə, Yunqa görə, insanın psixikasının bilincsiz qatlarına
gedib çıxır. Ayın fazalarında, yağış mövsümlərində ritmik
təkrarlarda əski insan özünün bilincsiz dünyasının dramasını, yəni
toqquşma və uyuşmazlıqlardan törəyən gərginliklərini izləyirdi.
Yunqun nəticəsi. İnsanın iç
dünyasının bilincsiz bölgəsi həm miflərin, həm də yuxuların
qaynağıdır, ona görə də hər ikisi eyni başlanğıcdan oxşar obraz və
simvolları alırlar. Təxminən, eyni ideyalar Yunqdan qabaq Froyd
tərəfindən irəli sürülmüşdü. Ancaq Yunqun müəllimi miflərin və
yuxuların vahid qaynağı kimi insandakı bilincsiliyi yox,
bilincalını götürürdü.
Bu ideyalarda düzü və əyrini
üzə çıxarmaq psixologiya və fəlsəfənin işidir. Hər halda indiki
çağda elmdə nəsə tənqidi işlər aparılmışdır. Araşdırıcılar
boyunlarına alırlar ki, tutalım, Yunqun "arxetip" anlayışını mistik
örtükdən çıxarsan, doğrudan da, onun vasitəsi ilə incəsənətin bəzi
dərində gizlənmiş strukturlarını tutmaq olar.
Arxetiplər Yunqa
haradan gəlibmiş
Yunq arxetip anlayışını
Platondan yaman təsirlənmiş İskəndəriyyəli Filondan götürmüşdü və
onu belə açırdı: insan psixikasında elə ilkin biçimlər var ki, boş
strukturu, formanı andırır. İnsan özü onları bilmir. Ancaq bu
arxetiplər əzəli strukturlar kimi insanın gördüklərinə,
bildiklərinə əlini qoyur. İnsan özü də bilmədən ürcahına çıxan
olayları, nəsnələri arxetiplər biçiminə düşəndə anlayır,
dəyərləndirir, onlara reaksiya verir. Yunq belə arxetiplərdən
birini "Kölgə" adlandırırdı. Kölgə insan "Mən"ində "Anti-Mən"dir.
İnsan irsən vəhşi təbiətlə bağlı elə nəsnələr alır ki, sonra
şüurun, əxlaqın təsiri ilə onların qorxuncluğunu görüb bilincindən
onları sıxışdıraraq çıxarır. Bu sıxışdırılıb çıxarılanlar
bilincsizlikdəki Kölgə arxetipinə yığılırlar. Beləliklə, Kölgə
psixi dünyanın İblisanə güclərinin təzahürüdür. Adamın içində
cinayətkar, saldırqan (təcavükar) başlanğıcdır.
Sonda deməliyəm ki, hamıda
bədii əsərlərdən ilginc və ağıllı danışmaq problemi var. Bax, bu
problemi Froyd və Yunq Edip kompleksi, arxetiplər sayəsində çözə
bilmişlər.