Əskilərlə indi arasında gəzintilərdən
Jestlər dilinin əskiliyi
Necə ki uşaqlıqdan bizim şüurumuza düşmüş izlər güclü duyğular
ilə bağlıdır və dərindir, eləcə də insanlığa primitiv, arxaik
dönəmlərdən düşmüş izlər dərindir və güclü duyğu qaynağındadır.
Mədəniyyətin anbaan min-min illərdən bəri yığdığı tapıntılar bu
izlərin üstünə laylanmışdır. Çağdaş kateqoriyalarda düşünən, çağdaş
etiketlərə əməl edən şüurumuz həmin izləri görünməz edir. Ancaq bir
də görürsən, elə ki şüurumuzun nəzarəti azaldı, o dəqiqə bu izlər
özünü bildirməyə başlayır. Məsələn, bəzi dilçilər hominidlərdə
(insanlaşmaqda olmuş varlıqlarda) başlıca intellektual və ünsiyyət
vasitəsinin jestlər dili olduğunu əsas tutaraq belə hesab edir ki,
bu dil, güman ki, səsli dilə baxanda daha ilkindir. Mədəniyyətlə
bağlı bol-bol verimli ideyalar ortaya atmış ünlü kinorejissor
Sergey Eyzenşteynə görə, bu səbəbədən də biz öfkə, psixi pozuntu
durumlarında bilincimizin nəzarəti azaldığı üçün jestlər dilinə
qayıdırıq, necə deyərlər, dərindəki izlər müqavimətsizliyə bənd
olub, vurub üzə çıxırlar.
Balaca olanın böyük görünmək effekti
Eyzenşteyni bədii düşünüşün reqressiv (Froydun terminidir) yəni
əskidən qalma arxaik qatları çox ilgiləndirmişdi. O bunlara "bazis
vəziyyətləri" də aid edirdi və göstərirdi ki, məsələn, "Kral Lir"in
"Qorio ata"nın və Zolyanın "Torpaq" əsərinin əsasında eyni sxem
durur: ata sağlığında öz varını uşaqları arasında bölüşdürür və
ümid edir ki, bununla onların qayğısını qazanacaq. Əvəzində özünü
möhtac qoyur).
Bu sxemdə Eyzenşteyn belə bir əski məntiqin izini tapır: insan,
artıq, sosial inkişafının ilk pilləsində anlayır ki, o, bütövün
(tutalım, kollektivin) bir parçasıdır və kim özünü bütövdən
ayırırsa, ya da kim bütövü bölürsə, axırı pis olur. Bu yerdə
çağımızla bağlı haşiyəyə çıxaraq deyə bilərik ki, ona görə də bizim
milli birlik çağırışlarımız, milli birlikdə bütün dərdlərin əlacını
görməyimiz "bütövü bölmək olmaz" reqressiv məntiq sxeminin yeni
biçimlərdə üzə çıxmasıdır. Bugünkü Azərbaycanda İnternetin, Sosial
şəbəkələrin, Qloballaşmanın üzündən müxtəliflik xeyli artıb.
Müxtəliflik çoxluq effektini törədir. Ona görə də çağdaş azərinin
(oğuzun?!) gözündə coğrafi alanda Azərbaycan dəyişməsə də sosial
planda çox böyük görünür. Bu anlamda Sovet azərisinin milli dünyası
indkindən qat-qat balaca və ən əsası isə, rahat, isti idi. Ona görə
də bu adamlar İnternetsiz dünyada yaşaya bilməsələr də İnternetli
dünyada özlərini rahat duymurlar. İnformasiyadan əsəb, İntenetdən
əsəsbi asılılıq çağımızın xəstəlikləridir.
Soyuq və isti dünya
Tanınmış etnoloq Klod Levi-Stross dəyişməz (statik) arxaik
toplumları soyuq, dinamik toplumləri isə "isti" cəmiyyət
adlandırırdı. Bu anlayışlar informasiya nəzəriyyəsində ayrıca
formulalarla verilir. Mən isə onları açmaq üçün oxşartılardan
istifadə edəcəm. Soyuq nəsnələrdə onu quran, təşkil edən elementlər
arasında nisbətən möhkəm, dəyişməz bağlantılar var, isti nəsnələrdə
isə bu ilişgilər yerindən dəbərir, laxlayır, qütblərin ziddiyyəti
açıq-aydın toqquşmalara keçir. Nəsnələrin soyuq durumunda donuq
nizamla düzülmüş hissəciklər isti durumda bir-birinə qarışmağa
başlayır və sonda ərimə, buxarlanma baş verir. Bu səbəbdən isti
ölkələrdə iylər daha çox olur, çünki onları bir-birindən qopub uçan
malekulalar gətirir. İsti toplumlarda elementlər arasında donuq
nizamın pozulması hərəkətin, tarixi gedişin baş verməsinə səbəb
olur.
Yadıma o düşdü ki, dinamik, gözlənməz qütblərlə təsir edən
nəsnələr, olaylar güclü duyğular oyadır, güclü duyğu isə həmişə nə
isə istiliklə bağlıdır.
Müxtəlifliyi çox olan çağdaş Azərbayan dünyası Sovet
Azərbaycanın informativ və tarixi bəsitliyinə baxanda daha isti
toplum təsiri bağışlayır. İndiki yaşlıların Sovet sevgisi çağdaş
"isiliyə" dözməyib Sovet "sərinliyini" arzulamaqla bağlıdır. Ona
görə də heç bir məntiqlə, nəzəriyyə ilə bu adamları Sovetlərə
sevgidən döndərmək olmur. Məntiqlə necə adamı sərinlikdən
döndərəsən? Bircə sübut etsən ki, bu sərinlik sənin qoca canına
ziyandır, onda bəlkə döndərdin. Deməli, Sovet sevgisindən döndərmək
üçün gərək sübut edəsən ki, sənin bilincinə, bədəninə ziyandır. Bu
isə çox çətin məsələdir.
Qoxulardan dünyamıza baxanda
Bəs maraqlıdır, Sovet Azərbaycanı daha sərin və ya soyuq idisə,
isti toplumlara baxanda orada iylər, qoxular az idi? Məsələni belə
qoymaq olarmı? Yəni iki dünya tipinə qoxular metaforasından
yanaşmaq olarmı? Bir çox canlılar dünyanı, nəsnələri iyləri ilə
bilirlər. İnsanda bu, zəifdir. Ancaq bəlkə iy metafralarını
çoxaltmaqla islamçıların və dünyəvilərin təklif etdikləri aləmləri
tutuşdurmaq olar? Bəlkə Putin Rusiyası ilə Avropaya qoşulmaq
istəyən Ukraynanı tutuşdurmaq olar? Mən Azərbaycan elmindən qoxular
əsasında dünyanı anladan bir nəsnə gözləmirəm. Ancaq çağdaş Azəri
şeirindən gözləyirəm. Necə ki Rəsul Rza rənglər şeiri ilə dünyanı
anlatmaq istəmişdi…
Kult.az