"Demokratiyanın Kopernik inqilabı"
Plyuralizm sadə düşüncə fərqləri deyil
İnsanlar düşüncələrinə görə bir-birindən az və ya çox dərəcədə
ayrılırlar. Bu həmişə olub. Ancaq demokratiyanın plyuralizm
prinsipi hər hansı fikir ayrılığının "yaşamaq" haqqını qorumur.
Sovet mədəniyyətində tənqid və özünütənqiddən çox danışılırdı. Bu,
fikir fərqlərinə haqq qazandırırdı. Di gəl, heç kim Sovet
toplumunun plyuralistik adlandırmırdı. Nədən ki, həmin rejimin
düşüncə məsələsində demokratiyadan bir köklü fərqi vardı.
Demokratiya, sadəcə, düşüncə fərqlərinin yox, bir-birindən uzaqda
duran ən yad ideolojilərdən doğan fikir fərqlərinin yaşamaq
hüququnu qoruyurdu. Bu səbəbdəndir ki, demokratik toplumlarda
demokratiyanın əsl düşməni olan kommunist ideolojisinin də
qəzet-kitabları çıxır, deputatları parlamentə seçilə bilir.
Plyuralizmin gərəkliyi
Demokratiya plyuralizmə toplumda düşüncə, ideya yaradıcılığının
çox güclü qaynağı kimi baxır. Plyuralizmin xeyrinə deyilən bu
arqumenti Azərbaycan cəmiyyəti yaxşı bilir, onun üçün də yazımda
amacım həmin tezisi təkrar etmək deyil.
"Plyuralizm" latınca çoxluq deməkdir. Anadolu türkləri
"plyuralizmi" elə beləcə də dillərinə çeviriblər: "çoxculluq".
Pluyralizm yalnız bir-birinə ağıllı fikir demək "gözəlliyi" deyil.
Plyuralizm çoxlu konfliktlər, intriqalar, pərtçiliklər törədir.
Sonucda prinsip qatında plyuralizm nə qədər bəyənilsə də, işdə onu
sevmək asan deyil. Plyuralizmi, çoxluğu biz çox vaxt dağılma,
deqradasiya sayırıq, ona görə də birlikdən danışmağı sevirik. Hansı
tarixi köklərdən gəlir bizim bu baxış? Mentalitetimiz üçün bu soru
önəmli olduğu üçün onu düşünək.
Kopernik inqilabi
Ərəbcənin "inqilab"ı, latıncanın "revolyusyon"u "devrim"
deməkdir. Kopernik də astronomiyada devrim etmişdi. Ondan qabaq
demişdilər ki, Yer yerində qalır, Günəş onun başına fırlanır.
Kopernik isə fırlananla fırlanmayanın yerlərini devirib dəyişdi.
Günəş yerində qalan, Yer onun başına fırlanan oldu. Kopernik
iezuitlərin gözündə düz olanları tərsinə çevirdi. (devirdi) Sonrakı
elm isə bildirdi ki, əslində, tərsinə çevirənlər iezuitlərin özü
idi. Kopernik devrimi tərs salınmışları yerinə qaytardı.
O çağdan "Kopernik devrimi" metafora kimi elmdə bütün prinsipial
dəyişmələri bildirir. Beləcə, Kantın da fəlsəfəsi metafizik
düşünüşdə Kopernik devrimi, inqilabı sayılır.
Çoxculluğa universal nifrət
Çağdaş dünyada demokratiya haqqında çox yazıblar, yazırlar.
Ancaq demokratiyanı anlamaq üçün bir addım da atıb onu siyasətdə,
mədəniyyətdə, siyasətşünaslıqda Kopernik devrimi adlandırmaq gərək.
İndi baxaq görək, Demokratiya insanların alışqanlığında düzülmüş
nələrin yerini dəyişdi ki, Kopernik devrimi oldu.
Platondan başlayaraq, Plotində, Orta çağ neoplatonik fəlsəfədə,
müsəlman mədəniyyətinin İbn Sina, əl-Fərabi, Bəhmənyar, Nəsirəddin
Tusi kimi filosoflarında bir filosofem (dəyişməz fəlsəfi motiv)
vardı: Allah Bir Olandırsa, ondan çıxan, emanasiya edən, nurlanan
dünya aşağı açıldıqca budaqlanır, xırdalıqlara paylaşır, bir sözlə,
çoxcullaşır. Tanrı konusun zirvəsi kimidir, dünya isə aşağıya doğru
pillələrin genişlənməsidir. (genişlənmə isə çoxluğun
artmasıdır)
Bu fəlsəfi "tikilidə" Tanrının simvolu Bir, dünyanın bildiricisi
isə Çoxluq idi. Konstruksiyanın əxlaqi-psixoloji açımları çoxluğa
müxtəlif mənfi dəyərlər verirdi. Çoxalma Birdən uzaq düşmədir,
korlanmadır, didişmədir, pisləşmədir. Ona görə də neoplatoniklər,
sufilər Allaha qayıdışı çoxluqdan qurtuluş kimi görürdülər. "Allahı
sevmək Birə, Vəhdətə qovuşmadır" deyirdilər.
Çoxluğa fikri dağılmış sufilərin aqibətini Cəlaləddin Rumi belə
açırdı: uzun (yəni çox) saqqal sufilərə xoşdur, di gəl, sufi
saqqalına qulluq edənəcən Arif Allaha qovuşur.
Əslində, Təkdən çoxluğa keçidin bəla olması fəlsəfədən qıraq
düşünüşdə də vardı. Əski toplumlardan bəri birin çoxa bölünməsi
bəla sanılırdı. Şekspirin Kral Liri, Balzakın Qorio atası varlarını
bölməklə bəlaya düçar olmuşdular. Ancaq bütün bunlar bir qırağa,
bütün Azərbaycan toplumu yumruq kimi birləşmək arzusunda əski
inanışların, Platon, Plotin, Fərabi sübutlarının çərçivəsində
qalırlar. Demokratiya məhz bu möhtəşəm birlik, anti-çoxluq
qurğusunu, tikilisini devrimə düçar etdi, devirdi.
Çoxculluğa taybatay açıq mədəniyyətlərdə dövlətin çətin
durumu
Totalitar və avtoritar toplumların siyasi pafosunu belə formulə
etmək olar: azaltmaqla (daraltmaqla) şiddətləndirmək. Beləcə, su
axarını boğanda fışqırtı yaranır.
Demokratiya pafosunun formulası: çox nəsnə gətirmək üçün çox
nəsnədə gəlmək lazımdır. Məhz buna görədir ki, demokratiya
çoxluqdan çəkinməməyə, qorxmamağa məhkumdur. Məhz buna görədir ki,
demokratiya hətta hakimiyyət, toplum qatlarını bir zirvəli konus
formasından çıxarır.
Totalitar sistemlər toplumda "Allah-dünya" və ya "Baş-bədən"
rejimini yaratmaq istəyirlər. Bu zaman toplumun zirvəsi bir nöqtə
(prezident, kral…) olur. Toplumda yerdə qalanlar isə bu zirvə
nöqtəsindən aşağı düşdükcə genişlənən və dəyəri azalan çevrələr
olur.
Demokratiya hakimiyyətdə "zirvə nöqtəsi" simvoluna güclü zərbə
vurur. Konus strukturunu dağıdır. Toplumun yuxarı başı bir zirvə
nöqtəsinə çatıb dayanmır. Zirvədə hakimiyyət bölgüsü getdiyi üçün
üç dairə – bir yanda prezident yönətimi, o bir yanda parlament,
üçüncü yanda isə Ana Yasa məkəməsi qərar tutur.
Bu duruma görədir ki, demokratiya çətin rejimdir. Bu çətinliyə
görədir ki, demokratiya şəraitində konfliktləri zorakı olmayan
yollarla çözmək, ağızları yummadan qələbə çalmaq texnikasını yüksək
səviyyədə mənimsəmək siyasi liderlərin, partiyaların çox ciddi
problemi olur.