Mən bundan qabaq dörd məqalə boyu İslam bilincinə
genişlik verən bəzi yeni prinsipləri açdım. Onlardan biri budur:
İslamın (başqaları üçün başqa dinlərin) bütün variantları İlahi
enerji, İlahi anlamlar daşıyır.
Yəni nağılsayağı folklor İslamı da, fetişist və
antro-sosiopomorfik İslam da, intellektual-modernist İslam da İlahi
qaynaqlardan insanı mənəviləşdirən, ruhaniləşdirən (qutlandıran)
cərəyanlar axıdır. Ona görə də maarifçi olub folklor İslamını ələ
salanlar, İslamçı olub intellektual-modernist İslamı bəyənməyənlər
bir nəsnəni bilməlidirlər ki, bu inkarları onların "öz İslamlarını"
özləri üçün təsdiq etməsinə yardım olursa, normaldır, necə ki,
insanlara öz vətənlərinə sevgilərini doğrultmaq üçün bəzən başqa
vətənləri bəyənməmək gərəkir.
Və ya başqa cür deyim: Yəni birisi "İslama magiya, fetişizm
göstəricilərindən baxması sayəsində namazla sağalacağına inamını
güclü edə bilirsə və bu səbəbdən də namazdan sağaldıcı güc ala
bilirsə, normaldır. Ancaq adam öz baxışını Allahın buyurduğu bircə
doğru yol sayıb yerdə qalanları küfr və ya yanlış sayırsa, həməncə
özü Allahdan azır. İman yolu qıl körpüsü kimidir, addımı bir az yan
atan kimi uçuruma yıxılırsan. Ona görə də əsl iman adamında İslam
bilinci özündən quşqulanmaqla birgəlikdədir. Deyirlər, Həzrəti Əli
özü belə mömin olub, çünki həmişə etdiyinin, yapdığının Allah
yoluna uyğun gəlib-gəlməməsi şübhəsi ilə yaşayıb.
Allahla inananların ilişgisində sonsuzluq
Göstərdiyim bu möminlik psixolojisinin özülündə mən bir prinsipi
görürəm: Allah-təala bilərəkdən özü ilə iman adamları arasına
çaşdırıcı sonsuzluğu qoyub. Sonsuzluq ona görə çaşdırıcıdır ki,
saysız variantlar sərgiləyir. Bax bu variant çoxluğunun olması
"hansını seçim?" "hansı düzdür?" məsələsi ilə ilgili çaşqınlıq
yaradır. Dində bu, o deməkdir ki, ibadətin sonsuz variantları var.
Tutaq ki, şaman ibadəti var, buddist, xristian ibadətləri var,
musiqi, rəqslə bağlı ibadətlər var (məsələn, mövləvilərdə.) Bir
yandan, bu çoxluq hansını seçməklə bağlı çaşqınlıq yaradır. O biri
yandan, sən bu çoxluğu yanlış sayıb birini seçib yalnız onu əsl
ibadət biləndə həməncə Allahdan azırsan. Bu da bir başqa
çaşqınlıqdır. Ən azı ona görə ki, buddist, xristian dünyasında o
qədər İlahi möcüzələr olub ki, onları Tanrı işığından qırağa qoymaq
insafsızlıqdır.
Deməli, çaşdırıcı sonsuzluğa görə ibadətin "qıl körpüsündən"
yıxılmaq istəmirsənsə, "mənə belə rahatdır"ı, "mənə belə yaxşıdır"ı
"hamımıza belə rahat olmalıdır", "hamımıza belə yaxşı olmalıdır"
imperativinə çevirmə! Sən yoqa meditasiyasında İlahi enerjini ala
bilirsənsə, İslam ibadətinə qıyqacı baxma!
İslamı çəkimli dünya etmək problemi
Sözsüz, insanda sevdiyi mahnını hamıya sevdirmək meyli var.
Eləcə də, insan İlahiyə doğru tutduğu yolu hamının yolu etmək
istəyir. Buna dində "prozelitizm" deyirlər. Sən istəyirsən ki,
çevrəndə çoxlu həmfikirlərin olsun. Ancaq bunu təbii istəyi
yaxasından tutub dartmaqla yox, yalnız cəzb etməklə yapmaq olar. Bu
təbii istək heç cür başqa yollara kəskin, saldırqan, dalaşqan
baxışdan yaraqlanmamalıdır. Peyğəmbər deyib: İslamda dəvət var, zor
yoxdur. İslamda hər möminin missiyası nəzakət, həlimlik, şəfqət,
ağıla-biliyə sayğı ilə bu dinin cəlbedici, çəkimli dünya olmasına
öz payını verməkdir. Halbuki çağımızda İslamı qaranlıq, ağır
cizgilərdə şəkilləndirən müsəlmanlar İslamı ucaldanlardan qat-qat
çoxdur. Taliblərin Buddist qaya heykəllərini partlatması dediyim
nifrətə, İslama qaranlıq cizgilər vurmağa son örnəklərdəndir.
İslamda islahat belə çirkinliklərdən qurtulmaq üçündür!
Bir anti-islahat arqumenti
İslamda islahat əyləmlərinə "yox" üçün söylənilən ciddi arqument
odur ki, Allahın dini heç vaxt korlanmayan yetginlikdir və onun
islahata gərəyi yoxdur.
Ancaq buna qarşı olaraq düşüncəli müsəlmanlar türlü arqumentlər
qoyublar. Məsələn, Əhməd bəy Ağaoğlu Ömər Xəyyamdan ilginc bir
fikri gətirir: İslamın özündə əyər-əskik yoxdur, bütün əskiklər
bizim necə müsəlman olmağımızdandır. Bu fikir çağımızacan yaşarlı
olaraq islahat ideyalarınının hədəfini "Quran"dan, İslamdan
müsəlmanlara yönəldir. İndi onun davamı kimi söyləyirəm:
müsəlmanların İslam qavrayışı islah olmalıdır. Bunun üçün isə İslam
plüralizminə bütün qapılar açılmalıdır.
İslam plüralizminə örnək
Söylədiyimin yetərincə dini əsası var. Ənəs bin Malik rəvayət
edir ki, peyğəmbər söyləmişdi: asanlaşdırın, çətinləşdirməyin.
Müjdələyin, nifrət oyatmayın. Əbu Hüreyranın danışdığı hədislərdə
keçirdi: bir bədəvi məsciddə sidiyini saxlaya bilmir. Camaat onun
üstünə düşəndə Peyğəmbər qayıdır: boş buraxın. Sidiyin üstünə bir
qab su tökün, bitsin getsin. Siz çətinləşdirən yox, asanlaşdıran
olaraq göndərilmisiniz.
Nifrət oyatmamaq tolerantlığın köküdür. Nifrət olmayan yerdə
müxtəlif dini ideyaların, baxışların plüralizmi çiçəklənir. Bu
zaman çaşdırıcı sonsuzluğun qorxusu neytrallaşır. Çünki hamı bilir
ki, İlahiyə yolun monopoliyası, təkəlçiliyi nə ondadır, nə
başqalarında. Bu monopoliya heç bir dində, heç bir təriqətdə
yoxdur. Ona görə də özündən müştəbeh olma! İbadət yolları saysızdır
və heç birini mütləqiləşdirmək, yeganələşdirmək olmaz!
Anaksaqorun köməyi
Bunu demişəm, bir də deyim. Anaksaqorun ünlü deyimi bildirir:
hər nəsnə hər nəsnədədir. İslam üçün bu, o deməkdir ki, İlahi bilgi
və enerji bütün təriqətlərdə, baxışlarda var. Sadəcə, şiə şiəliyi,
sünni sünniliyi, sufi sufiliyi mütləqləşdirəndə həməncə "qıl
körpüsündən" uçuruma düşür.
Bu plüralizmə də İslam tarixində istənilən qədər rast gəlmək
olar. Məsələn, "hər yer məscid ola bilər" deyimi…
1937.az