"Şarli"dəki terrorların doğurduğu
semantikalar
Yaramazlığın
pozitivliyindən
Dünyanın
işi belədir, insanilik formatında ən alçaq eyləmlər və nəsnələr
Semiotik (bildiricilər və anlamlar) qatında faydalara, yetənəklərə
gətirib çıxarır. Birinci və İkinci Dünya savaşlarının ürək
parçalayan faciələrindən nə qədər filmlər görmüşük. Ancaq elə bu
filmlərin bədii dəyəri, bu savaşların törətdiyi texniki yeniliklər
dünyanın faydalar siyahısına yazılıb. İndi "Şarli"də iki-üç ərəbin
törətdiyi terror gerçəklik formatında əsl İslam insanında utanc,
xəcalət, üzüntü oyatsa da, semiotik qatda və daha genişi – elmi
qatda yeni və dəyərli düşüncələr üçün itələntiyə çevrilir. Paris
terroru dünya çapında İslam və anti-İslam düşüncə, ideyalar
tezaurusuna (xəzinəsinə) yeni düşüncələr verməyə başlayıb.
Nemtsovun məqaləsi
Bu düşüncələrdən birini tanınmış rus müxalifətçisi, keçmiş baş
nazir Boris Nemtsov irəli sürüb. O, "İslam cavan din kimi
Ortaçağları yaşayır" adlandırdığı yazısında, sanki, İslama nifrət
edən avropalıları sakitləşdirmək üçün söyləyir: belə fanatizm, iman
üstündə belə qaniçənlik Xristianlıqda da olub. Ancaq olub
Ortaçağda. İslam Xristianlıqdan 700 il sonra yaranıb, deməli,
Xristianlığın Ortaçağları onun indisinə düşür. "Yaşlanandan" sonra
İslam da Xristianlıq kimi olacaq (hərçənd bəzi ağıllı rusların
düşüncəsinə görə, Xristianlığın Pravoslavlıq qolu da belənçi İslama
yaxındır).
Bu yaşla (cavanlıq-qocalıqla) ilgili riyaziyyat maraqlı səslənsə
də, bəzi sorular doğurur. Əgər Xristianlıq, İslam İlahidən verilmiş
dinlərdirsə, yəni Tanrının necə olmaq, nələrə qulluq etmək və
söykənmək kimi konular üzrə yolladığı bilgilərdisə, belə
informasiyalara necə gənclik-qocalıq ölçülərini uyğulamaq
olar?!
Əgər Nemtsov məqaləsini sekulyar, ateist avropalılar üçün
yazıbsa, bu heç! Onlara Nemtsovun "riyaziyyatı" ilginc görünəcək.
Ancaq məqalə həm də imanlı auditoriyaya yönəlibsə, dişsiz olacaq.
Çünki müsəlmanlara görə, İudaizm də, Xristianlıq da, İslam da Adəm
qədər əskidir. Hər üçünün mahiyyəti tovhid (Allahın birliyi) və
mömin adamın Allaha özünü təslim etməsidir. Bunu isə Rəbb, artıq
Adəmə açmışdı.
Bəlkə, Nemtsov müsəlman toplumunun xristianlara baxanda tarixcə
gəncliyini deyir? Ancaq axı, hamı qəbul edir ki, İslam dünyası
yarananda gənc olsa da, fəlsəfi-texniki-tibbi-əxlaqi yetənəklərinə
görə dörd yana örnək idi. Yalnız Ortaçağı vaxtında bitirə
bilmədiyinə görə, XVII-XIX yüzillərəcən uzatdığına görə müsəlman
dünyasının xeyli fraqmentləri pis günə düşdü.
İslamın problemi
İslam terroristlərinin, cihadçılarının, fundamentalistlərinin
eyləmlərinin törətdiyi düşüncələrdən danışıram. Birini heç də
İslamın dostu olmayan Nemtsovdan gətirdim. Birini də İslamsevər
özümdən gətirim. Mən bir daha görürəm ki, İslamın ən ciddi problemi
nə yəhudilər, nə xristianlar, nə ateistlərdir. Çağımızda İslamın ən
ciddi problemi müsəlmanlardır. Daha dəqiq desək, şiə oluban
sünniyə, sünni oluban şiəyə nifrət edən, yaşamaq üçün Avropaya
qaçıb sonra da orada xalqa əxlaq, insanlıq dərsi keçən, yəni
köçdükləri evə inteqrasiya olmağı bacarmayan müsəlmanlardır. Bu
müsəlmanlar Mirzə Fətəli, Mirzə Cəlil, Sabir timsalında onları ifşa
edən onlarla parlaq yazarlar, siyasilər törədib. Bax, mənim dediyim
İslamın ən əsas problemi olan müsəlmanlar bunlardır!
Bu konuda çox çalarlara toxunmaq olar, ancaq birini deyim. Biz
öyrəşmişik ki, mədəniyyətdən danışanda yaxşılıqlara köklənək,
mədəniyyətin insanı, toplumu ucalıqlara doğru necə dəyişdirdiyini
göstərək. Bax, bu fonda mən dissonans səslənən bir düşüncəni
ayırdım: hər mədəniyyətin mahiyyətində başqalarına (və hətta
özümüzünkülərə də) nifrət potensialı gizlənir. Alman faşizminin
alovlandırdığı nifrətin odunları qıraqdan gətirilməmişdi, alman
kültürünün içindən götürülmüşdü. Eləcə də, türkə, gürcüyə erməni
nifrətinin kültür kökləri yox deyil. Bundan sonra gəlin özümüzü
düşünək, bəs bizim nifrət? Nədə qonşu uluslar (məsələn, farslar)
ona gerçək əsas verir, nədə öz mədəniyyətimizin mahiyyətindən
gəlir?
Son terrorların doğurduğu başqa bir düşüncə
Avropada böyük tolerantlar yenə söyləyir, terror düşmənçiliyinin
İslama dəxli yoxdur. Məndə isə olay başqa düşüncə oyadır. İki qatı
ayırmaq gərəkdir. İslam Allah qatında – terrorizmin bu qata dəxli
yoxdur. İslam müsəlmanların qavrayışında, bilincində. Bax, bu
qatda, yəni İslamın bilinclərə modifikasiya etdiyi qatda dinin
mahiyyətində sevgi ilə yanaşı, nifrət potensialı da formalaşır. Ona
görə də çağdaş İslamın başqa bir ciddi problemi müsəlmanların
mənəviyyatında yanlış başa düşülmüş İslamdan gələn nifrət,
düşmənçilik potensialını söndürməkdir. Söndürmək olmayanda isə cin
kimi şüşəyə salmaqdır.
Kult.az