"Yol" arxetipini açımından
Yolla ilgili rəmzlərin yarımçıq siyahısı
"Yol" mədəniyyətlərin ən güclü arxetiplərindəndir. ("arxetip" o
biri tipləri balalayan baş tipdir) Bu balalanmış tipləri sadalayım:
"yola düşmək" ("səyahətə çıxmaq") "bir məkandan (tutalım, öz
bədənindən, öz evindən, öz vətənindən) dişarı çıxmaq", "başqa (və
ya yad) məkanın sınırlarından adlayıb içəri girmək", "yolu azmaq",
"kəsə yolu tapmaq", "təhlükələrə düçar olmaq", "tanış olmayan aləmə
düşmək", "qəribə olaylarla rastlaşmaq", "gecəyə düşmək", "başlanğıc
və son mənzil", "gözləmək", "keçib getmək və ya keçib gedəndə
tamaşa etmək".
Hegel idealizmini "yol"a düzəndə
Düşünək, azmı olur ki, mədəniyyət olayları yol "terminlərində",
yol simvolikasında dərk olunur, duyulur, düzlənir? Elə birinci yada
düşəni aydırım: Hegelin (əslində, Higelin) fəlsəfəsində İdeya öz
içində bükülü olanları aça-aça "yola çıxır". Hər özündən tapdığı
anlayış, qanun təbiətdə onlara uyğun nəsnələri tutalım,
mineralları) yaradır. Beləcə, İdeya gəlib çıxır toplum anlayışına
və bunun sonucunda toplum, cəmiyyət yaranır. İdeya bu səyahətində
ordan-burdan keçə-keçə tamaşa etməklə məşğul olur. Təbiətdə
yaratdıqlarına baxıb nəyi bacardığını seyr edir və bu onun özünü
anlamasını zənginləşir. Toplum yaranandan sonra İdeya insanların
(filosofların, sənətkarların, dinçilərin) düşüncəsi, seçdiyi
ulusların ruhu vasitəsi ilə gerçəkliyi düşünüb anlayır və
yaradır.
Gerçəklik başdan-ayağa onun düşüncəsindən və "əlindən" çıxır.
Deməli, gerçəkliyi düşünəndə "əlindən" çıxanları, düşüncəsindən
çıxanları düşündüyü üçün həm də Özünü düşünür. Ən nəhayət, Ruh
fəlsəfənin "əli" ilə tapır ki, bütün başqa olan nəsnələrin
hamısının kökündə, özülündə o Özü durur, çünki hər nəsnədə Ruh
iştirak edir (yada salın "Quran" kəlamını: hər nə varsa, məhv
olacaq, Onun Üzündən başqa). Deməli, İdeya hər nəsnədə Özünü
biləndən sonra Özünə qayıdır.
Yola düşmüşdü başqa yana, gəlir çıxır özünə
Ancaq bu səyahətin bir xeyri olur. Səyahətin sonundakı İdeyanın
"Öz"ü başlanğıcdakından qat-qat dolğun olur (səyyahlar da elə
dəyişmirmi?!).
Təsəvvüfdə yol
Təxminən eyni motivlər daha öncə Əttar tərəfindən işlənmişdi.
Məhəmməd peyğəmbər merac zamanı Allaha doğru səyahətə çıxır. Tanrı
qatında Ona baxmağı gözləyəndə qeybdən səs gəlir ki, Məni özündən
qıraqda axtarma, Mən elə sənəm. Özündə axtar məni.
Meracın bu versiyası başqa şəkildə Əttarın "Məntiq ət-Tayr"
poemasının süjetində və ideyasında durur. Tanrı təcəllisini
(parlayıb görüntüyə çıxmasını) bildirən Simurq quşunu görmək üçün
quşlar səyahətə çıxırlar. Axıra 30 quş qalır. Simurq onlara
görünmək üçün 30 təcəlli verir: hər quş özünü görür.
Əttarın yol, səyahət simvolikasında verilmiş bu sufi ideyaları
Batı mədəniyyətinə yaxşı tanış idi. Həmin ideya Borxesin bir
hekayəsində təkrar olunur. Onu da deyim ki, Andrey Tarkoviskinin
"Stalker" filmi bu planda Əttarla yaman səsləşir. Orda stalker
yazıçı və alimi olağanüstü (qeyri-adi) təsir gücü olan Zona ilə
görüşə aparır və axırda onların hər ikisi yenə özləri özləri ilə
qalırlar.
"Yol" bizlərdə
Yol simvolikası özünü güclü şəkildə Azərbaycan incəsənət
tarixində də göstərir. Nizaminin poemalarında səyahət, yola çıxma
strukturları hər yana səpələnib hadisələrin gəlməsinə, pisixoloji
halların yaranmasına ayaq verir, yəni onların oluşması üçün
strukturlar sərgiləyir.
Füzuliyə gələndə görmək olar ki, o, "Leyli və Məcnun" poemasının
konstruksiyasını yol biçimində duymuşdu:
Düşdü səfərim diyari-dərdə,
Kimdir mənə yar bu səfərdə?
Hər kimdə ki, vardır istitaət,
Dərdü ğəmü möhnətü qənaət,
Oldur bu müsafirətdə yarım,
Zövq əhlinə yoxdur etibarım.
Çağımızın böhranlarından biri
Başlanğıcla son mənzil arasında məsafə göz qırpımında keçilirsə,
yol strukturları sovrulub gedir və bunun sonucunda çox nəsnələrin
dadı itir. Əgər biz hər an istədiyimizi tapsaydıq, yaşam tamını
itirməzdimi? Pulun ləzzəti ilə bərabər əzabı odur ki, yola çıxıb
gedərək tapılanları bir anın içində gətirir. Əvvəl-əvvəl bu, adamı
mutlu edir. Ancaq sonra belənçi tez bazarlıq, becidlik adamı
üzür.
Çağımızdakı Uyqarlıq yol simvollarından yaxşı istifadə edir.
Realiti-şoular, çempionatlar son nəticəni yolun axırında verməklə
ləzzət yaradır. Ancaq o biri yandan, Çağdaş Uyqarlıq düymələrin,
qısa yolların mədəniyyətidir.
Biz pultun düyməsini basmaqla həməncə kanalları dəyişirik,
yarımfabrikatlarla biş-düşü qısaldırıq. Çağımızda, on beş yaşlıları
demirəm, otuz-60 yaşlıları deyirəm, bu adamlar üçün musiqi
dadını-tamını itirib. İnternet istənilən musiqini həməncə
otağımıza, maşınımıza gətirir. Hər yerdə musiqi olan toplumda
musiqi Çin malı kimi ucuzlaşmırmı? Bax bu anlamda deyirəm, bayaqdan
ləzzətlə anlatdığım "Yol" fenomeni çağımızda zəifləyə-zəifləyə
psixoloji böhran yaradıb.
1937.az