Milli Məclisdə bir deputat var. Əvvəl TV-lərin birində
aparıcılıq edirdi. İndi Parlamentin iclaslarında ağzını açıb
danışmağa başlayandan sonra spiker başda olmaqla bütün millət
vəkilləri az qala açıq şəkildə deyirlər ki, sən danışmasan, daha
yaxşı olar...
Hə, düz tapdınız. Söhbət Etibar Hüseynovdan gedir. Parlamentin
dünənki iclasında deputatın verdiyi təklifə diqqət edin:
"Ukraynada, Maydanda Azərbaycanın bayrağı dalğalanır. Rusiya
telekanalları da bunu dəfələrlə nümayiş etdirir. Hesab edirəm ki,
hər kəs Azərbaycan bayrağını qaldıra bilməz. Bu məsələ ilə bağlı
bir addım atılmalıdır, bayrağı harda gəldi qaldırmağı qadağan edən
hansısa sənəd olmalıdır. Bu barədə səfirliklərə məlumat
verilməlidir".
Spikerin cavabı doğrudan da layiqli idi: "Etibar müəllim, sənin
tormozun yoxdurmu?" Bunun qarşılığı bilirsizmi nədir? Yəni "Hər kəs
Azərbaycan bayrağını qaldıra bilməz" nə deməkdir? Bu sözü deyən
insan necə deputat seçilə bilər? Dövlət əhəmiyyətli qanunların
qəbul olunmasında bu təfəkkür sahibi olan birisinin səsvermə hüququ
fəlakətimizdən xəbər vermirmi? Etibar Hüseyn Ukrayna hadisələridən
danışmazdan əvvəl bir neçə millət vəkili bu məsələyə toxundu.
Spiker onlara bildirdi ki, bu məsələdə Azərbaycan bütün dövlətlərin
ərazi bütövlüyünü dəstəkləyir və yaxşı olar ki, millət vəkilləri
digər məsələlərdən danışsınlar. Etibar Hüseyn isə özü ilə gətirdiyi
kağızdan çıxışını səsləndirməyə və yenidən Ukrayna hadisələri ilə
bağlı danışmağa başladı. Kağıza yazdıqlarının özündən əvvəl
deyilməyinə baxmayaraq, deputat həmin mövzuya yenidən qayıtdı.
Sözün yoxdur, danışma! Nə məcburdur? Gərək mütləq çıxış edəsən? Bu
adam Milli Məclisdə çıxış edəndə bilirsiniz kimlərə bənzəyir?
Əlində təsbəh səhərdən axşama qədər çayxanada oturub ABŞ-ı "niprav"
çıxaranlara...
Prezident seçkiləri ərəfəsində deputatın parlamentdən dediyi
sözlərə fikir verin: "ATƏT-in rəyi dəysin başlarına. Onların hansı
yuvanın quşu olmasını neçə illərdir ki, Qarabağ məsələsində
tutduqları mövqe ilə görmüşük. Onları ümumiyyətlə? bu ölkədən
qovmaq lazımdır. Şərəfsizlər"... Bu ritorika ilə dünya siyasətini
incələyərlər? Belə açıqlama ilə də bəyanatlara reaksiya verərlər?
Bu ki kənd arvadlarının bulaq başındakı qarğış-qeybətindən o yana
keçmir! Sonra da Etibar Hüseyn sosial şəbəkədə tez-tez gənclərin
ona olan nifrətindən yazır və deyir ki, səbəb "bu hakimiyyətin,
Prezident İlham Əliyevin siyasi yolunu dəstəkləməyimdir". Əvvəla,
bu sözün özü ciddi yanlışlıqdır. Necə yəni, hakimiyyəti
dəstəklədiyiniz üçün sizə nifrət edirlər? Bu, haradan çıxdı?
Ölkənin saysız-hesabsız aktiv gənci Prezident İlham Əliyevin siyasi
kursunu dəstəkləyir. Bəyəm, onlara nəsə deyən var? Bununla nə
demək, kimi yanıltmaq istəyirsiz? Olduqca absurd fikirdir!
Bəlkə, "əks tərəfdə olan, fərqli düşünən gənclər" nəzərdə
tutulur? Hətta həmin gənclər nəzərdə tutulursa da, yenə yanlış
yanaşmadır. İqtidarı dəstəkləyənlərin heç biri başqa cür düşünən
gənclərin hədəfində deyil. Məsələn? Elə biri Aydın Mirzəzadə...
Sosial şəbəkələrdə ən radikal adamdan belə Aydın Mirzəzadənin
şəxsiyyətini alçaldan bir cümləyə rast gəlməzsən. Deməli, Etibar
Hüseynin sosial şəbəkələrdə gülüş hədəfinə çevrilməsinin səbəbi
ayrıdır və bu ayrı səbəb elə bayraq məsələsində özünü göstərdi.
Deputat bir neçə ay öncə 20 Yanvar faciəsinin sevgi qəhrəmanı
olan Fərizə ilə bağlı da ağlasığmaz fikirlər səsləndirmişdi. Vətən
uğrunda şəhid olan sevgilisi və sevgisi uğrunda şəhidliyi seçən bir
xanım barədə "Fərizəyə bəraət qazandırmaq olmaz" deyən millət
vəkili, yaxşı olar ki, öz həyatına baxsın. 23 il bundan əvvəl
Fərizə intihar edəndə onun 20 yaşı var idi. Bir cəsarətli addımı
ilə 9 milyonun rəğbətini, sevgisini qazanıb Fərizə - çünki əxlaqa,
milli dəyərə uyğun addım atmışdı. Etibar Hüseynov ondan sonra 23 il
də yaşayıb, neçə nəfərin sevgisini, ehtiramını, etibarını qazanıb?
Azərbaycanın neçə faizi içində tanınır? İlhamın, Fərizənin olduğu
mərtəbədə hansı birimiz Etibar Hüseynovu görə bilərik?
Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar. Yəqin ki, 2015-ci il
parlament seçkilərindən sonra Etibar Hüseyn də öz işiylə məşğul
olacaq...