Mənim "Əsrdən uzun gün"üm…
Dünyada ən ağır şey həyatının mənası sandığın insanı
itirməkdir…
Mən onu qəfil itirdim, amma bu itkiyə heç hazır deyildim…
Əllərimlə yola saldığım atamın cənazəsini qarşıladım bir gün
sonra…
Dünyada ən sevdiyin adamı qara torpağa verməkdən dəhşətli məqam
yoxdur insan üçün…
Dayanmadan onun bumbuz olan cənazəsinə baxarsan, baxasan (və
əlindən heç bir şey gəlməyə… – Əlindən gələnlər də gəlməyə
artıq)…
Artıq səni tərk etdiyini anlamaq istəməzsən. Yoxluğunu qəbul edə
bilməzsən… Ən dəhşətlisi onu torpağa vermək istəməzsən… Bir gün onu
torpağa verə bilməmişdim…
Onun soyuq bədəni ilə yanaşı uzanmış, dərdləşmişdim onunla – gah
üsyankarcasına, barışmazlıqla, gah səssiz, sözsüz – göz yaşları
ilə, için-için ağlayaraq "danışırdım" onunla…
Bir gün onunla vida söhbətini bitirə bilməmişdim… O qədər gözəl
anılar qoymuşdu ki, xatırlayıb bitirə bilmirdik…
Bir gün boyunca onu torpağa tərk etməyim üçün bir səbəb
axtarmışdım, ailəsinə, övladlarına qarşı bir yanlışını tapmağa
çalışmışdım, amma tapa bilməmişdim…
O bir gün uzunu onun soyuq üzünü sığallamışdım… Soyuq payız
günündə əllərimi isidib onu oxşamışdım… Dayana bilməz bu acıma,
bəlkə dönər, deyə…
Ona sevdiyi şeirləri söyləmişdim, mahnıları zümzümə etmişdim -
bəlkə məni qoyub getməz deyə…
Dayanmadan ağlamışdım… Mənim bir damla göz yaşıma dayana
bilməzdi – özgə vaxtı… Bəlkə məni gözüyaşlı qoymaz deyə ümid
edirdim…
İnanmamışdım öldüyünə… Dərin bir yuxuya gedib, tibbdə bəzən
nadir də olsa belə olur – öldü deyilən insanlar bir neçə saat sonra
yenidən həyata qayıdıblar… Hər ötən saat ümidimə qənim olmuşdu… –
saatlar başa çatır, nəfəs yoxdur ki, yoxdur…
O müdhiş gün… nə həkimləri dinləyirdim, nə din adamlarını, nə
yaxınları… Onu torpağa vermək istəmirdim… O, məni belə asanlıqla
tərk etməzdi, deyirdim… O, məni belə tərk edə bilməz, söz vermişdi
deyirdim…
Çingiz Aytmatovun "Əsrdən uzun gün"ündəydim sanki…
Nəhayət, yuxusuzluqdan, davamlı ağrı-acıdan, ah-fəğandan sonra,
fizikam, metafizikam da mənə dönük çıxımışdı, qaliba –
yorulmuşammış, gecədən keçmiş yuxuya getmişəmmiş.
Yanımda idi… Mənə baxırdı, gülümsəyirdi, "getməliyəm" deyirdi,
"sənə söz – səni heç zaman tək qoymayacam" deyirdi… Bu nə qəribə
hal idi: tərk edə-edə tərk etməməyə söz vermək! – mənim
oxuduqlarım, öyrəndiklərim bu halı yorumlaya bilmirdi…
Səhəri dünyada ən sevdiyim adamı əllərimlə torpağa verdim…
Əllərimlə üstünə torpaq da atdım… "Sən ən yaxşı ata idin" dedim!..
Sonra da torpağa baxıb "qürrələnmə, sən onu məndən ala bilməzsən!"
dedim. Çünki sevgiləri ilə könüllərdə taxt quranları torpaq ala
bilmir; İşıqlı xatirələri ilə yaddaşlarda taxt quranları torpaq
çürüdə bilmir. Onlar hər zaman bizimlə olur. Yanımızda olmasalar da
biz onların sevgisini, şəfqətini, dəstəyini hiss edirik. Hiss
edirik!
Bir həftədir özümü çox pis hiss edirdim. Hər zaman belə anlarda
ona daha çox ehtyacım olar. Çünki sağ olsa, onunla paylaşardım,
sözləri, sevgisi ilə mənə güc verərdi, özümü güclü hiss
edərdim.
Dünən axşam yuxuya getməzdən öncə "sənə yaman ehtiyacım var"
dedim. Gəldi… Bilirdim gələcək… O, hər zamankı kimi ən çox
güvəndiyimdi – gəlməyə bilməzdi!.. Uşaq kimi sevinirdim… dərdləşdim
onunla…
Səhər yuxudan oyananda özümü daha yaxşı hiss edirdim. Güzgü
qarşısında saçlarımı darayanda bir neçə ağ saç sataşdı gözümə. Və
anladım ki, əslində neçə yaşımızın olmasına baxmayaraq, hər zaman
onlara bir cocuq kimi ehtiyacımız var.
Çünki…
Onlar Allahdan sonra hər zaman güvənə biləcəyimiz tək
varlıq(lar)dır…
Onlar ömürlərinin sonuna qədər bizi qarşılıqsız, təmənnasız sevən
tək varlıq(lar)ıdır…
Onlar yaşımızdan asılı olmayaraq hər canımız yananda,
kədərlənəndə, dərdimiz olanda utanmadan, sıxılmadan sığındığımız və
sığınmaq istədiyimiz əsas varlıq(lar)dır…
Onlar bizim üçün canından belə keçməyə hazır, bizimlə üzülüb,
bizimlə sevinən ən gözəl varlıq(lar)dır…
Onlar atamız və anamızdır!
Onlar yaşımızdan asılı olmayaraq yanında hər zaman özümüzü çocuq
kimi güvəndə, arxalı hiss etdiyimiz varlıqlardır…
Onlar hətta dünyadan köçəndən sonra belə bizi tək qoymayan
əvəzedilməz varlıqlardır…
Onlar atamız və anamızdı!..
Yeddi il keçir…
Amma o yenə gəldi…
Mənə deyirdi ki, mən onun ən qiymətlisiyəm…
Mənə deyirdi ki, hər şey yaxşı olacaq…
Mənə deyirdi, yenə gələcəm!..
Övladlar olaraq hamımız onların dəyərini daha çox bilməliyik.
Bizdə atalar və analar günü yoxdur. Türkiyədəki kimi bizdə də
onlara özəl bir günün bayram olmasını çox istərdim. Atalar günü və
analar günü! Amma əslində ilin hər günü atalar və analar günü
olmalıdır. Çünki onlar özəldirlər…
Onlar Yaradandan sonra bizi qarşılıqsız, təmənnasız sevən və hər
nə olursa olsun bizə sahib çıxanlardır(lar): yanlışımızla,
doğrumuzla; uğursuzluğumuzla, uğurumuzla; pisimizlə, yaxşımızla;
hər şeyimizlə…
P.S. Bu gün düz 11 il keçir o gündən...