Yaxınlarda oğlum bərk soyuqlamışdı. Nənəsi dedi ki,
ciddi şey deyil, həkimə ehtiyac yoxdur, gətir kürəyini keçi piyi
ilə ovxalayaq, belini yodlayaq, keçib gedəcək. Apararsan həkimə,
pis dərman yazarlar, uşağa bir şey olar, evimiz
yıxılar.
Anam belə şeylərdə ustadır, amma ürəyim lap arxayın olsun deyə,
onun sözünə baxmadım, oğlumu apardım xəstəxanaya. Özüm dəfələrlə
azarlamışam, soyuq olub, qrip tutub, mədəm, ürəyim, böyrəyim
ağrıyıb, heç birində həkimə getməmişəm; lap ağrıdan ölsəm də,
yerimin içində ilan kimi qıvrılsam da. Ona görə də xəstəxana
məsələsində çox təcrübəsizəm.
Həkimlərimiz haqqında əsas məlumatım mətbuatda oxuduğum
xəbərlərdən ibarətdir: filan cərrah xəstənin sağ ayağının əvəzinə
solu kəsdi, tələbə qız burun əməliyyatında öldü, doğuş zamanı
işıqlar söndü, ana dünyasını dəyişdi və s.
Bu cür xəbərlər istər-istəməz məndə travma yaradıb, Azərbaycan
səhiyyəsinə iynənin ucu boyda da inamım qalmayıb. Həkimlərimiz
fərli olsaydı, bir az imkanı olan adam müalicə üçün xaricə üz
tutardımı? Yerli xəstəxanalarımız canının qədrin bilməyənlər
üçündür.
Bu həkimlərə potensial qatil kimi baxıram. Ola bilər yaxşı
həkimlərimiz də var, amma inam yoxdur. Hətta məni düzgün müayinə
etsələr də, lap müalicəmi düzgün yazsalar da, yenə şübhəli qalıram.
Kimsə bizim həkimlərin əməliyyat stolundan salamat çıxsa da, xeyri
yoxdur, elə bilirəm təsadüfən sağ qalıb.
Oğlumu xəstəxanaya aparan kimi qorxumdan həkimin cibinə bəri
başdan 50 manat qoydum ki, birdən elə bilər pul-zad verən deyiləm,
uşağa səhv dərman yazar, ya ciddi baxmaz. Həssas ata ürəyindən
həmişə qəribə hisslər keçir, həkimə 50 manat verəndən sonra nə
fikirləşsəm yaxşıdır? Birdən elə başa düşər cibinə pulu az
qoymuşam, məsuliyyətsizlik edər, bizi başından eləyər, oğluma pis
dərman yazar.
Daha utanmaqdan keçmişdi, əl atıb həkimin cibinə qoyduğum 50
manatı çıxartdım, özünə göstərdim, üzündəki razılıq əlamətini hiss
eləyəndən sonra təzədən qaytarıb cibinə qoydum. Ürəyim
sakitləşdi.
Həmişə uşağı həkimə aparanda əynimi-başımı yaxşı geyinirəm ki,
həkimlər elə bilsin pullu adamam, balama yaxşı baxsınlar. Anasına
deyirəm ki, əvvəlcə saç salonuna get, bəzən-düzən, həkimin yanına
ürəklə gir, heç nədən qorxub çəkinmə, ayaqqabılarını döşəməyə bərk
vur, qonşudan-zaddan iki-üç dənə qızıl sırğa al, üst-üstə hamısını
tax qulağına, qoy kasıb olduğumuz bilinməsin.
Biz dəfələrlə həkimləri bu cür aldatmışıq. Axırda "sağ ol" deyib
getdiyimizi görəndə qanları qaralıb. Bəlkə də ürəklərində peşman
olurlar ki, mən niyə o uşağa diqqətlə baxdım, niyə o uşağa yaxşı
müalicə yazdım? Buna görə özlərini bağışlaya bilmirlər.
Gələn dəfə başqa həkim yanında gedirik, onu da beləcə
aldadırıq.
Bakıda aldatmadığım həkim qalmayıb. Məni bir ata kimi bu cür
anormal vəziyyətə saldığına görə Azərbaycan səhiyyəsinə
minnətdarlığımı bildirirəm.