İllər keçir. Tarix dəyişir. Zaman başqa-başğa
ideologiyaların və siyasətin ortaya çıxması ilə
dəyişir.
…Həqiqətlərsə ölmür. O həqiqətlər ki, yalanın və yaramazlığın
boğaza qalxdığı, həqiqətlərini itirmiş insanların həqiqətə
çevirdikləri yalanların tüğyan etdikləri dönəmdə meydan sulayan
yaramazlıqların içində belə özünü saxlaya, qoruya bilir. Zaman ötüb
keçir, amma o həqiqət ölmür və ilk fürsətdə tarixin daşlaşmış
səhifələrindən baş qaldırıb özünün gerçəkliyini sübuta yetirir.
Yaşadığımız ömür, etdiklərimiz əslində, gələcəyimizi
şəkilləndirir. Amma biz indiyə elə aludə oluruq ki, bunu anlamaq
istəmirik və düşünürük ki, hər şeyi məhz elə indi, bu anda
yaşadıqlarımız müəyyən edir. Bəlkə o anda yaşadıqlarımız bizi elə
kor edir, ya da anlamaq bizim eqomuzu zədələdiyindən bunu etməyə
həvəsli olmuruq.
Azərbaycan eqoizmin və kor-koranə özünü bəyənmənin dolub-daşdığı
bir məmləkətdir və bu ölkənin hansı dönəminə baş vurursan, ordan
bir naqislik seli üstünə axıb az qala səni boğur. Dünya sanki bizim
başımıza fırlanır kimi özümüzü göyün yeddinci qatına qaldırıb elə
zənn edirik ki, biz yer kürəsinin ən ali və ən istedadlı
kəsləriyik.
Beləyikmi?
Bəlkə doğrudan istedadlıyıq? Axı təkçə yaxşı olmaq, yaxşı
yazmaq, oxumaq, səsi olmaq və daha nələrlə, bir sözlə, fəzilət
sahibi olmaqla istedad olmur axı... Bunun bir qəbahəti də var və
orda da istedadlı olmaq olar. Məsələn, yaxşı söz sahibi olarsan,
amma o sözü yaltaqlanmağa həsr edib qətl edərsən. Yaxşı danışmaq
qabiliyyətin olar, amma danışdıqların yalan olar. Gözəl səsin olar,
amma onu bir digərinə yaltaqlanmaq üçün oxuduğun mahniya sərf
edərsən. Yaxşı rəssam olarsan, amma durub şəri vəsf edən şəkil
çəkərsən.
Məgər bunlar istedad deyilmi? İstedaddır. Özü də insanın
içindəki işığı və insanlığı amansızcasına qətlə yetirən
istedad!
Məsələn, bu "istedadın" nəticəsində bu gün Süleyman Rüstəmin
Rəsulzadəyə yazdığı şeirə bənzər söz yığınağını oxumalı oluruq.
Süleyman Rüstəm yəqin ki, o zaman aldığı mükafatlardan şövqlənib
yazdığı bu şerlə əslində, bu gününü inşa etdiyinin fərqində
olmayıb. Zənn edib ki, Rəsulzadəni, onun qaldırdığı 3 rəngli
bayrağı aşağılayır, amma nafilə, əks olub və bu gün öndərin
qaldırdığı bayraqla təmsil olunan bir ölkədə Süleyman Rüstəmə nə
qədər yer var, bunu bir düşünmək lazım...
Azərbaycanda insanın özünü, ruhunu və düşüncələrini,
yanaşmalarını qorumaq çox cətindir. Bura elə bir məmləkətdir ki,
daima qəzəbin daşa çəkilir, itilənir. Daima kinin dolub daşsın deyə
tətiklənir. Daima insanlığından yoxsullaşmaq üçün səni buna vadar
edən əməllərlə qarşılaşırsan…
Adətən biz həmişə şikayətlənirik ki, hansısa ölkədə yaşayan,
orda nüfuza sahib olan böyük bir ziyalımız niyə məsələn,
ədəbiyyatımızın təbliği üçün bir iş görmür. Niyə bunu etmir, onu
etmir deyib qınayırıq. Amma bir düşünürük ki, bu ziyalı ora gedib
çıxana qədər nələrlə üzləşib bizim üzümüdən, bizdən hansı
namərdliyi görüb, hansı ümidlərini məhv etmişik?! Onun içini
ümidsizlik və küskünlüklə doldurmaq üçün bacardığımızı deyil,
bacarmadığımızı belə etmək üçün əlimizdən gələni ardımıza
qoymamışıq?!
Bunu düşünmürük və umuruq. Qarşımızda ölkə, onun insanı adına
barmağını belə tərpətməyən birini görəndə onun məhz bizim əsərimiz
olduğunu düşünüb özümüzü qınamırıq…
Mərdi qova-qova namərd etməkdə xüsusi istedada sahib olan xalqın
əslində, mərdlik potensialı namərdlik potensialından qat-qat üstün
olsa belə, orda mərdlik yürüməyəcək.
Bütün bunları düşünürsən və az-çox qürur yerimiz olan
insanlarımıza baxıb təsəlli edirsən ki, nə yaxşı ki, bu qaranlığı
aydınlada biləcək işıqlar var. Ömürləri şam kimi ərisə də,
qiymətlərini almadan yansalar da, nə yaxşı ki, bu şəxsiyyətlər
olub.
Bir də onu düşünürsən ki, nə yaxşı ki, keçən əsrin aydınları
olub sonradan ölkədən uzaq düşmüş insanlar burda yaşamayıb, buranı
tərk edib mühacirətə gediblər. Çünki qorxursan… "Bəlkə burda
qalsaydılar, onlar da içini, ruhunu qoruya bilməzdi" düşünüb
qorxursan.
Qorxursan ki, qaranlıq zolağında yaşamağa üstünlük verənlərin
sayı daha da cox olardı.
Bir də onu düşünürsən ki, bu ölkədə qaranlıq zolaqda işıq olmağa
gücü yetən insanlar olmasaydı, kimə və nəyə istinad etmək
olardı?