Türkiyə Fətullah Gülənin "Yaşıl kartı"nı ləğv etdi və bu arada
onun necə "Yaşıl kart" alması yada düşür.
2008-ci ildə Fətullah Gülən ABŞ da yaşamağa və fəaliyyət
göstərməyə imkan verən "Yaşıl kart" ("Green Card") almaq üçün
müraciət edir, ancaq ona mənfi cavab verilir. Bu o mənaya gəlir ki,
Gülən bir ay ərzində ABŞ-ı tərk etməlidir. "Nur" camaatının lideri
məhkəməyə üz tutur. ABŞ dövlətinin Miqrasiya idarəsindən şikayətçi
olan nur camaatının liderini "Klasko", "Rulan", "Stock Seltzer"
kimi dünyaca məşhur hüquq büroları müdafiə edir.
Vəkillər məhkəməyə təqdim etdikləri müdafiə xarakterli
dosyelərlə Gülənin Roma Papası II İohann Pavel ilə Vatikandakı
görüşünü, yüzlərlə qəzet, jurnal və televiziyalarda haqqında müsbət
xarakterli materiallar olduğunu, qurduğu "maarifçi" hərəkatın
dünyanın nüfuzlu universitetlərində konfrans və seminarlar təşkil
etdiyini və Amerika da daxil olmaqla dünyada yüzlərlə məktəb
açdığını məhkəmənin diqqətinə çatdırır.
Cavabında dövlət ittihamçısı "Gülən camaatı"nın heç də
maarifçiliklə məşğul olmadığını, çap etdirdikləri kitabların dini
tərkibli və təbliğ xarakterli olduğunu, Fətullah Gülən haqqında
yazılan müsbət yazıların dini camaatın özünün media qurumlarında
yazıldığını qeyd edir. Məhkəmənin gedişində prokurorluğun iddiaları
sübut olunduqca, Gülənin Amerikada qalmağı və fəaliyyəti sual
altına düşürdü.
Bəs necə oldu ki, Gülən "Green Card"ı ala
bildi?
Maraqlısı odur ki, məhkəmənin qalibi Fətullah Gülən olur. CİA-da
çalışan və ABŞ-ın xarici siyasət kursunu bəlli edən şəxslərin
Fətullah Gülən haqqında məhkəməyə yazdığı rəylər və xahiş
məktubları onu xilas edir. ABŞ-ın keçmiş dövlət katibi Madlen
Olbraytın da içində olduğu bu qrup Fətullah Gülənin Amerikada
qalmağına tərəf durub, məhkəmədən dini camaat liderinin iddiasını
təmin etməyi rəsmi şəkildə xahiş edib. Xahiş məktubu yazan
insanların arasında CİA-nın analitik departamentinin direktoru Corc
Fidas da var. Yunan əsilli anti-türk olan Fidas rəy məktubu yazan
CİA mənsublarından sadəcə biridir. Başqa kim var? "Kamalizm öldü,
Türkiyə mötədil islama sarılmalıdır" (Qraham Füller: "Yeni Türkiyə
cümhuriyyəti" kitabı) deyən CİA-nın Türkiyə ofisinin keçmiş rəhbəri
Qraham Füller də var. ("Qurdlar Vadisi" serialında Aron Feller
obrazı Qraham Fullerin prototipidir. - T.Q.)
Kəşfiyyatçılar Gülənə "Green Card" verdirir
İş karyerasına CİA-da başlayıb sonra diplomat olan ABŞ-ın
Ankaradakı keçmiş səfiri Morton Abramoviç də Füllerdən geri
qalmayıb. O da məhkəməyə Gülənin müdafiəsi üçün məktub yazıb. Çoxu
kəşfiyyatçılar olmaqla 26 nəfərin rəy məktubundan sonra 10 oktyabr
2008-ci ildə Fətullah Gülənə Amerikada qalmağa, yaşamağa və
fəaliyyət göstərməyə icazə verildi. Elə həmin məhkəmə prosesindən
bir ay keçməmiş, Rusiyada nurçuların təqibinə start verildi. Bütün
Rusiya mediası Fətullah Gülən camaatının Rusiya və bölgə üçün
təhdid olduğunu yazmağa başladı. Səbəb Gülən camaatının Amerika
Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətinə keçməsinin açığa çıxması
idi.