Təhsil nazirliyi tədrisin keyfiyyətini qaldırmaq üçün
düşünüb-daşınıb və qərara gəlib ki, dərs ilini uzatmaq lazımdır.
Düz 3 həftə... Demək 3 həftəyə tədrisdə olan bütün problemlər
əməlli-başlı aradan qalxacaq...
Amma buna kimsə, yəqin heç Təhsil Nazirliyinin özündə belə
inanmırlar. Çünki bu tədris sistemi ilə şagirdlər 10 ay yox, lap 12
ay da dərsə getsələr, kimsə bir nəticə əldə edə bilməyəcək. Çünki
tədrisdə olan problemlər heç də vaxtın qısa olması ilə bağlı
deyil.
İyun ayında dərsə gedəcək, yayın istisindən əziyyət çəkəcək
şagird görəsən necə oxuyacaq, necə toparlanacaq, görəsən belə bir
fikri ortaya atanlar bunu nəzərə alırmı?
Düşünə bilərlər ki, Avropada da şagirdlər yay fəslində dərsə
gedir. Amma Avropada hava şəraiti bu deyil, yay Azərbaycandakı kimi
sərt deyil. Bir də əgər Azərbaycanda dərs ili qısadırsa və əgər
bütün problemlər bundan qaynaqlanırsa, onda bayramların sayını
azaltmaq olar.
Ümumiyyətlə, Azərbaycanda tədrisdə olan problemləri vaxtın
azlığı ilə izah etməkdən absurd bir şey yoxdur. Digər ölkələrlə
müqayisədə bizdə dərs ilinin qısa olmasını deyənlər onda niyə demir
ki, bizdə də eynən o ölkələrdə tətbiq olunan kuriklum sisteminin
tətbiq edildiyinə baxmayaraq, şagirdlər evdə də yüklənir, onların
dərs seçimindəki könüllülük prinsipi nəzər alınmır. Proqramlar hər
sinifdə şagirdlərin qabiliyyətinin səviyyəsinə uyğun hazırlanmır?
Niyə dərslər məktəbdə mənimsədilə bilmir və şagirdlərə bu qədər ev
tapşırığı verilir.
Axı dərs ilinin uzun olduğunu əsas gətirdikləri ölkələrdə bütün
bu problemlər yoxdur. Şagirdlər bu qədər süni şəkildə yüklənmir.
Müəyyən yaşdan sonra məktəblilərin peşə qabiliyyətinin artırılması
üçün proqram həyata keçirilir.
Bəlkə bizdə dərs ilinin qısa olmasının nəticəsidir ki, məktəbdə
verilən təhsillə kimsə universitetlərə daxil ola bilmir?!
Repetitorluq az qala tədrisin üstünə qalxıb.
Azərbaycanda dərslərin keyfiyyətinə baxanda və yuxarı siniflərdə
şagirdlərin kütləvi şəkildə repetitor yanına getməsi hətta qəti
deməyə əsas verir ki, heç yuxarı sinifdə məktəbə getmək lazım
deyil, ali məktəbə daxil olmaq istəyən biri repetitor yanına gedib
istəyinə çata bilər.
Daha məktəbə gedib artıq vaxt itirməyin nə mənası var ki?!
Yəni problem bu qədər qabarıqdır.
Bu və digər problemlərin əhatəsində boğulan təhsil sistemindənki
naqisliklərin aradan qaldırılması üçün qalxıb da vaxtın uzadılması
haqqında düşünmək məncə ən son ediləcək işin ən birinci edilməsi
kimi bir şeydir.
Dünyada tədris müddəti uzun ola bilər. Amma orda məktəblinin vaxtı
istismar olunmur. Məsələn, məktəbli rəsm, bədən tərbiyəsi, musiqi
kimi dərslərə boş baxmır. İdman dərsində uşaq istədiyi bir idman
sahəsini seçib onunla məşğul olur. Musiqidə bir aləti seçib onu
çalmağı öyrənir. Rəsm dərsində də həmçinin...
Amma bizdə uşaqların vaxtı bu kimi dərslərin boş keçməsi ilə
əlindən alınır. Bu da onların vaxtdan səmərəli istifadə haqqındakı
təsəvvürlərini elə uşaq olarkən zədələyir. Bəlkə də elə bunun
nəticəsidir ki, Azərbaycan insanı sistemli şəkildə vaxtını
dəyərləndirə bilmir?!
Bəlkə də elə bunun nəticəsidir ki, çayxanalar, kafelər bu qədər
dolub-daşır...
Yaxud da Azərbaycan məktəblərində şagirdlərin şəxsiyyətinin
alçaldılması, onları qorxaq, başıaşağı böyütmək istəyi də vaxtın az
olması ilə bağlıdır? Axı bu bir faktdır ki, Azərbaycan
məktəblərində şagirdə insan kimi yanaşılmır. Onun nə istədiyi və nə
hiss etdiyi nəzərə alınmır. Hələ bu azmış kimi bir az fərqlənənlər
az qala ağ qarğa kimi lənətlənir və hər vasitə ilə sındırılıb
aşağılanmağa çalışılır.
Sadaladığımız və sadalamadığımız səbəblərin aradan qalxması,
şagirdlərin bu işgəncələrə daha çox məruz qalmaması üçün vaxtı
uzatmaq lazım deyil, cənablar?
Problem bu deyil və nədənsə məndə o əminlik var ki, siz də bunu
yaxşı bilirsiniz.
Bəlkə bunlar islahat xətrinə dəyişikliklərdir, necə
bilirsiniz!?