Son dövrlər Bakıda aparılan söküntü işləri ilə bağlı
tez-tez insanların etiraz xəbərlərini oxuyuruq. Onlar evlərinin hər
hansı bir tikinti şirkəti və ya idarə tərəfindən satın alınmasına
deyil, ödənilən kompensasiyaya etiraz edir.
Maraqlıdır ki, bu, artıq Bakı və ətrafı üçün adi hal alıb.
Dörd-beş ildir ki, paytaxtda yaşayan sakinlər Bakının abadlaşması
adı altında aparılan söküntü işlərindən əziyyət çəkirlər. Çünki
vətəndaşın aldığı pul onun yeni ev almasına yetmir. Bakıda satılan
evlərin qiyməti o qədər bahadır ki, verilən pulla nəinki mərkəzdə,
hətta kənarlarda belə ev almaq mümkün deyil.
Bakıda satılan evlərin qiyməti ilə vətəndaşdan alınan evlərə
görə verilən qiyməti müqayisə edəndə ziddiyyət ortaya çıxır. Çünki
əgər söhbət ev bazarındakı qiymətlərdən gedirsə, onda hər hansı bir
tikinti şirkəti və ya idarə də bu bazarda olan qiymətləri nəzərə
almalıdır.
Artıq illərdir ki, bu problem olsa da, hər dəfə hardasa bu
xarakterli bir iş başlayırsa, orda etirazlar baş qaldırır, amma
buna rəğmən hər hansı bir yol tapılmayıb.
Belə olanda da vətəndaş çarəni yol bağlamaqda tapmaq
istəyir.
Bəzən Bakının hansısa məhəlləsindən keçəndə ordakı dağınıqlıq və
xarabalıqları görüb düşünürəm ki, bu yerlər doğurdan da
sökülməlidir. Çünki keçən əsrin əvvəllərində tikilmiş evlərdə
şəraitsiz şəkildə yaşamağı kimsə istəmədiyi kimi, Bakıda yaşayan
kimsə də bu şəhərin görünüşünə xələl gətirən hansısa tikilinin
qalmasını istəməz. Amma iş burasındadır ki, bu keçən əsrdən qalmış
evdə yaşayışını qurub az-çoxdan həyatını təmin edən insanlar
birdən-birə evsizliklə üzbəüz qalırlar. Çünki çox hallarda
aldıqları kompensasiya ilə yenidən ev qurmaq hardasa
mümkünsüzdür.
Hər dəfə Bakının abadlaşdırılması, hansısa parkın salınması adı
altında aparılan işlər vətəndaşın baş bəlasına çevrilir. Bakı
gözəlləşirsə, elə bu da vətəndaşın rifahı üçün edilir. Yaxşı,
vətəndaşın rufahı naminə edilən işlərdə niyə elə çanaq da məhz
vətəndaşın başında çatlayır?
Bəs görəsən ödənilən pul vətəndaşın rifahına xidmət etmirmi?
Bəlkə məsələ qənaət məsələsidir?
Söhbət qənaətdən gedirsə, onda ildə iki dəfə sökülüb-tikilən
parklara xərclənən pullara daha ciddi nəzarət etmək olar. Niyə məhz
vətəndaşa gələndə qənaət yada düşür? Şişirdilmiş xərcləri kəsib
pulu vətəndaşa vermək niyə bu qədər tilsimə düşüb?
Bir də əgər bu işləri tikinti şirkətləri aparırsa, dövləti işə
qatmadan vətəndaşla razılaşma əldə olunmalıdır.
Artıq Bakıdakı tikinti işləri abadlıqdan, tikinti işləri
olmaqdan çıxıb əmməli-başlı deportasiyaya çevrilib. Hər dəfə bu
kimi problem qabaranda vətəndaş başını tutur!
Yaxud da satın alınan evlərin yerində tikilən yeni binalarda
niyə vətəndaşa mənzillər təklif olunmur? Ya da elə bu gün xəbəri
yayılan etirazda ümidsız qalmış Pirşağı sakinlərinə yol tikintisinə
görə plana düşmüş evlərinin əvəzinə bir az kənarda elə həmin
tikintini aparan şirkət tərəfindən evlər tikilib verilmir?!
Bir sözlə, illərdir bu problem hər dəfə qabarır, amma kimsə bir
yol tapmaq arzusunda deyil.
Ümidsiz qalan vətəndaş da çarəni yol bağlamaqda görür.