Uşaq vaxtı şiəliyin nə olduğunu bilmirdim. Məhərrəm ayı daxil
olan kimi biz uşaqların da müsibəti başlardı. Elə yanıqlı
mərsiyələr deyilərdi ki, adamın saçı ürpəşərdi, hamının çöhrəsinə
kədər qonardı, insanlar bir-biri ilə doğma balası ölmüş adam kimi
davranardı. Kişilərin gözündən gildir-gildir yaş axmağını, nalə
çəkib ağlamağını ilk dəfə aşura mərasimində görmüşdüm. Bu olay
adamı sarsıtsa da qəribə bir toxdaxlıq verərdi. Göz yaşı ilə
bərabər adamın bütün mənfi enerjisi çıxardı. Adamlar daha təbii
görünərdi, imanın dərəcəsi insanların davranışları ilə
ölçülərdi...
Uşaq vaxtı çox dəcəl idim, ancaq hər dəfə belə olayların şahidi
olanda yazıqlaşardım, canıma vəlvələ düşərdi. Dərs oxumağa da həvəs
olmazdı, süstlük, ətalət basırdı.
Evlərdə dövlət məmurlarından gizlin teşt qoyulardı, kəndin
qadınları yığışıb ağlayardı. Kişilər isə daha çox məscidin
həyətində düzənlənmiş mərasimə qatılardılar. Mərasimdə iştirak
etməyənlər elin qınağına tuş gələrdi. Bir də ki, insanlar şəbihlərə
baxmaqda sanki maraqlı görünürdü, ildə 10 gün heç kimin işinə mane
olmurdu, əksinə, hər kəs bunu özünə borc, savab və müstəhəb iş
sanardı.
Kəndin düz ortasında məsciddən azca aralı bir inanc yeri - ocaq
vardı. Hər kəsin əlavə bir ümid yeri idi. Nəzir qutusunu ocağın
içindəki yastı dairəvi içi oyuq daş əvəz edərdi. İnsanlar nəzir
qoyub, ocaq sahibindən nicat, şəfa istəyərdi...
Ocağın yanı hər kəsin toplaşdığı yer idi, çünki məscid də, dükan
da, məktəb də yaxınlığındaydı. Aşura mərasimi də məhz burda təşkil
olunar, insanlar "şaxsey-vaxsey" deyib sinə döyərdilər.
Ələm götürmə səhnəsində iştirak etmək hər adamın işi deyildi.
Ələmin cuşa gəldiyini görəndə bütün şək-şübhələrimizi boğmağa
çalışardıq, ələmin qorxusundan "Ya Hüseyn, Ya Hüseyn", "vaveyla"
deyib sinə döyərdik ki, ələm, yəni tuğ bizə toxunmasın…
Kimsənin dəstədən ayrılmağa, şəkk ilə yanaşmağa, ayinləri yerinə
yetirməməyə cürəti çatmazdı, çünki hər kəs ələmin insanların
içindən keçənləri duyduğunu deyirdi. Ona görə də adamlar inanclı
görünməyə çalışardı. Rəngli yaylıqlarla bəzədilmiş tuğ adamı
vahiməyə salardı...
Bu ayinlər gündüz icra olunardı. Şönük düşən kimi kənddə
"vaveyla", "Ya Hüseyn" səsləri gələrdi...
Cavanlar ələmlə qapı-qapı düşüb ev sahibinə çoxlu dualar edib
nəzir alardı. Həmin ayində ən məhşur fraza "Yezidə, Şümürə lənət"
idi.
Mərasim bitən kimi nəzir pulları dəstə arasında bölünər,
yığılmış puldan ələm gəzdirənin haqqı ikiqat ödənilərdi. Bəzən pul
üstündə dəstə arasında dava düşərdi.
Ələmin "dirisi" bir yana, "ölüsündən" də qorxardım, odur ki,
gecə ayinlərində iştirak etməzdim.
Kənddən ayrılanda uşaq yaddaşımı - adığım mənəvi sarsıntıları da
özümlə bərabər şəhərə gətirdim. Anladım ki, İransayağı məzhəb
davası gedir və mənim təsəvvür etdiyim şiəlik daha qutsaldır.
Əhli-beyt, İman Hüseyn sevgisi ilə yaşasaq da, uşaq yaddaşımda
ilişib qalan bəzi qorxunc və radikal ayinlərə hələ də nifrət
edirəm.