Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Yanvar 2020


Lənkəranski və Lotu Quli... – Biz nəyi səhv edirik?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğrular başa çıxanda doğrular yaddan çıxır

Yəqin, diqqət etmisiniz, son zamanlar bizim mətbuatda cinayətkar avtoritetlərə diqqət yaman artıb, onlar haqqında mütəmadi xəbərlər verilir, silsilə yazılar dərc edilir. Əslində, qanun oğrusu olan bu adamlara hətta mətbuatda “qanuni oğrular” deyilir. Sanki bir dəstə müxbir bu oğruların dalınca gəzir, çalışır ki, onların dediyi bir “qiymətli” söz də diqqətdən kənarda qalmasın, mətbuat səhifələrində yer alsın, başa çıxarılsın. Əvvəllər Rövşən Lənkəranskidən yazırdılar, onun adını başlığa çıxarırdılar: “Lənkəranski Rusiyada “göyərti kralı” oldu, İtaliyada yüz milyonluq biznes qurdu”, “Lənkəranski Ukraynadan gəldi, Dubaya getdi, Dubaydan İstanbula səfər getdi”, “Bakıda milyonerlər məhəlləsində villa aldı, Neon şadlıq sarayına sahib oldu” və sair və ilaxır.

Cinayətkar avtoritet 2016-cı ildə Türkiyədə qətlə yetirildikdən sonra bizim həmkarlar onun yaxasından əl çəkdilər. Amma “müqəddəs yer boş qalmaz” deyirlər, diqqəti başqa bir qanun oğrusuna yönəltdilər: “Lotu Quli azadlığa buraxıldı”, “Lotu Quli Gürcüstana getdi”, “Quli Türkiyəyə səfər etdi, İstanbulda türkiyəli avtoritetlərlə şəkil çəkdirdi”, “Rusiyada göyərti bazarlarını ələ aldı, milyonlarını artırdı”, “Dubaya getdi, oğrularla internet-müşavirə keçirdi” və s... Bu siyahını sonsuzluğa qədər uzatmaq olar, amma həmkarlarımızın qanun oğrularına diqqətini başa düşmək olmur.

Bu məsələ ilə əlaqəli rus saytlarını vərəqləyirdim, maraqlı bir statistikaya rast gəldim. Deməli, bir şəhərdə bir qanun oğrusu varsa, təcridxanadadırsa, həmin şəhərdə mülkiyyət əleyhinə olan cinayətlər bir neçə dəfə, şəxsiyyət əleyhinə olan cinayətlər isə ən azı iki dəfə artır. Əgər həmin qanun oğrusu azadlıqdadırsa, cinayətlərin sayı dəfələrlə artır, artıq kriminal durumun nəzarətdən çıxmaq, əmin-amanlığın pozulmaq təhlükəsi yaranır. Ağıllı adamlar nahaq yerə demirlər ki, oğru türmədə olmalıdır. Axı, bir az cəsarətli olsaq, hər şeyi öz adı ilə çağırsaq, bu adamlar, faktiki olaraq, cəmiyyətin düşmənləridir, bir nömrəli düşmənləridir. Axı, onların qamarladığı milyonlar oğurluqdur, haramdır, cəmiyyətin - mənim, sənin - halal insanların malıdır.

Bakıda “məşhur” rusdilli sayt var, onun məlum təsisçi-jurnalisti Lotu Quli azadlığa buraxıldıqdan dərhal sonra İstanbula səfər etdi (etdimi?!), cinayətkar avtoritetin silahlı sarayından operativ bir reportaj verdi. Kommersiya məqsədli düşük bir material idi (guya Quli türmədə dünya ədəbiyyatını öyrənirdi), amma həmin jurnalistin həmin avtoritetlə türmədə “qol-boyun”çəkdirdiyi və yazıda “reklam” kimi yerləşdirdiyi şəkillər mənim diqqətimi cəlb etdi. İnternetdən tapıb siz də baxa bilərsiniz. Bizim bəla-jurnalist cəmiyyətin bir nömrəli düşməni ilə şəkil çəkdirməkdən qürur duyduğunu gizlətmir, yaxın olduğunu göstərmək (oxu: yaxın gələcəkdə bu şəkillərdən kommersiya məqsədilə istifadə etmək) üçün qolunu onun boynuna salır. Cinayətkar avtoritet də cəmiyyətdə məlum “reputasiya”ya malik bu adamla yaxınlıqdan üzüldüyünü (üşəndiyini demək daha düzgün olardı) qətiyyən gizlətmir, üzünü cevirir, hətta bir az geri çəkilir. Bu şəkillərin cəmiyyətə verdiyi mesajlar aydındır: jurnalist quldurun qarşısında baş əyir, ona salam verməsi (“bəy mənə salam verdi”) ilə fəxr edir. Mən başa düşürəm, indiki qızğın rəqabət şəraitində oxucu sayı, xəbər marağı, şəxsi maraqlar var. Amma şəxsi maraqlardan başqa bu dünyada milli maraqlar, peşə namusu kimi dəyərlər də var...

Fikrimcə, burda bir haşiyə çıxmaq, oğrulardan uzaqlaşmaq, doğrulardan danışmaq yerinə düşərdi. “Bəlkə də bu fikrimdən xeyli sarsılacaqsınız, bəlkə də inanmayacaqsız, amma mənim bu günə kimi qarşılaşdığım ən igid insan məhz azərbaycanlı olub”. Diqqət edin: bunlar tanınmış rus jurnalist Aleksandr Nevzorovun fikirləridir. Nevzorov isə məlum olduğu kimi, bizim dostumuz deyil, azərbaycanlılara, ümumiyyətlə, qafqazlılara münasibətdə hətta şovinist də deyil, faşist mövqeyi (yəni bizi aşagı sayır – Q.A) tutan bir adamdır. Amma o da həqiqəti danmaq istəmir, dana bilmir, azərbaycanlı əsgərə “ən igid insan” deyir, onun haqqında xatirələrini davam etdirir:

“Onun adı Vəzir idi. Orucov Vəzir Yusif oğlu. Vəzirin üstü-başı kirli idi, buşlatından balıq qoxusu gəlirdi. Saçlarına artıq dən düşmüş bu ortaboylu, arıq kişi xarici görünüşünə görə digərlərindən elə də seçilmirdi. Amma...

Yaxşı xatırlayıram, azərbaycanlıların mənim də olduğum Goranboy batalyonu darmadağın edilmişdi. Batalyonun Sərsəng vadisindən geri çəkilən əsas qüvvələri arxa cəbhədən onları aparmağa gələn avtobuslara minməyə tələsirdi, yer uğrunda əsl mübarizə gedirdi. Həmin vaxt gördüm ki, bir nəfər UAZ-ı işə salaraq, insanların qaçdığı tərəfə getmək istəyir. O yerə ki, orada güllələr dolu kimi yağırdı, dəhşətli qırğın gedirdi. Yüzlərlə meyit torpağa səpələnmişdi, üst-üstə qalanmışdı, hər şey yanırdı, partlayırdı və ermənilər durmadan bütün silahlardan atırdılar.

...Həmin adamın da məhz o istiqamətə getdiyini görəndə ona dedim ki, "sən ölümə gedirsən, dəlisən?" Dedi ki, "bilirəm, amma mən getməliyəm, orda yaralılar var".

Bu adamın cəsarəti mənə də sirayət etdi, ona qoşuldum, birlikdə getdik. Orada qarşılaşdığımız mənzərə gözlədiyimizdən daha dəhşətli idi. Çünki getdiyimiz yerdə əslində heç bir erməninin olmadığını gördük. Bir müddət sonra məlum oldu ki, döyüşənlər əslində ermənilər tərəfindən muzdla alınmış Pskov xüsusi təyinatlılarıdır. Ona görə onlar azərbaycanlıları həmin vadidən çox asanlıqla çıxara bilmişdilər.

Xüsusi təyinatlılar Vəzirin UAZ-ını vurub, bizi maşından düşürdülər, əsir aldılar. Güllələməyə hazırlaşırdılar. Özümü təqdim etdim, Pskov desantları məni tanıdılar. Dedilər ki, sən bizim tərəfə keç. Mən də təbii ki, “heç bir problem yoxdur" deyib keçdim. Vəzirlə nə edəcəklərini soruşdular. Bu zaman "buraxın, getsin" dedim və mənimlə razılaşdılar. Ardınca ratsiya vasitəsilə hər kəsə xəbər verdilər ki, indi bir azərbaycanlı qaçacaq, onu vurmayın.

Vəzir tələsmədi, bir müddət vurulmuş maşında eşələndi və avtomatını tapdı. Sonra sakitcə mənə yaxınlaşdı, əlimi sıxdı və getdi. Bəli, qaçmırdı, çox rahat şəkildə, asta-asta gedirdi. Hətta o qədər məğrurcasına yeriyirdi ki, Şekspirin heç bir qəhrəmanı o cür gedə bilməzdi.

Getdikcə sanki kürəyi ilə deyirdi ki, "baxın, kürəyimi sizin hədəfinizdədir, vura bilərsiniz. Mən bunu bilirəm, amma qaçmayacağam". O, hətta atəş səsləri eşidiləndə belə diksinmirdi, addımlarını sürətləndirmirdi. Xüsusi təyinatlılar güllələri havaya atırdılar".

Bəli, bizim mətbuat əsl qəhrəmanları yaddan çıxarır, bilərəkdən, ya bilməyərəkdən cəmiyyətin düşmənlərini populyarlaşdırır, onları cəmiyyətə, az qala, qəhrəman obrazında təqdim edir. Şübhəsiz ki, mətbuatda qanun oğruları, cinayətkar avtoritetlər haqqında da məlumatlar getməlidir, amma üç tipli verilməlidir: “həbs edildi”, “həbsdən azad edildi”, “həyatını itirdi”. Vəssalam. Mətbuat cinayətkar aləmin, onun liderlərinin reklamı ilə məşğul olmamalıdır. Mətbuatın cəmiyyətə təsiri böyükdür, mətbuat ictimai fikrə təsir etmək, oğrunu da, doğrunu da populyar etmək gücünə malikdir. Oğruların populyar olduğu cəmiyyətdə isə uşaqlar kosmonavt olmaq, milli qəhrəman səviyyəsinə ucalmaq yox, qanun oğrusu adı almaq arzusu ilə yaşayırlar... Qonşu Gürcüstanın nümunəsi göz önündədir... Bizdə də vəziyyət yaxşı deyildir, məhz bizim mətbuatın (daha doğrusu, bəzi həmkarlarımızın) səylərinini nəticəsidir ki, bizim gənclər Vəzir Orucov, Asif Məhərrəmov, Şirin Mirzəyev kimi qəhrəmanlardan xəbərsizdirlər, məşhur Hüseynov qardaşları haqqında məlumatlı deyillər, amma Rövşən Lənkəranskinin, Lotu Qulinin adını əzbər bilirlər. İndi mən deməyim, siz deyin görək, onlar ürəklərində kimə oxşamaq istəyirlər, gələcəkdə kimin yolunu tutmaq istəyəcəklər?!

Düşünürəm ki, çıxış yolu var, nə qədər gec deyil, ziyanın yarısından qayıtmaq mümkündür və lazımdır. Mətbuatla işləyən əlaqədar qurumlar işə qarışmalı, qanun oğruları mövzusuna imkan dərəcəsində “tabu” qoymalı, bu istiqamətdə, ən azı tövsiyə xarakterli fikirlərini bildirməlidirlər. Qələm əhli olaraq biz də qanun oğruları mövzusundan imtina etməli, cəmiyyətimizə, gənc nəslimizin tərbiyəsinə faydalı olan mövzulara üstünlük verməliyik. Nə qədər ki, Qarabağ müharibəsi davam edir, milli qəhrəmanlarımızın adı hər gün çəkilməli, gənclərimiz onların nümunəsində tərbiyə edilməlidir. Hər bir məktəbli bilməlidir ki, bizim qəhrəmanlar kimdir, onlar qazilik, şəhidlik zirvəsinə necə ucalıblar… Hər bir əsgər deməlidir ki, mən onlar kimi döyüşmək, Azərbaycanı onlar kimi, onlar qədər sevmək istəyirəm… Onda bizim qələbəmiz də yaxın olar, real olar, gələn illərə qalmaz, sabah olar… Qəhrəmanlar qələbədən sonra da yaddan çıxmamalıdır, şanlı xatirələri daim anılmalıdır, gənclərimiz, gələcək nəsillərimiz bilməlidir ki, xalqımızın necə qəhrəman övladları olub və biz mənfur düşmənə məhz onların sayəsində qalib gəlmişik. Vətən yanğısı, millət sevgisi bizə onlardan ərməğandır, estafet kimi gələcək nəsillərə aparmalıyıq.

Tarix
2018.09.19 / 12:54
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Lotu Bəxtiyar Tagilə gəldi, amma bizi “tapşırmadı”

İrəvan 100 milyonlar qazana bilər: Bakı qarşısını almalıdır - SOS

O, ömründə belə qəribə heyvan görməmişdi...

Akif Əlizadənin çadır verdiyi hərəkatçı...

Ona hədiyyə gətirən alimi elə pərt etdi ki...

Əlikram anasını necə ağlar qoydu…

Polis vicdansızların qarşısındadır

Ağdamda həbs edilən Fred Asifin - İnanılmaz taktikası

“Siçovulları” və bədbəxtləri efirə niyə çıxarırıq?!

Oğlumun qəza və ölüm “xəbəri”ni belə aldım

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla