Mənim nəzərimdə yaxın tariximizin canlı əfsanələrdən
biri - jurnalistikamızın ağsaqqallarından olan görkəmli alim,
pedaqoq, mətnşünas, araşdırıcı, BDU-nun professoru Şirməmməd
Hüseynovdur. Şirməmməd müəllimə böyük sayğı və ehtiramımın hardan
başlandığını düşünəndə maraqlı bir hadisə düşür yadıma.
Universitetin Filologiya fakültəsinin əlaçı və fəal tələbələrindən
olduğuma görə dekan müavini Şirməmməd müəllimlə səmimi
münasibətlərimiz vardı.
Ədəbiyyat dərnəklərindən tanıdığım, orda coşqun çıxışlar edən
Abbas adlı bir yoldaş bir gün mənə yaxınlaşıb "Sənə bir işim düşüb"
dedi. Abbas Jurnalistikada oxuyurdu, arada ciddi bir yaxınlığımız
da yoxdu, nə işi düşə bilərdi mənə? "Buyur!" dedim. Onun xahişi
məni təəccübləndirdi. "Şirməmməd müəllim mənə qiymət vermir, heç
kimi də eşitmir. Sənin xətrini istəyir, bəlkə mənim xahişimi
edəsən. Tələbələrə qarşı daha diqqətlidir, səni eşidər!"
"Müəllimləri də eşitmirsə, mənim deməyimin nə faydası?" deyib boyun
qaçırmağa çalışdım. Abbas əl çəkmədi.
Axırda məcbur edib, utana-utana Şirməmməd müəllimdən Abbasa
qiymət yazmasını xahiş etdim.
Mənim bu ərkim və cəsarətimdən əsəbiləşmədi, ancaq söhbətə xitam
verən bir şəkildə "O mümkün deyil!" dedi.
Mən də əl çəkmədim: "Niyə?" deyə soruşdum və Şirməmməd müəllimə
Abbası niyə müdafiə etməyimin səbəblərini izah etməyə çalışdım!
"Dərnəkdən tanıyıram, millətini sevən, qeyrətli oğlandır".
Şirməmməd müəllim: "Sənin öz yoldaşının xahişini eləməyə pis
baxmıram. Ancaq öyrənməsə, qiymət verməyəcəyəm. Yadında saxla, nə
qədər qeyrətli olur-olsun, savadı, biliyi yoxsa, bir gün biqeyrət
olacaq. Qeyrətini göstərmək üçün gərək ağlı, biliyi olsun, yoxsa
hər yerdə burnundan vurub oturdacaqlar yerində, yavaş-yavaş olacaq
gözüqıpıq, biqeyrət".
O qədər dəqiq bir yanaşma idi ki, heç nə deyə bilməzdin.
Təşəkkür edib ayrıldım. Şirməmməd müəllim bir neçə sözlə biliyin,
elmin əhəmiyyətini necə gözəl anlatmışdısa, o sözlər həmişəlik həkk
olundu yaddaşıma. Aradan uzun illər keçsə də, onun sözünü
unutmamışam və dəfələrlə misal çəkmişəm. Boş "mən qeyrətliyəm,
vətənimi sevirəm" deməklə düşmən qabağına çıxmaq olmaz. Cəbhənin öz
silahı var, dialoqun, masa arxasında, kürsüdə aparılan fikir
savaşının öz silahı. Ağıl və bilik silahı!
O söhbətlə mən Şürməmməd müəllimi özüm üçün kəşf etdim və mənə
dərs deməsə də, həmişə müəllim ehtiramı göstərdim ona.
Bilirəm ki, aramızdakı bu söhbəti o da unutmayıb.
Universitetin IV kursundan "Ədəbiyyat və incəsənət" qəzetində
işləməyə başladım. Dünənki müəllimlərimin bir çoxunu ayrı müstəvidə
- müəllif kimi gördüm, auditoriyada böyük görünənlərin bir çoxunun
araşdırmaçı və müəllif kimi cılızlığına təəccübləndim,
münasibətlərdə çox yaxınlaşmalar-uzaqlaşmalar oldu. Bəzi
müəllimlərimi unutdum, ancaq Şirməmməd müəllim daim öz ucalığında,
obyektivliyində qaldı. Universitet müəllimi ləyaqətini daim qorudu
və tələbələrin sevimlisi olmaq statusunu illər uzunu, bu günə qədər
qoruya bildi. Cəsarətli vətəndaşlıq mövqeyinə, sözünü hər yerdə
mərdi-mərdanə demək bacarığına, şəxsiyyət bütövlüyünə görə sevdiyim
insanlardan birinə çevrildi.
Sonra qəfildən bizim arzuladığımız günlər gəldi; hamının gözünün
qabağında SSRİ, "Titanik" gəmisi kimi, göz görə-görə suyun dibinə
getməkdəydi. Lakin hər bir ağıllı adamın gördüyü bu labüd sonluq da
bir çoxlarını ayılda bilməmişdi; "bu boyda imperiya dağıla bilməz,
sus, birdən XII Qızıl Ordu gələr, nəslimizi kəsər" psixologiyasıyla
yaşayan və düşünənlər çox idi.
Real vəziyyəti görən, sonucun nə olacağını düşünmədən həqiqəti
deyən az ziyalı vardı ortada; onlardan biri də Şirməmməd Hüseynov
idi.
1989-cu ildə mənim bərpa etdiyim və əsrin sonunda Azərbaycan
milli, demokratik mətbuatının ilk qaranquşu olan "Azərbaycan"
qəzeti o illərdə bir məhək daşıydı. Bir çoxları qorxularından
qəzetə yaxın düşmürdü, ünvanıma yüzlərlə alqış dolu məktubla yanaşı
ölüm hədələri də gəlirdi; belə vaxtda Şirməmməd müəllim bizim ən
ürəkli və ardıcıl müəlliflərimizdəndi. O mətbuat tarixi, Məmməd
Əmin Rəsulzadənin fəaliyyəti, 1930-cu illərin qanlı repressiyaları
ilə bağlı çox dəyərli yazılar yazır, böyük milli əhəmiyyəti olan
sənədləri ortaya çıxarırdı.
Qədim ədəbiyyatımız bir yana, XIX-XX yüzillərin mətbuatını
diqqətlə oxuyub incələyən alimlərimizin, mətnşünasların sayı
get-gedə azalır.
Belə bir dönəmdə Şirməmməd müəllim bütün enerjisini Azərbaycan
Xalq Cümhuriyyətinin (1918-1920) və ona qədər ki, demokratik
mətbuatın araşdırılmasına, mətnlərin bərpasına və çapına verdi.
Xüsusən milli ideologiyamızın liderlərindən, cümhuriyyətin
qurucularından biri olan Məmməd Əmin Rəsulzadənin bir çox əsəri
məhz onun qeyrəti, inadkarlığı ilə aşkarlanıb mətbuat səhifələrinə
çıxarıldı.
Məmməd Əmin Rəsulzadə irsi çox zəngin və çoxtərəflidir. Onun
toplanması və nəşri bir elmi institutun işidir. Lakin Şirməmməd
Hüseynov bu işlə on illər boyu təkbaşına məşğul olmuşdur.
Rəsulzadənin Türkiyə mətbuatındakı əsərlərini toplayan əziz
dostumuz Əli Yavuz Akpınarla Şirməmməd müəllimin bu sahədəki
xidmətləri əsil alim qəhrəmanlığıdır.
Şirməmməd müəllim sadiq dost və gözəl insandır. Bu baxımdan onun
unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadə ilə dostluğu sözümün
təsdiqidir. Bəxtiyar müəllimin Bakıdakı və Şəkidəki evlərində ən
çox və ardıcıl gördüyüm ürək sirdaşlarından biri Şirməmməd müəllim
idi. Bütün söhbətlərinin başında da Vətən, Millət, Azadlıq, Ədalət,
milli problemlərimizin həlli və s. dayanırdı.
Şirməmməd müəllimi heç vaxt, heç yerdə soyuq, biganə, ürəksiz,
cəsarətsiz danışan görmədim. Həmişə ən vacib, ən yaxşı bildiyi
şeylərdən, ən əsası millətin tale məsələlərindən danışır. Buna görə
də yüksək səslə və cəsarətlə danışır.
Məncə onun uzun və şərəfli yaşamağının bir səbəbi də budur.