Şərab və
İnsan
"Şərab və insan" mövzusunda danışmaq istəyirəm. Araşdırmaq
istəyirəm ki, görəsən, niyə insan şəraba bu qədər meyl edir,
illərlə zərrə-zərrə, damcı-damcı canına qəsd edir? Görəsən, şərab
insanları necə yoldan çıxarır, hərəni bir cür, yoxsa hamını eyni
cür aldadır? Bəlkə, doğrudan da günahkar zəmanədir, bəlkə hər kəsin
taleyi öz əlindədir, şair demiş, işində, gücündə, əməlindədir?
Şərab haqqında eşitdiklərimi, oxuduqlarımı, gördüklərimi şəxsi
təcrübəmin süzgəcindən keçirib kağıza köçürmək niyyətindəyəm.
Təcrübəm isə böyükdür, mənim şərabla tanışlığım hardasa 30 ilə
yaxındır. Amma bu tanışlıq heç zaman dostluğa çevrilməyib.
Bilmirəm, bu onun, ya mənim istəyimdəndir, bəlkə də bəxtimdəndir.
Tanıdığım, hətta ürəkdən bağlandığım insanlar arasında isə şərabla
dost olanlar az deyil. Bəzisi indi də əzmlə bu dostluğu davam
etdirir. Bəziləri isə şərabla dostluğa öz həyatlarını veriblər.
Düşünürəm ki, şərabın dostlarını üç qrupa bölmək olar.
Birincilər, hamıya məlum olan, el arasında
"alkaş", "alkoqolik" adlanan həmin məxluqlardır ki, başlarındakı və
bəxtlərindəki boşluğu şərabla doldurmaq istəyirlər. Bunların
şərabla dostluğu instiki, bəlkə də irsi bir məsəlsdir. Bunlar elə
bil ki, anadangəlmə aludəçilərdir, bunlar üçün şərab narkotik
kimidir. Odur ki, "keçmiş narkoman olmur" misalı bunlara da aiddir.
Evdən yalnız iki fikirlə çıxırlar: harada içmək və kiminlə yatmaq.
İkincini hər deyəndə tapmasalar da, birincini həmən tapırlar, çünki
nə olsa, harda olsa içirlər. Yaşa dolduqca, "kiminlə yatmaq"
problemi tamam aradan çıxır. Şərab sözün əsl mənasında onları
həyata səsləyən yeganə stimula çevrilir. Ayıq vaxtı da sərxoş kimi
səndələyirlər, ayaqlarını gen qoyub, matros kimi yellənə-yellənə
gəzirlər. İçəndən sonra isə onları evin dalında, pilləkannın
altında, hətta gölməçənin içində axtarmaq lazımdır. Bunlar
karikaturaçı rəssamlara geniş material verən həmin ikiayaqlı
məxluqlardır.
İkincilər istedadlı, yaradıcı insanlardır. Öz
güclərinə inanırlar, həyatda özlərinə arxayındırlar. Həyatda öz
yerlərini tapsalar, yaradıcı təxəyyülün hesabına çox uzağa gedə,
görünməmiş zirvələr fəth edə bilərlər. Amma həyatda öz yerlərini
tapmayanda, ya da tale onlara zərbə vuranda şəraba üz tuturlar.
Onlarda şəraba qarşı andangəlmə həvəs olmur, bu, onlarda irsən
keçən yox, necə deyərlər, sonradan qazanılan xəstəlikdir. Şərabla
tanışlığa da ayıq başla, qalib gələcəklərinə, ondan istifadə
edəcəklərinə daxili bir inamla gedirlər. Özlərini aludəçi yox,
istifadəçi hesab edirlər. Əvvəllər şərabdan dərman kimi iyrənirlər,
hətta ona nifrət edirlər. Yeni başlayanda hamısı deyir ki, araqdan
dərman iyi qəlir. İlk vaxtlar bu dərmanı içmək istəmirlər, az qala
özlərini zorlayıb içirlər. Hər dəfə içəndə xəstələnirlər, elə bil
ki, zəhərlənirlər. Əvvəllər xəstəlik günlərlə çəkir, özünü pis hiss
edirsən, hər gün içmək istəmirsən, sonra yavaş-yavaş öyrəşirsən.
Şərab narkotik kimidir, gündəlik norma bilmir, getdikcə daha çox
içirsən və içdikcə daha çox istəyirsən.
Doğrudur, içki sənin başını dumanlandırır, amma bədəninə təsir
etmir, şərab səninçün adi bir şeyə çevrilir. Yəni nə qədər içsən də
özünü idarə edə bilirsən, harda içsən, özün durub evə gedirsən.
Öz-özünə öyünürsən ki, içkiyə öyrəşmirsən, istəyəndə içirsən,
istəməyəndə içmirsən. Amma bu tələdir, şərabın səninüçün, yüzlərlə
sənin kimi qurbanlar üçün qurduğu tələdir - o, səni uçuruma doğru
itələyir. Şərabın istifadəçisi olmaq üçün illər, aludəçisi olmaq
üçün isə on illər lazım gəlir. Həyat isə qısadır. İllər keçir, on
illər keçir, bir də görürsən başın, bədənin, bütün orqanizmin od
tutub yanır, şərab tələb edir. İçməyəndə yeyə bilmirsən, işləyə
bilmirsən, yaşaya bilmirsən, qanın qaralır, başın fırlanır. Hətta
əlin-ayağın əsməyə başlayır. Artıq şərabı tələbat kimi, dərman kimi
içməyə başlayırsan (artıq uçurumun başındasan!), yenə aldanırsan,
güman edirsən ki, o, sənə kömək edir. Amma o, səni uçurumdan aşağı
– "alkaşlığ"a itələyir…
Üçüncülər dahilərdir, Allahın sevdiyi, seçdiyi
şəxsiyyətlərdir, anadangəlmə liderlərdir. Olsun ki, Allah onları
xarizmatik bir lider yaratmaq istəyib, ağlı, istedadı, özünə inamı
yox deyincə verib. Amma özləri hardasa səhv ediblər, taleyin
pilləkanında büdrəyiblər. Bu adamlar daim birinci olmaq, kütləni
arxasınca aparmaq, Allah vergisi olan nəhəng enerjilərini
reallaşdırmaq istəyirlər. Amma həmişə alınmır, bəzən onların -
anadan dahi doğulanların da bəxti gətirmir, oxu daşa dirənir. Bu
zaman onlar içərilərində olan odu, alovu, ehtirası şərabla
söndürmək istəyirlər, alovlu bir ehtirasla şəraba hücum edirlər.
Bu, od püskürən yanğının coşqun sellərlə toqquşmasına bənzəyir. İlk
nəzərdən adama elə gəlir ki, od suyu yeyəcək, məhv edəcək. Şəraba
hücum edən dahilər də belə düşünür, şəraba qalib gəldiklərini zənn
edirlər. Şərab onlara ilham verir, "namərd" dünya ilə "sən"lə
danışmağa imkan verir…
Kefin kökəlir, özünü saxlaya bilmirsən, sözləri, cümlələri
dəyirman kimi üyüdüb tökürsən. Amma beynin saat kimi sərrast
işləyir, hər fikir nizamlı əsgər kimi yerindədir, öz növbəsini
gözləyir. Hər fikir vəhy kimi sanki qeybdən gəlir, dahiyanə, dəqiq
və orijinal səslənir. Dünənki hadisələr beynində bu gün kimi
canlanır, fikirlər paraddakı hərbi hissələr təki sıralanır. Sən
onları istədiyin kimi götürə, istədiyin yerə düzə bilirsən. Sən
aydın danışa bilirsən, çünki aydın düşünürsən. Sən kütləni ətrafına
yığmağa və arxanca aparmağa qadirsən. Şərabın gücü də bundadır -
beynini günəş kimi işıqlandırır, yalanı sənin dilinlə deməyə
başlayır. Sən taleyin səndən aldığını şərabdan almağa başlayırsan,
yenə də aldanırsan.
Amma bütün bunlar müvəqqətidir, ötəridir. Allahın qəzəbinə
gəlmiş sələmçi kimi şərab da hər nə versə, artıq alandır, dedikləri
də hamısı yalandır. Bəli, şərabla dost olanların niyyəti bir olmasa
da, aqibəti bir olur. Birincilər gölməçənin içində düşüb qalırlar,
hətta bu cür həyatdan zövq alırlar. İkincilər isə şərabdan asılı
vəziyyətə düşürlər, içməsələr yaşaya bilmirlər, yavaş-yavaş
alkoqolikə çevrilirlər. Odla suyun mübarizəsi isə uzun çəkmir, bir
qayda olaraq, soyuq su isti odu söndürür, məhv edir. Dahilər bu
dünyadan tez gedir…
Əli müəllim
Olduğu kimi qalıb yaddaşımda Əli müəllim (məlum səbəblərdən
adını dəyişmişəm). Hündür alnı, zabitəli baxışları vardı. Əyninə
həmişə taleyi kimi qara kostyum (öz sözləridir - Q.A) geyərdi, daha
da ciddi görünərdi. Taleyin acısını çox tez dadmış, ağır faciə
yaşamışdı. Həyat yoldaşı gənc yaşında bədbəxt bir təsadüfün qurbanı
olmuş, onu iki körpə uşaqla bir dam altında tək qoymuşdu. Kişi kimi
davam gətirmişdi taleyin zərbəsinə. Universtetdə dərsinə, elmi
işinə baxmayaraq, evlənməmişdi, şəxsi həyatını iki balasına qurban
vermişdi, "evə ögey ana gətirmərəm" demişdi. Amma bu dərd ona yer
eləmişdi, onun dünyasında şəraba yer eləmişdi.
Fiziki şikəstliyi olsa da, ümidi əsaya qalsa da, civə kimi bir
yerdə qərar tutmazdı, xeyirdən-şərdən qalmazdı. Səsi gah
Naxçıvanından, gah Şamaxıdan, gah da Şuşadan, Lənkərandan gələrdi.
Qohumlarının, dostlarının, qonşularının, hətta tələbələrinin toyuna
gedərdi. Əsil məclis adamı idi. Yaxşı tamadalığı vardı, bala-bala
vurduqca səsi açılardı. Elə bil ki, Levitan azərbaycanca danışardı.
İndi də gözlərimin önündədir, toy aparır Əli müəllim.
Azərbaycanın məşhur adamları ilə dostluq edirdi, evinə tanınmış
yazıçılar, xalq artistləri gəlib-gedirdi. Yaxşı, savadlı müəllim
idi, tələbələri onu çox sevirdi. Özü də uşaqla uşaq, böyüklə böyük
olmağı bacarırdı. Keçmiş tələbələrindən imkanlı, vəzifəli olanları
vardı, onu yaddan çıxarmırdı. Yaxşı yadımdadır, 91-92-ci illər,
ağır vaxtlar idi. Rəhmətlik zəng etdi, məni çağırdı. Yaxın qonşu
idik, bir binada yaşayırdıq. Yaş fərqimizə baxmayaraq, dostluq
edirdik, tez-tez görüşürdük. Bu dəfə də gəldim. Əli müəllimin kefi
bir az yuxarı idi, stolun üstündəki yarımçıq "Rasputin" də bundan
xəbər verirdi. Dedi mənə rayondan bir qoç gətiriblər, biz də evdə
üç nəfərik, bu qədər əti neynirik. Oğlum sənə kömək etsin, əti
doğrayın, qonşuda kasıb adamlar var, paylayın. Elə də etdik, hələ
adama bir-iki şiş kabab da çəkdik, "Rasputin"lə yavaş-yavaş
əritdik. Arada nə isə götürmək üçün balkona çıxdım, "Rasputin"i
yeşiklə gördüm…
Deyirlər, dərd də çiçək kimidir, buketlə gəlir. Əli müəllimin də
bəxtinə dərd buketlə gəldi. Kürəkəni Moskvaya getdi, bir daha
qayıtmadı. Qızı körpə uşaqla evdə tək qaldı. Universtetdə oxuyan
oğlu narkotrafikə qoşuldu, tutuldu, on il iş aldı. Əli müəllim
üzdən sınmasa da, bərk dayansa da, daxilən sındı, taleyindən
incidi, şəraba güc verdi. 90-cı illərin axırları idi. "Ulduz"
jurnalında Qarabağ müharibəsi ilə əlaqədar povestim çıxmışdı. Zəng
etdim, Əli müəllimgilə getdim, üstünü yazmaq, ona bağışlamaq
istəyirdim. Stolun üstündə iki şüşə vardı, biri boşalmışdı. Özü də
qocalmışdı, başı ağarmış, ağzı boşalmışdı. Məni gördü ağladı, "Mən
Allaha neyləmişdim?!" sualı ünvanladı. Cavab verə bilmədim…
Bir neçə ay sonra gözümdə yaş, qəlbimdə təlaş onun yas
mərasimində iştirak edirdim… Həmin sualı ürəyimdə təkrar edirdim…
Onun qohumları, tələbələri, dostları da burada idi. Bircə oğlu
aramızda deyildi…
Vaqif Mamedoviç
Elmlər Akademiyasında işlədiyi institutda hamı onu bu adla
tanıyırdı. Ortaboylu qarayanız adamdı, keçmiş komissarlar kimi qısa
saqqal da qoyurdu. Mənimlə arası yaxşı idi, soruşurdum, müəllim, bu
saqqalı neynirsən? Gülürdü, deyirdi, mən adi adamlardan
fərqlənməliyəm, ya yox?
O, doğrudan da fərqlənirdi. Bəli, söhbət 1987-ci ildə
Konstitusiyadan 6-cı maddənin çıxarılması tələbi ilə çıxış etmiş,
başı bəlalar çəkmiş, Kommunist Partiyasını siyasi motivlərə görə öz
ərizəsi ilə tərk etmiş bir ziyalıdan gedir. O, artıq həmin dövrdə
bizə - gənc kommunistlərə gülürdü, deyirdi az qalıb, bu partiya
dağılacaq, SSRİ parçalanacaq. İnstitutda çoxusu onu dəli hesab
edirdi. Yaxşı yadımdadır, partiya iclaslarında siyasi söhbətlərinə
görə bizim qocaman akademiklərdən biri "onu güllələmək lazımdır"
demişdi. İşin tərsliyindən, heç kim onu güllələmirdi, hətta həbs
etmirdi. O isə dissident olmaq istəyirdi.
Vaqif Mamedoviç aspiranturanı Moskvada qurtarmışdı, elmlər
namizədi, istiyə davamlı, süni şüşələrin alınması üzrə respublikada
yeganə mütəxəssis idi. Amma onun ideyaları kimi, elmi də heç kimə
lazım deyildi. Faciə idi - bu səviyyədə savadlı, talantlı bir insan
həyatda özünə yer tapmırdı. Odur ki, yavaş-yavaş içkiyə qurşanırdı.
İki-üç nəfər savadlı, kimyaçı alim idilər, elə işdə "sobrazim"
edirdilər, spirti suya qarışdırıb hər gün içirdilər. Qayda belədir
- insanlardan küsəni şeytan öz tərəfinə tez çəkir.
Vaqifin yaxşı ailəsi vardı, öz aspirant yoldaşı ilə evlənmişdi.
İkisi də savadlı, rusdilli ziyalı idilər. Gündə bir neçə dəfə
bir-birinə zəng edər, hal-əhval tutardılar. Yadımdadır, Vaqif
yoldaşına "müəllimə" deyirdi, sonra gülə-gülə izah edirdi: "Xanın
arvadına xanım, bəyin arvadına bəyim deyilir. Mən müəlliməmsə,
deməli, arvadım da müəllimədir".
Amma Vaqif içkiyə qurşandıqca, münasibətlər də deyəsən
soyuyurdu. Artıq yoldaşı işə zəng etmirdi, Vaqif də bunu özünə dərd
etmirdi. Təbii ki, vəziyyət belə davam edə bilməzdi və günlərin bir
günü yoldaşı acıq etdi, uşağı da götürüb atası evinə getdi. Az
keçməmiş tamam ayrıldılar, daha bir ailə içkinin qurbanı odu. Mənim
dostum isə artıq başqa ideyalarla yaşayırdı…
Bir gün işə gülə-gülə gəldi, həmişəki kimi kefli idi. Cibindən
çıxardı, mənə bir kağız verdi. Açdım, əllə yazılan şer idi, Vaqif
hardansa köçürmüşdü. Oxumağa başladım, məni tutdu. İki dəfə
dalbadal oxudum. Nəhayət başımı qaldırdım, Vaqifin qıyıq gözləri
bic-bic baxırdı. "Hə, necədir?" - deyə soruşdu. Cavab vermədim,
şerin təsiri altından çıxa bilmirdim. Bu, Vladimir Vısotskinin
məhşur "Canavar ovu" idi. SSRİ-də ən çox qadağan olunmuş bir şey
idi…
Bəli, Vaqif SSRİ-dən getmək, mühacirət etmək istəyirdi. Həmin
zaman kəsiyində bu onun idealı idi. Artıq milli azadlıq hərəkatı
dalğaları ölkəni bürümüşdü, imperiyanın dağılacağı heç kimdə şübhə
oyatmırdı. Mənim uzaqgörən dostum isə həmişə kefli idi, deyirdi
ki,onun sınıqları altında qalmamaq, tez qaçıb qurtarmaq lazımdır.
Bu məqsədlə hər şeyə hazır idi. O, ümumiyyətlə çətin adam idi,
başına bir şey girsəydi, mıxla da vurub çıxarmaq olmazdı. Vaqif
Kuril adalarına getmək istəyirdi, deyirdi, SSRİ çökən kimi bu
adaları Yaponiyaya verəcəklər. Mən də avtomatik azad ölkənin
vətəndaşı olacağam, öz elmi işlərimlə məşğul olacağam, dünyada
şöhrət qazanacağam. Sonra isə gülə-gülə əlavə edirdi ki, Nobel
mükafatı alsam, size də yanıma çağıracağam. Artıq pul da tədarük
etmişdi, Bakıdakı evini satmış, pulunu keçmiş yoldaşı ilə tən yarı
bölmüşdü.
Vaqif Kuril adalarına gedəndən altı ay sonra işə teleqram gəldi
ki, bəs Xabarovskdayam, Bakıya gələ bilmirəm. Dostlar, yoldaşlar
birləşdik, ona yolpulu göndərdik. Yaxşı yadımdadır, yaz idi,
instituta yanıma gəldi, üst-başı pis gündə idi. Dedi, şərab
haqqında bir esse yazmışam, onu çap etməyə kömək edərsən? Dedim,
əgər azərbaycanca olsa, edərəm. Dedi, yox ruscadır. Dedim, Vaqif,
niyə yoldaşınla barışmırsan, heç olmasa gedib onlarda qalarsan…
Dedi, əvvəla, Vaqif yox, Vaqif Mamedoviç, sonra sən mənim xətrimi
istəyirsən, ya yox? Dedim, əlbəttə, istəyirəm. Dedi, onda bir araq
al, gedək Cəfərin kababxanasına, sən ki, tikan deyilsən, mənim
qəlbimə niyə girirsən?!
Vaqifin son iş yeri bulvardakı "İlan sərgisi" idi, gecələr
qarovulçu işləyirdi. Deyilənə görə, maaşından verib heyvanlara
yemək alırmış ki, ac qalmasınlar. Günlərin bir günü meymunları
yedirir, kefli olduğundan gözünə yuxu gedir. Qəfəsə salınmamış
meymunlar da sərgini, sözün əsl mənasında, tar-mar edirlər. Və
bunun üstündə onu işdən çıxarırlar. Son ümid yerindən məhrum olan
Vaqif Mamedoviç də borca bir araq alır, boşaldır, sonra özünü
dənizə atır…
Tahir
Tahirdən danışanda indi də gözlərim dolur. Halbuki iyirmi ildən
çoxdur ki, o, dünyada yoxdur. Məhləmizin yaraşığı idi Tahir. Onun
sağlığında məhlədə biri artıq-əskik hərəkət eləyə bilməzdi,
qız-gəlinə bir nəfər "lişni" söz deyə bilməzdi. Tahir belə oğlan
idi. Onunla ilk tanışlığım qəribə bir şəraitdə baş vermişdi. 80-cı
illərin axırları idi, Meydan hərəkatı artıq başlamışdı, mən hələ
Elmlər Akademiyasında işləyirdim. Günlərin bir günü taksi ilə
şəhərdən Çobanzadəyə, təzə evimizə gəldim. Taksi sürücüsü cığallıq
etdi, əvvəlcədən danışdığımız pulu qəbul etmədi, çox istədi. Mən də
ziddinə getdim, əməlli-başlı qalmaqal yarandı. Bir də gördüm,
əynində "Adidas" kostyum olan, qartal burunlu kürən bir oğlan
sürücünü yaxalayıb, deyir bir də bizim "akademik"lə işin olsa,
sənin ağzını cıraram… Nə isə, sürücünü Tahirin əlindən güclə aldım,
danışdığımız pulu verib yola saldım. Amma mənim adım o gündən
"akademik" qaldı.
Üstündən bir həftə keçməmiş şuşalı bir dostum vardı, zəng etdi
ki, mənə rayondan bi-iki litr tut arağı, bir şaqqa da ət
gətiriblər, nağayraq? Dedim, heç nə, ətin yarısını, arağın da
hamısını götür, gəl bizə. Dedi gəlirəm, aşağı düşərsən. Düşdüm
aşağı, gördüm Tahir məhlədə təkdir, özü demiş, "dumkada"dır.
Bizimlə oturmağı təklif etdim, ürəyindən oldu. Demə, Tahir əlindən
hər şey gələn oğlan imiş, əti doğradı, balkonda bir manqal qaladı,
gəl görəsən. İki gün yeyib-içdik.
Dediyim kimi, 80-cı illərin axırları, 90-nın əvvəlləri, pis
vaxtlar idi. Cavanlar heç yerdə işləmirdilər, bütün günü həyətdə
yığışır, ya qumar oynayır, ya da içirdilər. Şəhərə də çıxmağa
qorxurdular ki, Rəhim Qazıyevin emissarları bunları basar
avtobuslara, aparar birbaşa güllə qabağına. Beləliklə, gənclər,
əsasən də onların savadsız hissəsi bekarçılıqdan içkiyə, hətta
narkotikə qurşanırdı. O zaman mağazalar ucuz, keyfiyyətsiz içki ilə
dolu idi. Yəni istədiyim yar idi, yetirdi pərvərdigar. Alırdılar,
elə mağazada da vururdular. Bu proses günlərlə, aylarla davam
edirdi. Tahir də həmin dəstədə idi. Günü-gündən elə bil geri
gedirdi, üst-başı da pis gündə idi. "Adidas" kostyumu qaralmış,
bir-iki yerdən cırılmışdı. Kömək etmək istəyirdim, amma əlimdən bir
şey gəlmirdi. Hər dəfə görəndə, soruşurdum necəsən? Deyirdi,
vururuq, "akademik", gəl sən də biznən vuraq. Süfrəmiz kasıb olsa
da, ürəyimiz varlıdır…
1994-96-ci illərdə Rusiyada olduğumdan Tahirdən xəbər tuta
bilmədim. 1997-ci ildə Bakıya qayıtdım. Artıq Çobanzadədəki evi
satmışdıq. Amma mən uşaqları görmək, görüşmək üçün məhləyə getdim.
Tahiri soruşdum, dedilər ölüb, sağ nə gəzir, bu gün-sabah qırxı
gəlir. Göz yaşlarımı saxlaya bilmədim, dedim, axı, bu cavan adam
idi, buna belə nə oldu? Dedilər çox içdiyindən evə getməyib,
həftələrlə padvalda yatıb, qışa düşüb, möhkəm soyuqlayıb. Sonra
xəstəxanaya aparıblar, xeyri olmayıb…