Haçansa özümdən soruşardım – ədəbi tənqidçilər ədib ola
bilmədiyi, kitab yazmadığı üçün müəlliflərin əsərlərini tənqid
yolunu seçiblər? Sonra bu sualdan sual doğurdu, tənqid etmək heç
bir iş görməyənlərin "Dədə Qorqud"luq funksiyasıdırmı? Ardınca,
görəsən, tənqidçinin yazdığı əsərə kəskin resenziya yazılsaydı,
buna necə tab gətirərdi?
Heç şübhə etmirəm ki, əsərinə qahmar çıxardı. İnsan xisləti
belədir, daima tərifə acdır. Etiraf etmək lazımdır ki, tənqid
eşitmək istəmirik. Tənqidçi də tənqidi fikirlərini tənqid edənləri
süngü ilə qarşılayır. Tolerant görünmək istəyən "obyektiv tənqid"
ifadəsi isə təsəllidən o yana keçməyən "sabun köpüyü"dür. Axı
tənqid obyektiv olmur, subyektlərin baxışı, arqumentlərin
toqquşması olur?!
Bu günlərdə Kult.az-da ən obyektiv tənqidçinin kimliyi mövzusunda
sorğu keçirilmişdi. Açığı, bu suala ilk cavab verən Fikrət Qocanın
fikirlərini özümə "bir köynək yaxın" bildim – "Elə bir tənqidçi
yoxdur! Bizi kim tərifləyirsə, onu obyektiv hesab edirik. Ən yaxşı
tənqidçi yazıçının özüdür".
Qulu Ağsəs də sonuncu cümləni təkrarlamışdı. Yazarların
əksəriyyəti bəyəndiyi Cavanşir Yusiflinin adını çəkmişdi. Sadəcə,
"obyektiv tənqid" mübahisəli və pafoslu fikirdir. Bəlkə, "obyektiv
tənqidçi" deyərkən daha çox "ədalətli tənqidçi" mənasını nəzərdə
tuturuq?
Yəni qərəzi, müəlliflə şəxsi tanışlığı və başqa amilləri bir
kənara qoyub, əsərə hakimin mühakiməyə çıxardığı müttəhimi kimi
hökm veririk. Sorğunun nəticələrinə görə, çoxluq obyektiv tənqidçi
olmadığı qənaətinə gəlmişdi, yalnız bəyəndikləri adlar istisna
olaraq yer alırdı.
***
İstedadlı adamlar qısqanc olmurlar. Ədəbiyyat, yazı işi isə hər
şeydən əvvəl tənqidə dözümlülük, habelə qısqanc olmamağı tələb
edir. Bu, təxminən, Kafkanın "Sükançı" pritçasının leytmotivini
yada salır; gəminin göyərtəsinə qalxan qaba, yekəpər, zəhmli
baxışları olan adam kapitanı itələyib, yerinə oturur. Kapitan
sərnişinləri köməyə çağırır və hiddətlənmiş kütlə pəzəvəng adamın
üstünə yeriyir.
Ancaq çataçatda onun kobud əllərini, enli kürəklərini, qəzəbli
baxışlarını gördükdə dinməzcə yerinə qayıdır, toplum sükanın
Mussolini kimi sərt adamın əllərində olmasını seçir.
Yaradıcı əmək də belədir – qələmi güclü olan gec-tez sükançıya
çevrilir, içini qurd yemiş istedadsız, paxıl və ən əsası, qısqanc
adamların ədəbiyyatda uzunmüddətli qalacağı praktikası yoxdur.
Çünki tənqidə dözüm ən dəhşətli hissdir; güclü iradə, təmkinli
xarakter, soyuqqanlı reaksiya, böyük ürək tələb edir.
Virtualda bir replikaya belə dözməyənlər isə qarşısındakılara
gecə-gündüz döşəyirlər. Bu cür tənqidə dözümsüzlük hikkəli, cığal
adamlarda olur, qüsurunu sakitcə qarşılayanlar (belələri varmı???)
isə heç də demokrat deyil, sadəcə, nəcibdirlər.
Bu gün Azərbaycanda ictimai-siyasi, ədəbi kluarlarda olan
fərdlərdə tənqidə nəinki dözüm var, hətta imkan olsa, tənqidçinin
başını gilyotinə qoyarlar. Sadə bir eksperiment – virtualda
sarkastik atmaca ilə kimisə sanc, bir dəqiqə keçmir ki, üzərinə
"batalyon" gəlir. Ən dəhşətlisi odur ki, onlar başqalarından
tolerant, plüralist olmağı istəyir.
***
Ədəbiyyatda isə bu işə yaramır. Tənqidçini qılıncla qarşılayan
qələm adamını bu halda yaxın gələcək gözləmir. Amma nəinki
hekayələri, esseləri, adi köşə yazıları "feysbukda" müzakirəyə
çıxarılıb, yüngülcə tənqid ediləndə tənqidçi müəllif özündən
çıxır.
Deməli, tənqid etmək asandır, olunmaq isə dözülməz işgəncədir.
Ədəbi tənqidçilərin əsər yazmamaq kompleksi də bu fobiyadan irəli
gələ bilər. Yaradıcı o adamdır ki, "mən ədəbiyyatçı olacağam"
söyləmir, olur, heç bir açıq tənqiddən çəkinməyərək, 22 yaşında
"Dublinlilər"i yazmış Ceyms Coys, həyatda olduğu dövrdə yazıçı kimi
qəbul olunmayan, tanınmayan Kafka kimi…
Tənqidçilər isə heç zaman əsərləri yönəldə bilməyəcək. Onların
işi müasir ədəbiyyatı incələməkdən, təhlildən ibarətdir. Tarixdə
yalnız zamanın sınağından çıxmış əsərlər qalır. Kim bilir,
Tolstoyun "Hacı Murad"ı günümüzə qədər neçə min dəfə tənqid olunub?
Bu, əsəri yenidən yazmağa, düzəliş etməyə gətirib çıxarmayıb. Ona
gətirib çıxarıb ki, tənqid – fikri, ədəbi düşüncəni inkişaf
etdirib.