Yuxarı

Türkiyə və Rusiya üzərindən Bakıya hücum

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan toplumu son 100 ildə qonşu ölkələrin (70 il Rusiya, 30 il Türkiyə və 100 il qismən İran) şiddətli ictimai radiasiyasına məruz qalıb və qalmaqdadır.

Ən böyük fəlakət bunda yaşandı: Avropa liberallığı bizə üçüncü bir ölkə - Türkiyə və ya Rusiya vasitəsilə gəldi. Təsəvvür edin, böyük hissəsi ərəb ideologiyası ilə yüklənmiş cəmiyyətə Avropa liberallığı türk-rus kanalı vasitəsilə gəlir.

Nəhəng bir xaos.

Nəticədə Azərbaycan toplumu geni dəyişdirilmiş və qatqı dolu meyvəyə çevrildi. Ona görə də bizdə ideologiyalar bəzən çox gülünc şəkildə özünü göstərir: ortaya qatı feministlər, qeyri-tolerant kosmopolitlər, nihilist liberallar və radikal millətçilər çıxır.

Məsələn, bəzi feministlər feminizmi onu yaradan səbəbləri tətbiq etməklə həyata keçirirlər. Daha sadə dillə deyim: Yəni onlara görə, qadını döyən bir kişini döymək, tapdalamaq lazımdır. Bu isə təxminən “oğru qanunları”nın tətbiqidir.

Eləcə də bəzi kosmopolitlər, liberallar və millətçilər öz ideologiyalarını ideya vasitəsilə deyil, güc vasitəsilə yaymaq niyyətindədirlər. Ancaq biz güc vasitəsilə yayılan ideologiyaların hansı fəsadlara, hansı qətliamlara səbəb olduğunu hələ də görməkdəyik.

Ümumiyyətlə, ideologiya daşıyıcılarının öz amallarında aqressiyanı “hücum qalxanı” kimi tutması təhlükəli durumdur və ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Nəzərə almaq lazımdır ki, bu gün bu ideologiyaların daşıyıcıları özlərindən sonra ənənə, istinad nöqtəsi qoyacaqlar. Məlum: şəxsiyyətə pərəstişlə böyümüş cəmiyyət bir ideologiyaya meyil edəndə qaydalara deyil, şəxsə istinad edir. Məsələn, tutaq ki, poeziya haqqında heç nə bilmirlər, oxumurlar, amma Nizamiyə görə şair, Çe Gevara görə inqilabçı olurlar.

***

Qonşu ölkələrin ictimai radiasiyası ailə institutuna təsirdə də özünü göstərir.

İllər əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşının bir sənədli filmdə səsləndirdiyi fikirlər yadımdan çıxmır. Dedi ki, ölkələrə müxtəlif təsir mexanizmləri var, onlardan biri də dəyərlərin dağıdılmasıdır.

Təbii, söhbət mental dəyərlərdən yox, bir topluma xas olan genetik dəyərlərdən gedirdi.

İndi kimsə deyəcək ki, ailə institutu dağılsın da, hərə istədiyi həyatı yaşasın, ər və arvadın bir-biriləri qarşısında öhdəlikləri olmasın. Unudurlar ki, bu dağıntı, pərakəndəlik, sevgisizlik cəmiyyətə travmalı uşaqlar, zədəli gələcək bəxş edir. Travmalı uşaqlar gələcəkdə ölkənin siyasi taleyində heç bir inqilabi dəyişikliyə imza ata bilməyəcək. Mağmın böyüyəcək, ətçəkən maşın, qaz sobası olacaq.

Haşiyəyə çıxaraq, travmalı nəslə bir misal çəkim:

Azərbaycanda Qarabağ müharibəsinin, məğlubiyyətin yaratdığı natamamlıqdan, qorxaqlıqdan əziyyət çəkən yüzminlərlə müti gənc var. Bu gənclik ölkənin ictimai-siyasi həyatına heç bir halda təsir göstərə bilmir, heç bir elmi-mədəni tərəqqiyə nail olmur (kiçik istisnalar var). Halbuki Üzeyir Hacıbəyov da, Lütfi Zadə də, Müslüm Maqomayev də, Yusif Məmmədəliyev də bu torpaqda doğulmuşdu. Yəni bu coğrafiya ta əvvəllərdən nəhəng beyinlər yetirirdi axı!

Qayıdaq ailə institutuna. Türklərin əski inanc sistemində ailə ən müqəddəs varlıq hesab olunurdu. Bu ailələrdə kişi və qadınların bir-birilərinə hörmət, sevgi və əxlaq çərçivəsində münasibət göstərmək öhdəlikləri var idi. Xüsusən qadın ailənin dayağı idi.

Türklərin əski inanc sistemi şamanizmdə (tanrıçılıqda) qadın və kişi bərabər idi, hətta bəzi məqamlarda qadın önə çıxırdı. Bu, pozitiv ayrı-seçkilik idi. Kişi və qadın arasında mövcud olan qarşılıqlı sevgi, hörmət və sədaqət onların ictimai həyatına, hüquqlarının qorumasına da təsir edirdi.

Ailəyə, qadına dəyər bizim coğrafiyada minillər əvvəldən mövcud olub. Ərəblər qız övladını basdıranda, ingilislər qadını murdar bilib ona İncilə toxunmağı qadağan edəndə türk ərlər qadınla birgə ova çıxırdılar, elçi gələndə seçimi yalnız qızın öz üstünə buraxırdılar, “Ana haqqı Tanrı haqqı” deyirdilər...

Yəni Azərbaycan gənci Qərb ailə modelində olan “azadlıqları” nümunə götürməkdənsə, öz genetik kodlarına qayıdıb, əvvəlki dəyərləri üzərində yeni ailə modeli yaratsa, bütövlükdə sağlam, demokratik cəmiyyət formalaşdırmaq olar.

Amerikalı yazıçı C.Q.Hollandın maraqlı bir fikri var:

“Sağlam ailələrə sahib olmayan ölkələr asan idarə edilir və tez dağılır”.

Tarix
2019.09.26 / 12:38
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla