Desəm ki, mən yazılarımla
futbol oynayıram, yəqin ki, gülərsiniz. Gülürsünüz, gülün, amma çox
xoşbəxtəm ki, doğurdan da, belədir. O günü universitetdə elmi
rəhbərim və redaktorum deyir ki, fikirlərin saçların kimi uzun və
qarmaqarışıqdır.
Desəm ki, yazı ən çox müəllifin əyin-başına və ən çox saçlarına
oxşayır, yenə razılaşan olmayacaq, vallah. Allah kəssin.
Bax, indi mən hücumdayam. Mövzu mənim topumdur. Topumla
oynamasam, demək, qol olmayacaq. Əslində, rəqiblər mənim yaxşı
oyunçu olmağımın, deyək ki, yazımın mənalı çıxmasının təsdiqidir.
Bəlkə, elə deyil? Əgər qarşında rəqib oyunçular olmasa, mövzunu
aparıb boş qapıya ötürmək heç kişilikdən deyil. Bu da məlum. Qol
nidası yalnız güclü rəqiblərlə alınır. Topum indi məndədir,
irəliləyirəm, düz getməyim oyun qaydalarına ziddir. Tez ora-bura
dönməliyəm, necə ki, dönürəm. Bir sözlə, burcutmalıyam, burcutmaq
oyunun təşbehidir.
Aha, hamı üstümə gəlir, bəs mən neyləyim? Tez topu atıram
bələdiyyələrə, xarici ölkələrdə əksər mədəni tədbirləri
bələdiyyələr həyata keçirir. Atam bu yaxınlarda Türkiyədə oldu.
Deyir, uşaq ədəbiyyatı ilə bağlı məsələləri də bələdiyyələr
maliyyələşdirir. Amma bizimkilər ancaq torpaq işinə baxır.
Topu hörmətli millət vəkili Hadı Rəcəbliyə də ötürə bilərəm.
Hadı müəllim qaşlarını çatır, yenə qarışdırır aranı. Kim nə deyir
desin, heç nə onun vecinə deyil, bilirəm.
Bəli, mən oynamalıyam, necə ki, oynayıram. Tez topu atıram
banklara, kreditlər, faizlər, intiharlar, inhisarlar. Bizim
bankların çoxu millətini sevmir, halbuki banklar az faizlə
millətini dolandırmalıdır. Mənasız verilişlərə maliyyə ayırırlar,
amma mədəni tədbirlərə bir manat ayırmaq nədir, hələ istəyirlər ki,
o tədbirlərə yüksək faizlə kredit versinlər.
Bilirəm, hazırda mənimlə oynayanlardan biri bank müdiridir.
Oynasın da. Onsuz da mövzu – topum məndədir. Görürəm ki, oxucular
və tamaşaçılar məndən yenilik gözləyirlər . Bəli, hər şeyin başı
yenilikdir. Top məndə çox qalsa, oyun zəifləyəcək. Topu ötürmək
gərəkdir.
Aha, qarşımdakı dil üzrə professorumuz Tofiq müəllimdir. Topu
atıram Tofiq Hacıyevə. Əgər getsəniz Fəvvarələr meydanına, ordan
çıxsanız Tarqovuya, bir dənə Azərbaycan dilində söz tapa
bilməzsiniz. Hamısı ingilis dilində, bəlkə də, heç ingilis dilində
də düz yazmayıblar. Şəhər əlifba kimi şeydir. Adam dili şəhərin
divarlarından daha yaxşı öyrənir.
Baxın, mehmanxanaların, şadlıq saraylarının, restoranların,
dükanların adlarına. Hamısı dilə yatmayan adlar, xarici sözlər.
Görəsən, bura Bakıdırmı? Bəs hanı milliliyimiz, dilimiz? Tofiq
müəllim qaçır, çünki bilir o restoranların sahibləri kimlərdir. Mən
onu qovuram. Tamamilə yeniyəm. Hələ oyunda indiyə kimi belə bir
hadisə olmamış. Qarşı tərəfin oyunçusu qaçır. Mənim onun arxasınca
getməyim ayıbdır. Sağ-sola, qabağa, arxaya baxıram. Aha, arxada
Mədəniyyət Nazirliyinin əməkdaşı. Qayıdıb onunla oynayım gərək.
Yoxsa oyundan kənar vəziyyətə düşərəm.
Hələ ki, mövzu – topum məndədir. Çoxlu sayda uşaq teatrları var.
Bir-ikisini çıxmaq şərti ilə, heç birinin fəaliyyəti yox.
Repertuarları çox zəif, həvəskar müəlliflər... Deyirlər, qabaq
nazirliyin nəzdində kitab şöbəsi varmış. Müəlliflərin kitablarını
alıb, pulunu verirdi. Həm müəllif qazanırdı, həm də nazirliyin
kitabxanaları. Bəs indi necədir vəziyyət? Vaqif Bəhmənli bilər.
İrəliləyirəm. Mənimlə sol tərəfdə Təhsil Nazirliyinin əməkdaşı
oynayır. Deyəsən, mövzu – topumu əlimdən almaq istəyir. Bəli
oynamaq gərək. Bəlkə də, fikirləşir ki, görəsən, Kəramət kimin
kadrıdır? Saçlarına bax, heç daramır, köynəyi ütüsüz, qalustuku
əyri.
Mövzu topum yenə məndədir. Təhsil Nazirliyinin buraxdığı dərslik
kitablarının əksəriyyətində mətnlər çox zəif, müasir şagirdin
dünyagörüşünə uyğun deyil. Elə şairlərin şeirləri dərsliyə salınıb
ki, həm şeir qüsurludur, həm də həmin müəllifi tanıyan yoxdur.
Aha, qarşıda televiziya. Oynamaq, yalnız oynamaq.
Televiziyalarımız, demək olar ki, tamamilə əsl uşaq
verilişilərindən boşaldılıb, atam demişkən, yerinə böyüklərin
öyrətdiyi, böyük kimi danışdırılan uşaqların verilişləri yer
alıb.
İrəliləyirəm. Keçirəm. Görkəmli ictimai-siyasi xadimlər neçə
dəfə aut qışqırsa da, əhəmiyyət vermirəm. Mövzu – topumu qapıya
vururam. Qol! Beləliklə, problemlərə həsr olunmuş oyun başa
çatır.
Vaqif Bəhmənli mənə baxır: "Saçlarına bax bunun".