Qərb və Şərq istər tarixinə, istər mədəniyyətinə,
istərsə də mentalitetinə görə daim rinqdə – rəqib mövqedə dayanıb
və mübahisə mövzusu olub. Amma bizim danışacağımız mövzu ümuminin
içində xüsusi olacaq – ümumilikdə bu iki mədəniyyətin tarixi, fərqi
haqqında danışmağa nə vaxtımız, nə işimiz, nə yaşımız, nə də
başımız yarayır. Biz, sadəcə, loru dildə bir-iki qəhrəmanın
timsalında iki mədəniyyətin obrazlarının fərqinə baxacaq, birlikdə
bir az narahat olub, qəhərlənəcəyik. Qərbin bədii əsər qəhrəmanları
Şərqin qəhrəmanlarından nəyi ilə fərqlənir və neçə il onları
qabaqlayır? Buna səbəb nədir?
Modern rus ədəbiyyatının qurucuları olan Puşkin, Qoqol kimi
yazarlar Qərbin üstünlüyünü qəbul edib öz xələflərinə – Tolstoya,
Dostoyevskiyə, Turgenyevə, Çexova da təsir göstərmişlər. İkincilər
də öz növbələrində Qərb – Şərq qarşıdurmasına daim əsərlərində yer
ayırmışlar. Tolstoy və Dostoyevski Qərbə nifrət hissi ilə
yaxınlaşmışdı. Bunun adına Qərbə gizli "rəğbət hissi" də demək
olar. Rus ədəbiyyatından ingilis, türk ədəbiyyatına, Salman
Rüşdidən Çingiz Aytmatova qədər bu qarşıdurmanı görmək olur. Demək,
burdan aydın olur ki, Qərbə sevgi təkcə oxucuda yox, elə adı
dünyayla bir olan yazıçılarda da olub. Burdan "Mədəniyyətin beşiyi
şərqdir" deyənlərin vaxtını saxlayıram.
Ağır ədəbi-elmi terminlərlə ağzınızı və qulağınızı yormaq
istəmirəm, bu elmi məqalə filan deyil ki, "artistlik" edim, elə
dədə-baba qaydasıyla dərdləşmək istəyirəm sizlə. Niyə mən
adamaldadan, soyuq bir mart gecəsi sobanın yanında növbə ilə
qolumu, qıçımı isidə-isidə hansısa azərbaycanlı yazarın əsərini
yox, bir əcnəbinin, xüsusilə də, Qərb müəllifinin əsərini oxumaq
fikrinə düşüm? Ürəyim (ya da beynim) niyə öz klassiklərimiz, ya da
müasirlərimizin qəhrəmanları ilə deyil, Markesin Santyaqo Nasarı,
Selincerin Holdeni, Kamünün "Yad"ı və s. ilə ünsiyyət qurmaq
istəsin axı? Niyə fransız yazıçı, filosof Kamü XX əsrin birinci
yarısında yaşayıb yazdığına baxmayaraq, XXI əsrin nisbətən "oxuyan
və qanmağa çalışan" gəncliyi onu acgözlüklə oxuya bilir, amma şərq,
xüsusilə də, Azərbaycan yazıçısını yox. Bəhanə gətirmək lazım deyil
ki, onları daim oxumuşuq, bizə məlum şeylərdir, ona görə yad olan
maraqlıdır. Onda belə müqayisə edək: tutaq ki, hər iki mədəniyyəti
özündə əks etdirən əsəri oxumuşam, şərt qoyulub ki, birini təkrar
oxumalıyam, hansını seçəcəyəm? Hə, cavabı düz bildiniz. Amma düzü,
səbəbini özüm də bilmirəm, burda nəsə başqa müəmma var. Yad olan
maraqlı deyil, maraqlı olan məhz "Yad"ın özüdür.
Nə isə, fransız Kamünü qoyaq kənara, biz heç fransız Müsyo
Jordanı başa düşməmişdik, o ki qaldı... Jordan bəyin alternativi
bizdə Hatəmxan ağa idisə, görəsən, Kamünün XX əsrdə alternativi
kimdir? Məclisin bu yerində məni dəli bir gülmək tutur. A kişi, biz
hələ də Hatəmxanın zehniyyətindəyik. Bu adam fransızlarla bizi belə
müqayisə edirdi:
"Mənə, yəqin, hasil olubdur ki, bizdə hər adət və xasiyyət var
isə, əksi Parij əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq,
firənglər qoymazlar; biz başımızı qırxarıq, onlar başlarına tük
qoyarlar; biz papaqlı oturarıq, onlar başıaçıq oturarlar; biz
başmaq geyərik, onlar çəkmə geyərlər; biz xörəyi əlimiz ilə
yeyərik, olar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar
gizlin alarlar; biz hər zada inanırıq, onlar heç zada inanmazlar;
bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas;
bizdə çox arvad almaq adətdir, Parijdə çox ər almaq".
Üstündən iki əsrə yaxın bir zaman keçib, fransızların Jordanı
inkişaf elədi, Kamü oldu, biz isə hələ də mövzuya fransızıq...