Oxuduğum və eşitdiklərimdən belə qənaətə gəlmişəm ki,
heç bir dövrdə bu qədər dəhşətli olay eyni vaxtda yaşanmayıb. Ya da
bu qənaətə gəlməyimin səbəbi media və internetdir. Heç kim internet
vasitəsi ilə aldığımız məlumatların beynimizi həddindən artıq
informasiya ilə yükləyib vaxtından tez sıradan çıxardığının
fərqində deyil.
Baş verən bütün dəhşətli olaylar psixologiyamıza təsir edərək
altşüura hopmaqdadır, indi görünməyə bilər, amma fəsadları gec-tez
ortaya çıxır, çıxacaq.
Bir-iki il öncə təkcə Şərqin "problemi" hesab olunan İŞİD terror
təşkilatı hazırda bütün terror təşkilatlarının ölülərinə rəhmət
oxutdurub, dirilərinə can sağlığı arzuladaraq, həm Şərq, həm də
Qərb üçün ən böyük təhlükəyə çevrilib. Türkiyə son 46 gündə azı 57
şəhid verib. İş o yerə çatıb ki, dünyanın ən güclü dövlətləri
İŞİD-lə mübarizə üçün başqa terror təşkilatlarından (PKK (PYD),
Əl-Qaidə (Nusra Cəbhəsi) və s.) yardım umurlar.
***
Ölkəmizdə isə fərqli durum var. Şükür ki, o dəhşətlər burda
yaşanmır – dövlət olaraq. Amma məncə, fərdi müstəvidə və fərdi
düşüncədə bir terror dalğası beyinlərimizi işğal etməkdədir: Ay
boyu yaşananları (qonşusunun sevgilisini öldürəni, intihar
məqsədilə suya atılan gəncə yardım etmək yerinə, onu videoya çəkib
lağa qoyan həmyaşıdlarını) kənara qoyub, təkcə bir günün
hadisələrinə baxanda dəhşətə gəlirəm; "ata oğlunu, arvad ərini
bıçaqladı", "barda işləmək istəyən qız evdən qaçdı", "gəlin 3
azyaşlı uşağını atıb Bakıya qaçdı".
Əslində, hadisələrə emosional yanaşsaq, fərdlərin faciəsi
kütlələrin faciəsindən daha dəhşətli və dözülməzdir.
24 yaşlı ucarlı gəlinin niyə, hara və kimlə qaçdığı haqqında
hərə fantaziyasına uyğun bir şey dedi, yazdı, status paylaşdı.
Cəmiyyətimizdə ağzı söz tutan hər kəs özünü bütün baş verən
(xüsusən bu mövzulu) hadisələr haqqında nəsə deməyə, münasibət
bildirməyə məcbur hiss edir. Əksər münasibət də birtərəfli
olur.
13 yaşında nişanlanıb, 18 yaşında ailə qurub, 24 yaşında 3 uşağa
sahib qadından düzgün qərar verməsini gözləyən insanların sağlam
düşünə bildiklərinə şübhə edirəm. Hələ üstəlik, "ərə getmişdi, uşaq
doğmuşdu, dözməliydi" deyənlər çoxdur. Niyə? Azərbaycan qadınıdır!
Niyə? Üç uşağı var! Niyə? Ərinin, qayınatasının, valideynlərinin,
qohumlarının, qonşularının başını aşağı etməmək üçün dözməli
idi!
13 yaşında nişanlananda, 24 yaşında 3 uşaqla əri tərəfindən
atılanda, qayınatası, qayınanası tərəfindən işgəncə görəndə... indi
onu qınayan o valideynlər, qohumlar, qonşular harada idi?!
Ta başdan yanlışa yol vermisənsə, ömür boyu o yanlışla yaşamağa,
həyatını yanlışlar üzərində qurmağa məcbursan. Cəmiyyət doğru
qərarlar üçün sənə alternativ tanımır. Həyatımız barədə bütün
qərarları valideynlərimiz, qonşularımız, qohumlarımız verəndə bizim
sonuna qədər öz həyatımız üzərində söz haqqımız olmur. Öz həyatını
necə quracağı barədə qərarları özü verməyənlər gördüklərini
(yaşadıqlarını) təkrar edərək övladları barədə qərarları da özləri
verirlər. Beləcə, bədbəxtliklər artıb-törəyir...
Öz həyatımız barədə qərarları özümüz verək, övladlarımızın
fikirlərinə hörmətlə yanaşıb doğru qərarlarına dəstək olaq.
Cəmiyyəti "düzəltmək" bizim qüvvəmiz xaricindədir, heç olmasa,
gələcək nəsillər üçün nəsə etməyə çalışaq. İndiki dövrdə edə
biləcəyimiz ən yaxşı iş budur.
Yeri gəlmişkən: Bu məsələdə mənə polisin də işi
maraqlı gəldi. Mən bilən, 18 yaşından yuxarı (əqli, fiziki
narahatlığı olmayanlar) bütün şəxslər müstəqil vətəndaş sayılır. 24
yaşlı qadını polis niyə tutub aparıb valideynlərinə "təhvil"
verməlidir? Ailəsi tərəfindən hansısa şiddətə məruz qalsa, döyülsə,
öldürülsə, bunun günahkarı kimdir?