Bir neçə gün əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram
teatrında bir tamaşa səhnələşdirildi ki, fəaliyyət göstərdiyi bir
əsrdə teatr belə tamaşa görməmişdi. Bu dəfə baş rollarda aktyorlar
yox, jurnalistlər oynayırdı. Mənfi qəhrəman kimi isə onlar teatrın
bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətovu
seçmişdilər.
143-cü teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı daha
çox toy mağarını xatırladırdı. Tədbiri qeybətlə, söz-söhbətlə
yaraşığa mindirən jurnalist bacı və qardaşlar elə əlbir olmuşdular
ki, bir ordunu xatırladırdılar. Bu birliyi görəndə təsəvvür eləyin
də, qəhər boğazımı necə düyünləmişdi. Həmin an ordunun marş
sədaları altında sıra addımları ilə cəbhə xəttinə addımladığını
xəyal edirdim ki, qara-qışqırığa diksindim. Bir də gördüm Azərpaşa
Nemətovu qısnayıblar küncə ki: "İlham Əsgərov niyə öldü? Onu
İsrafilovmu öldürdü? Mərhumun ürəyini sizcə teatrda partlatdılar,
yoxsa öz-özünə partladı? Niyə Masallıya mərhumla vidalaşmağa
gedəndə avtobus tutmadınız?"
Anşlaqla qarşılanan tamaşada jurnalistlər haqq-ədaləti bərpa
edən müstəntiq, Azərpaşa Nemətov isə cinayətkar rolunda idi.
Mən Azərpaşa müəllimi heç vaxt belə balaca (cismən), çarəsiz və
ümidsiz görməmişdim. Kişi sualların ağırlığından (boş ağırlıq!) o
qədər sıxılmışdı ki, danışmağa çətinlik çəkirdi.
Adam axırda dilə gəldi: "Mən özümü yaradıcı suallara
hazırlamışdım, məni tanıyan jurnalistlərin bu cür yaradıcılıqdan
kənar, bayağı suallarla üstümə hücum çəkəcəyini gözləmirdim".
Bir məqam da diqqətimdən heç yayınmadı. Bir jurnalist sual verdi
ki, aktyor Kazım Abdullayev irad tutub ki, niyə Akademik Milli Dram
Teatrı mövsümü nağıl tamaşa ilə bağlayır? Azərpaşa müəllim də
cavabında dedi ki, Moskva Bədaye Teatrı da bəzən mövsümü Moris
Meterlinkin "Göy quş" əsəri ilə açır və ya bağlayır. Əgər
repertuarda varsa, bu, normaldır.
Həmin an başqa bir jurnalistin sifəti elə hala düşdü ki, öz
canım üçün peşəmdən iyrəndirdi məni. Guya bunu gülmək tutur. Guya
bu gülmək istəyir, amma özünü güclə saxlayır, halbuki əksinə,
gülmək üçün hıqqanırdı. Adama deyərlər: "Sən kimsən?" Artıq
dərəcədə təvəqqe edirəm, cənab, güzgüyə bax və özünə sual ver: "Mən
kiməm?"
Adam Meterlinkdən danışır, sən ağız büzürsən. Bu haqqı nə vaxt
qazandığını düşünürsən?
Mənim nə Azərpaşa Nemətovla, nə də həmin jurnalist qırıqları ilə
yaxından tanışlığım var. Sadəcə həmin gün "şou"nun mədəniyyətə
meydan oxuması məni bu yazını yazmağa məcbur etdi.
Azərpaşa Nemətovun baş barmağının bildiyini başları bilməyənlər
elə suallar verirdilər ki, mən onların yerinə həqiqətən utanırdım
və fikirləşirdim: "Kaş haqlı olardılar".
Mətbuat konfransında iştirak edən həmin jurnalistlərin adından
mədəniyyətimizdən və Həsən bəy Zərdabidən üzr istəyirəm.