Ana səhifə Yazarlar |
“Zəkalar” liseyi ilk və qəti seçimim idi. Buna kimi təklif olunan məktəbləri xəlvətcə gözdən keçirib ürəyimə və ruhuma ən yaxın olanını tapmaq üçün günlərlə vaxt itirmişdim. Axı uzunmüddətli ağır hərbi xidmətdən sonra harada və kimlərlə bir ortamda olmağın, xüsusilə, özünüifadə baxımından müstəsna əhəmiyyəti vardı. Ən əsası, məvacib, qazanc və dolanışıq kimi məişət problemləri, hər şeydən öncə, kitablarla dolu bir köşədə, ünlü müəlliflərin danılmaz dəstəyi ilə artıq geridə qalmışdı. İndiyədək yaşananların mürəkkəb konfiqurasiyası, ciddi və zəngin ordu təcrübəsi, mənəvi və fiziki travmalar, prinsipiallıq, dayanıqlı mütaliə, davamlı mübarizə və bütün bunların ümumi fonunda formanı axıradək qorumaq cəhdi, bir sözlə, hər şey bu sonu görünməyən estafetin növbəti mərhələsini daha yüksək statusla, daha yeni rənglərlə, daha ali məqsədlərlə daha mənalı və məzmunlu bir hala gətirmək istəyinə söykənirdi...
Axı şər-böhtan və çamurla dolu bir dünyada yıxılmadığıma, ayaqda qaldığıma görə daim minnətdarlıq hissilə xatırladığım insanları – orta və ali məktəb müəllimlərimi həmişə gözümün üstündə tutmuşdum. Ömrümün o tayından bu tayına kimi əlini kürəyimdən çəkməyən, canavar xislətlilərin arasında məni heç vaxt tənha buraxmayan, üstümdə haqqı olan ən böyük haqq sahiblərini tanımaq və tanıtmaq boynumun ən böyük borcu olub...
Bu sırada tələbkar atam, kitabsevər nənəm və onun nar çubuğu indinin özündə də liderliyini görünməmiş bir fədakarlıqla qoruyur. Atam öz qazancını doqquz övladının təhsilinə xərcləməkdən, təhsil kapitalına çevirməkdən necə həzz alardısa, nənəm də eyni şövqlə həm öz nümunəsi, həm də nar çubuğu ilə bizə ali idealların – insanlığın ünvanını tanıtmaqdan yorulmazdı. Yeganə qızının yetim qalmış balalarını – böyük bir ansanblı əlindəki nar çubuğu ilə son nəfəsinədək məharətlə idarə edən dirijor nənəm. Maestro!..
Bu mənim toz-torpaqlı, amma mehriban və səmimi insanlarla dolu bir cənub köyündə, hələ ki dar çərçivədə cücərən balaca dünyamı mənalı və məzmunlu motivlərlə, məntiqli və maraqlı mətnlərlə tətikləyən gerçək bir qəhrəmanlıq nümunəsi idi. Belə bir ailədə doğulduğuma və tərbiyə aldığıma görə nə qədər böyük şans sahibi olduğumu həmişə tanrıya və taleyə minnətdarlıq hissilə dəyərləndirmişəm. Çünki bu, yalnız bəndənin öhdəsindən gələ biləcəyi adi bir iş deyildi; bu həm də yaradanın öz yaratdığına sonsuz sevgisi, tükənməyən lütfü və təmənnasız mərhəməti idi, amma bədəlini ödəməli olduğun...
Yoxsa həyatımın içində, gözlərimin önündə baş verənlərin mənasını tanıdacaq və sirrini açacaq özgə bir yol görmürəm. Axı necə ola bilərdi ki, ömrünün son günlərində gözlərinin nurunu və yaddaşını itirən nənəm hətta gözünün ağı-qarası bircə balasının adını unutsa da, ömrünün son günlərinə kimi “məktəb”, “dərs” və “oxumaq” sözlərini unutmadı. Ağ saçlarına sığal çəkə-çəkə başının üstündə dayanan nəvəsindən ölüm yatağında da hər dəfə ancaq bir suala cavab istədi: “Dərslərini necə oxuyursan, bala?..”
Və mən on illik məktəb həyatımın beş ildən çox geridə qaldığı o günlərdə də, ondan sonra da qan yaddaşından – gendən gələn bu sualı heç vaxt ironiya ilə qarşılamadım. Çünki nənəm kitablara sonsuz sevgisilə o sualı hələ uşaqlığımdan eşitdiyim, üz-üzə qaldığım və cavabını axtardığım bütün sualların ən böyüyünə çevirmişdi. Həyatımın sualına; bir az özünə, bir az da nar çubuğuna oxşayan...
Amma buna kimi mənim nağıla bənzər rəngbərəng dünyamda heç vaxt yeri boş qalmayan, təhsillə bağlı düşüncələrimin əbədi mayakına çevrilən bir əziz insanım da vardı; gənc ömrünü daha çox xəstəxana odalarında keçirən, ibtidai sinifdə oxuyan oğlunun nadir hallarda gördüyü və həmişə xəyal kimi xatırladığı xanım anası. O balaca oğlanın azsaylı xatirələrində öz anası ilə son görüşü bütün görüşlərin ən ağırı, bütün dönüşlərin ən böyüyü idi...
...Anamın xəstəxanadan gə(tiri)lməsi xəbərini eşidəndə məktəbimizin idman meydançasından ildırım sürətilə götürüldüm; çantamı tələm-tələsik eşələyə-eşələyə beşlərlə dolu rüblüyümü axtarıb-tapdım, toz-torpaq basmış üst-başımı sahmana saldım; sonra yaşıma uyuşmayan qeyri-adi bir təmkinlə otağın bağlı qapısı arxasında ayaq saxladım, özümü toparladım və rüblüyümü köynəyimin altında gizlətdim. Anamı qəfildən sevindirmək fikrim vardı. Axı üç ay bundan qabaq beşlərimi görəndə uşaq kimi sevinmişdi. Elə ürəkdən sevinmişdi ki, gözləri dolmuşdu; xəstəliyini büsbütün unudub sağalmışdı (hər halda, mən belə düşünürdüm), sonra göz yaşlarını gizlədə-gizlədə saçlarıma sığal çəkmişdi: “Afərin, sən mənim ağıllı oğlumsan...”
Bu mənim anamla sonuncu dialoqum, sonuncu görüşüm oldu. Bu həm də anamın saçlarıma çəkdiyi conuncu sığal idi. Həmişə ehtiyac duyduğum və heç vaxt unutmadığım sehrli sığal; aldığım beşlərin rəngini birəbeş artıran...
O vaxtdan anamın daha tez sağalması üçün daha yaxşı oxumağa başladım...
Ancaq həmin gün rüblüyümü anama göstərə bilmədim. Göstərsəydim, göstərə bilsəydim kaş...
Həmin gün köynəyimin altında qalan rüblüyüm, həmin gün sinəmin altında qalan arzumla birgə həmin gündən anasız yaşanan həyatıma kitabların tükənməyən möcüzəsini, doğruçuluğu və dünyanı qarış-qarış kəşf etməyin yollarını tanıtdı. O yollarda ilk kövrək addımlarımı atanda mən öz yaşıdlarımın hamısından savadlı deyildim, mən öz yaşıdlarımın hamısından yaxşı oxumurdum, amma mən öz yaşıdlarımın hamısından çox oxuyurdum. Oxuyurdum ki, anamın ruhu sevinsin...
Bax beləcə, mənim ailəm sözün ən böyük anlamında iliyimədək işləyən təhsil anlayışını həyatımın paradiqmasına çevirməklə, bütün ömrüm boyu məndə kitablara qarşı dərin bir asılılıq yaratdı. Bu heç vaxt əhatə dairəsindən çıxa bilmədiyim, məni var gücü ilə öz ürəyimə, öz dünyama yönləndirən, özümü axtarıb tapmağa vadar edən, nəhayət, əsl həyatla rastlaşdıran ideal və ciddi bir çərçivədi; ancaq mükəmməl portret tələb edən...
O portretin illərlə uzanan axtarışı, bugünün özündə də baş tutmayan kəşfi həyatımı biryolluq şagird statusu ilə möhürlədi. Tələbə təqaüdlərimi Moskvadan, Leninqraddan... sifariş verdiyim kitablara xərcləyəndə də özümü məktəbli kimi hiss etdim, tələbə kimi yox...
Yaddaşımda hələ də yalnız kitab dükanlarına görə sevdiyim, çox az adamın xatırladığı müdrik və qocaman bir şəhər yaşayır. Gəncliyimin şəhəri! O dükanların hərəsi bir sevgi, mərhəmət, şəfqət ocağı – hərəsi böyük bir məktəb idi. Bəzirganların asta-asta mebel, pal-paltar, şərab dükanına çevirdiyi – zəbt etdiyi şəhərim! İşğal olunmuş gəncliyim!..
Və indi yaşıdlarının çox vaxt özünüinkar həddinədək böyüyən London, Berlin, Paris... sevdası önündə o gənc dəyişməyən sevgisi, tükənməyən sədaqəti ilə öz dünyasının tənha sakininə çevrilib. Çünki başqalarının London, Berlin, Paris... sevdası önündə onun şəhəri hələ də öz əzəmətini heç kimin poza bilməyəcəyi dərin bir sükutla qoruyur; kitab sükutu ilə.
Və mən köhnə küçələr boyunca məbəd kimi, oçaq kimi, məktəb kimi yaddaşıma hopmuş sehirli məkanlarımın yalnız özümə bəlli xəritəsilə hər gün o böyük sükutun içindən keçib hər gün daha çox böyüyən, səsli-küylü bu meqapolisə gəlirəm. Yad kimi! Ögey kimi! Qərib kimi!..
Və hər gəlişimdə hiss edirəm ki, inama, sevgiyə, mərhəmətə tamarzı dünyamızda çoxları nəqlimi özünütərif kimi qarşılaya bilər. Amma heç kim prinsiplər səbətimdə nəyisə dəyişə bilməz! Çünki mən sizə öz həyatımın ən böyük həqiqətindən danışıram. Məni hər gün sinif otağına bu dəfə müəllim qismində, ancaq yenə də şagird kimi ötürən həqiqətimdən...
Tarix
2022.05.21 / 08:30
|
Müəllif
İbrahim Rüstəmli
|