Bir neçə il əvvəl dərgilərin birində belə bir yazı
oxumuşdum: "Dünya şöhrətli azərbaycanlılar sırasında Lev Landau,
Anatoli Banişevski və Sami Yusifin adını çəkmək olar".
Gördüyünüz kimi, bu adlar tərtəmiz Azərbaycan sözləridir.
Başa düşürəm, elmimizi Lev Landau, futbolumuzu Anatoli
Banişevski, musiqimizi də Sami Yusiflə xilas etmək istəyirik. Çünki
biz "camaatın uşağı" düşüncəsi ilə böyüyən toplumuq. Yəni həmişə
başqalarının daha yaxşı olduğunu düşünmüşük.
Onun nəticəsidir ki, bu gün əksər vətəndaşlar Lütfi Zadədən
imtina edir. Futbol üzrə yığma komandanın hər uğuruna "Əşşi,
satılmış oyundur" damğası vurur. Bunun nəticəsidir ki, musiqimizin
gündəmində İlhamə Quliyevanın Elza Seyidcahanı AYB-yə şikayət
etməsi dayanır. İki müğənninin bu gün öz sənətlərindən deyil,
siyasət və ədəbiyyatdan danışması musiqinin hansı kökdə olmasına
bariz nümunədir.
Bir neçə həftə əvvəl Alla Puqaçovanın ölüm xəbərinə üz cıranlar
Habil Əliyevin vəfatına hırıldaşdılar. Adam kamança sənətində can
qoyub, bunlar lətifələrindən danışırlar. Bax, bizim mahiyyətimiz
budur. Hər şeyə, hətta ciddi sənətkara da lağ-lağı yanaşırıq. Ona
görə də sənətkarlar getdikcə elzalaşır, ilhamələşir. Nəticədə də
Sami Yusif gözümüzə Həzrəti Yusif kimi görünür.
Uşaqlıq yaddaşımda Elşad Xosedən bayağı bir-iki misra qalıb:
"Hardandı bizlərdə ruslara meyil
Moskvadan gəlir azı gündə bir meyit".
Millətin daxilindəki bu əcnəbiyə meyillənmə təkcə elit səviyyədə
deyil, məişət səviyyəsində də özünü göstərir. Ötən gün mətbuatda
yayılan xəbərlərdə azərbaycanlının rus hərbçiləri tərəfindən
vəhşicəsinə öldürülməsi şimal qonşumuzun necə soyuqqanlı bir qatil
olduğuna əyani sübut idi. Bəlkə də erməni əsirliyində olan Dilqəm
Əhmədov və Şahbaz Quliyevə bu cür zorakılıq tətbiq olunmayıb.
Hə, bax indi "SSRİ qayıtsın" deyənlər başının üstündə çəkic,
boğazında oraq hiss edə bilərlər. Hansısa filosof demişdi: "Sizin
Allahınız öz oğlunu çarmıxa çəkibsə, kim bilir, mənə nə edər".
Rəsmi Kremlin yaxşıca kremlənib, qrimlənib Qarabağ münaqişəsini
həll etmək istəməsi uzun bir qış nağılına bənzəyir. Bax, Kremlin bu
münaqişədə bizə münasibəti həmin rus hərbçilərin azərbaycanlını
öldürməsi səviyyəsindədir.
Əslində, problem mədəni arealda əcnəbiləşmə deyil. Bəla odur ki,
toplum siyasi arenada əcnəbiləşir.
Və keçmişini unudan cəmiyyət gələcəyi ilə bağlı narahat olub,
hər gün NASA xəbərlərini izləməkdə. Hələ üstəlik Qarabağın qayıtma
xəbərini, az qala, NASA-dan gözləməkdə.
Əslində, lütfi zadələrini kənara itələyənlərin ağzını ayırıb
nəinki NASA-ya, hətta Vanqanın kəhanətlərinə də baxması
qaçılmazdır. Hər şeyin kökündə elm dayanır.
Nizaminin də dediyi kimi:
"Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz"
Ötən gün "Bilik günü" idi. Dünyada ən möhtəşəm ölçü vahidi uşaq
addımlarıdır. Ümid edək ki, məktəb yolları bu gözəl balalarımıza
uğurlu bir tale yolu cızacaq.
Sonda təəssüflə demək istəyirəm ki, əcnəbiyə meyil təhsilimizdə
də özünü göstərir: Bir vaxtlar Yuri Qaqarinlə "uçdu göylərə bizim
peykimiz" deyən şagirdlər bu gün Leydi Qaqa ilə "uçurlar".