Bu gün 20 Yanvardır. Artıq 24 ildir ki, biz bu tarixi
eyni cür qarşılayır, eyni də yola salırıq. Adını da "Milli matəm
günü" qoymuşuq.
Bu adın ehtiva etdiyi mənaya görə, həmin gün xalq olaraq
kədərlənməli, hüzn içərisində olmalıyıq. TV-lər matəm musiqiləri
ilə gün ərzində efirləri doldurmalıdırlar, beləcə, günü hüznlü
notlarla başa vurmalıyıq. Bu mərasimçilik anlayışının insanların,
xüsusilə də gənc nəslin düşüncə və hisslərinə təsir edə bilməməsi
səbəbindəndir ki, biz bu mənzərəyə vətənpərvərlik hissinin aşağı
düşməsi kimi təəssüflə baxırıq. Baxmayaraq ki, ildən-ilə Şəhidlər
Xiyabanına doğru uzanan izdihamın sayı azalmır...
20 Yanvarın gerçək dəyəri, ehtiva etdiyi məna mərasimçilik
anlayışı içində itib-batdığına görə insanlar dövlət səviyyəsində
təşkil olunan mərasimdə iştirak etsələr də, mərasim gərəyi
kədərlənə bilmirlər. 20 Yanvarın mərasimçilik çərçivəsindən
çıxarılıb tarixi, siyasi və mənəvi dəyərini topluma aşılamadıqca,
bir azdan yalnız büdcə təşkilatlarını, məktəbləri göstərişlə
Şəhidlər xiyabanına aparmalı olacağıq. Niyə? Çünki bir xalq ki,
ortaq ideya və hədəflərə sahib deyil, vahid orqanizm kimi özünü
qoruma instinktləri yoxdur, başına gətirilən ən dəhşətli faciələr
üzərindən zaman keçdikcə unudulmağa məhkumdur.
Tez-tez "biz unutqan xalqıq" deməyimiz də əslində fərqinə
varmadan bu sosial-psixoloji gerçəkliyin ifadəsidir. Azərbaycan
insanı düşüncəsində vətən anlayışı öz gerçək məzmununu tapmadıqca
vətənpərvərlik də görsəl, kampaniya xarakteri daşıyacaq. Bizim
vətən anlayışımız coğrafi ərazi mənasından o tərəfə getmir. O üzdən
də 20% torpaq işğal altında olsa da, qaçqınlı, köçkünlü yerdə
qalanımıza yaşamağa 80% torpaq parçası olduğu üçün özümüzü narahat,
sıxıntıda hiss etmirik. O səbəbdən də bizdən ötrü Qarabağ məsələsi
artıq Xarici İşlər Nazirliyinin, ATƏT-in Minsik Qrupunun məşğul
olduğu bir işdir. Başqa sözlə, bu, artıq dördayaqlının qulağı ilə
milçəyini qovması kimi bir şeyə çevrilib.
Məhz vətən anlayışımızın qüsurlu olmasına görədir ki, Rusiyaya
münasibətdə bu gün azərbaycanlılar nəinki 20 Yanvar, hətta Qarabağ
məsələsinə görə qisas hissi bir yana dursun, ən azı acıqlı
deyillər. Bu yaxınlarda Ukraynada olarkən ən sadə ukraynalının
belə, 30-cu illərdə Rusiyanın onların başına gətirdiyi aclıq
genosidi (Qladamor) olayına görə nifrət püskürdüyünün şahidi oldum.
Bizsə Rusiyanın tarixən başımıza gətirdikləri bir tərəfə, dünən
törətdiyi faciələrə görə çoxdan bağışlamış görünürük.
Məhz vətən anlayışımızın qüsurlu olmasındandır ki, Ermənistandan
çıxan erməni üçün erməni məsələsi bitmir, olduğu xarici ölkədə də
təşkilatlanır, bir marafonda Qarabağa yardım üçün 20 milyon pul
toplaya bilir. Bizdən ötrü isə yalnız torpaq parçası, coğrafi ərazi
sayıldığına görə ölkəsini tərk etmiş soydaşlarımız dünyanın heç
yerində vətən üçün, milli maraqlardan ötrü bir araya gəlib
təşkilatlana bilmirlər, əksinə, bir çox hallarda diaspor
məsələsindən pul qazanmaq istəyənlər də tapılır.
Demək, ilk növbədə vətən anlayışımızı yenidən inşa etməli, onu
Koroğlu, Qaçaq Nəbi kimi əskimiş qəhrəmanlıq simvollarının
işğalından azad etməli, mənəvi və mədəni dəyər kimi dərkinə
çalışmalıyıq. Eyni zamanda, toplumsal kimliyimizin etno-psixoloji,
etno-kulturoloji tərəflərini öyrənərək bizi bir arada tutan
dəyərlər üzərindən millətləşmə prosesimizi layihələndirməliyik. Bu
layihələndirmədə milli hədəf və ideyaların birləşdirici rolunu
mütləq nəzərə almalı və fərd - toplum, fərd - vətən bağlılığının
mexaniki deyil, dəyərlər üzərində qurulduğunu unutmamalıyıq.
Əks təqdirdə 20 Yanvar kimi mərasimlərin sayından asılı
olmayaraq, bizi tarixi faciələrə aparan səbəblərdən qurtulmamız
imkansızdır.