Hazırda iqtisadi böhranla əlləşən Yunanıstanın tarixinə
baxanda adamı vahimə bürüyür. Antik dövrdə filosofları, mədəni
inqilabları ilə dünya tarixində böyük dönüş edən Yunanıstan bu gün
xəritədən silinmək təhlükəsi ilə üz-üzədir.
Olimpiya oyunlarının vətəni hesab olunan ölkə hər il milyonlar
qazandıran bu mötəbər idman turnirindən bir qara qəpik də
qazanmır.
Fərqli-fərqli tanrıları ilə dünya mifologiyasında, dini
görüşlərində mühüm yer tutan yunan xalqı, vallah, bu gün heç Allaha
da inanmır.
Əvəzində Səudiyyə Ərəbistanı hər il Həcc ziyarətindən milyardlar
əldə edir. Ondandır ki, düz 11 sentyabrda və daha sonrakı
tarixlərdə Məkkədə bədbəxt hadisələr baş verdi. Bu dəfə Abbasqulu
bəy Kərbəlayının nazı ilə çox oynamadı. Böyük qızıl teştlərdə plov
içində gəzən ərəb şeyxlərinə görə nə qədər adam qan qusdu... Sonra
heç nə olmadı – dünya birliyi bu həyasızlığa yenə də susdu.
Hazırda Yunanıstanın əzəli missiyasını Yaponiya yerinə yetirir.
Yunanıstan antik dövrün Yaponiyasıdır və əgər tarix boyu
müharibələr, planlanmış siyasi proseslər olmasaydı, bu gün yunan
xalqı sayəsində ölümsüzlük də kəşf olunmuşdu, hələ üstəlik, başqa
planetdə həyat da qurulmuşdu.
70 il əvvəl iki atom bombasına məruz qalmış Yaponiya indi
iqtisadiyyatına görə dünyada ikinci-üçüncü yeri tutur, amma
planetin düşünən beyinləri – yunanları mayyalıların aqibəti
gözləyir. Əslində, hər şey çox sadədir: dünya ölkələri ABŞ və Böyük
Britaniyanın maraqları çərçivəsində hərəkət etməlidir.
Dünyanı idarə edən rəhbər sinfin nümayəndələri kapitallaşan
dünyada dayaqlarını möhkəmləndirmək üçün böyük şirkətləri öz
tərəflərinə çəkməyə başladılar, onlara maliyyə yardımı ayırdılar
ki... bunun davamı artıq başqa söhbətin mövzusudur. Dünya rəhbər
sinfinin nümayəndələrini kəşf etmək sonuncu dəfə Kennediyə qismət
olmuşdu. Onun da aqibəti bəllidir. Əslində, Karib böhranı kimi
dəhşətli bir xaosu çözən Kennedi üçün dünyanı idarə edən rəhbər
sinfi kəşf etmək elə də çətin deyildi. Sadəcə, sonda gördü ki,
kəcavə boşdur.
Dünyanın Qarabağ münaqişəsinə aid də əsaslı planları var.
Deyirlər, bir dəfə erməni Rusiyada həmyerlimizə deyib ki, "siz
çox böyük xalqsınız. Biz Böyük Ermənistan xülyası qurmuşduq, siz
onu gətirib bir boşqab dolma həddinə çıxardınız. Biz artıq Böyük
Ermənistan yox, dolma eşqinə düşmüşük".
Bax, dünya siyasi sistemi də beləcə idarə olunur. Zaza
Uruşadzenin "Naringilər" filmində belə bir səhnə var: Bir-birini
öldürməyə çalışan iki düşmən məcbur olub bir süfrədə yemək yeyir.
Ev sahibi onları bir süfrədə birləşdirir. İndi dünya da Ermənistan
və Azərbaycanı bir süfrəyə – dolmanın ətrafına gətirib. Ancaq bunun
"nuş"luq canı yoxdu...