Yuxarı

Anam savaşda bizi qəbirə qoydu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anam savaşda bizi qəbirə qoydu

Deyəsən, ağrı da genetikdir.

Ağdamı xatırlamıram... Ağlım kəsəndən o rayon mənim üçün anamın "Ağdam alınsa, atamın qəbrinə ayaqyalın qaçaram" cümləsindən ibarət olub, bir də qohum-əqrəbanın kəsik-kəsik, fasilələri hıçqırıqlardan ibarət, yarasının qaysağı qopub düşməyən xroniki xatirələrindən.

Ağdam bir muğamı, bir də şəhidi ilə zəngindir. Bizim nəsildən bir gündə 7 şəhid xəbəri gəldi. Vətən o 7 igidin bədəninin cansızlaşdığı gün xəyanət etdi bu adamlara, bunlar isə hələ də torpaq dərdindədirlər...

"Vətən" anlayışını daim köçəköçdə olduğumuzdan yadırğadım bəlkə də. Yadırğamaq üçün bir hissi əvvəlcə yaşamalısan, tanımalısan. Cümləni belə qurum: "Vətən anlayışını daim köçhaköçdə olduğumuzdan öyrənə bilmədim bəlkə də"...

Hər yaşadığımız evdə bir parçamız qaldı, bizim keçmişimiz bütöv deyil, xatirələrimiz pərən-pərəndir.

Anam – işğalda gəlinlik paltarı, atasının qəbri və gəncliyini itirən qadın da deyə bilərsiniz.

Əhali hər dəfə rayondan çıxıb bir müddət daldalanandan sonra təzədən geri qayıdırmış, hər şeyin yuxu olduğuna və bu "dava-dava" oyununun qurtaracağına ümid edirmişlər. Maraqlı burasıdır ki, hər dəfə çıxanda hamı yemək, pul-paltar götürdüyü halda anam atamın böyüdülmüş portretini sinəsinə sıxıb götürürmüş. Bir dəfə də atam hirslənir ki, onu neynirsən axı? Həmin gün anam portreti götürmür və o çıxış Ağdamdan son çıxışımız olur...

Atam – Bizi Sibirin buzlaqlarında donmağa qoymayan, gətirib Ağdamda güllə istisinə qızındıran kişi (Niyə bir neçə il Sibirdə yaşadığımızı deməyəcəyəm, bu, roman süjetidir, korlanar).

Hamı çıxandan sonra atam güllə seli altında maşınla yenə rayona qayıdır... Adyalı şkafın qarşısında yerə sərir və paltarları içinə tökərək bağlayıb götürür. Bütün pulunu ev tikintisi üçün materiala verən atam son dəfə tikilməmiş evinə baxır, cibində qara qəpik güllənin müşayiəti ilə uzaqlaşır.

Bacım – Ağdamdakı məktəbi də daxil olmaqla 11 məktəbdə təhsil alıb rekorda imza atan qızcığaz. Hə, bir az gülməlidir. Bəla 11 məktəb dəyişmək deyil, bəla onun uşaq vaxtı güllənin nə demək olduğunu bilməsidir. 8-9 yaşında güllə səsini eşidən uşaq yerə uzanırsa, onun uşaqlığı başa çatıb, demək. Bir uşaq güllənin ona dəyməməsi üçün yerə uzanmaq lazım olduğunu bilirsə, ədəbiyyatda istedadla yazılması tələb olunan bir əsərin qəhrəmanı yaranır, demək.

Bacımın 32 yaşı var, hələ bu yaxınlarda danışdı ki, 92-93-cü illərdə vertolyotla alçaqdan uçan ermənilərin sifətini görüb - onlar yüksək səslə danışıb-gülürmüşlər. Bunu görən bacım qorxudan bir müddət danışmır...

İndi onun niyə bu qədər susmasını anlaya bilirəm.

Qardaşım – Ağdam alınandan sonra doğulan sonbeşiyimiz. Müharibənin travmasını ana bətnində hamımızdan çox yaşayıb yəqin ki.

Mən – xatırlamadığı yerdən ötrü darıxmağın nə demək olduğunu bilən adam. Darıxmaq da ağrı kimi genetikdir. Anam darıxdıqca, mən də darıxıram, anam atasının qəbrini arzuladıqca, mən də köhnə, dağılmış bir qəbir daşına sarılıb hönkürmək istəyirəm.

Ağdamla bağlı bulanıq, toz-dumana qarışmış bir epizod yadıma gəlir. (Bəlkə də heç belə şey olmayıb, yuxuda görmüşəm). Rayondan çıxanda birdəfəlik gedəcəyimizi duyurmuş kimi anama tez-tez "mənim oyuncaqlarımı da götür" deyirdim.

P.S. Anam deyir, bacımla mənim hərəmizin bir otaq oyuncağımız olub. Uzaq Sibirdən müharibəyə qonaq gələn oyuncaqlar, oyuna gələn oyuncaqlar... İndi bacımın balaca oğlu Timurçin hərdən sual verir: "Nənə, anamın oyuncaqlarını ermənilər aldılar? Hansı oyuncaqları var idi anamın? Əgər ermənilər almasaydı, indi onlar mənim olardı?"

Bir ördək oyuncağım var idi. Anam deyir ki, səni o ördəksiz çimizdirə bilmirdim. Gərək o ördək vannanın içində olaydı, sən də çıxıb onun belində oturaydın, o ördək "vak-vak" edəydi, bax onda sən sakit çimirdin.

Götürmüşdü, yadımdadır, anam qablaşdırmışdı mənim oyuncaqlarımı... Amma axırıncı dəfə... Həmin o portreti götürmədiyi gün mənim oyuncaqlarımı da götürmədi. Sonuncu dəfə çıxanda anam bacımla mənim uşaqlığımı da atasının qəbrinə qoydu, üstünü də torpaqladı. Mənim də bir hissəm ölüb babamla qaldı...

İndi mən də xatırlamadığım, (xatırlamırsansa, demək, heç görməmisən, ya da görməyinin bir faydası olmayıb), görmədiyim o yerlər üçün darıxıram. O ördəkdən sonra mənim üçün bütün quşlar da, göyü üzü də vəfat etdi... Əgər mənə bircə şans verilsəydi... Bircə gün Ağdama gedə bilsəydim, ördək oyuncağımı axtarardım...

Tarix
2015.10.28 / 09:09
Müəllif
Nigar An
Digər xəbərlər

Bu yoldakı körpü təmir edilir – Ehtiyatlı olun!

“Molla Nəsrəddin” jurnalı haqda şok faktlar

Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

“Belə bayağı, primitiv sözlər...”

Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Aşıq Ədaləti öldürmək istəyən kim olub?

Erməni hakerlərdən növbəti hücum - Foto

Möcüzələr yaradan Qəbələ sakini – Video

Pamuk: “63 il əvvəl İstanbul...”

Azyaşlılara sevindirici xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla