Yaddaşımdan silinməyən bir xatirədir bu. Zəlimxan
Yaqubla ilk görüşümdə yenicə dərc olunmuş "Od aldığım ocaqlar"
kitabını mənə bağışlayanda belə bir avtoqraf yazmışdı: "Faiq, gün o
gün olsun ki, sən də öz kitabını mənə verəsən".
Gün o gün olmuşdu, "Eh, ayrılıq, nə yamansan" ilk şeirlər
kitabımı ona vermişdim. Sonralar da ustad şair müəllif sözü ilə bir
neçə kitabını mənə bağışlamışdı. Elə mən də digər kitablarımı
utana-utana da olsa, ona vermişdim...
Zəlimxan Yaqub sözün həqiqi mənasında xalq şairi - xalqın şairi
idi... Mən bunu bir neçə dəfə onunla rayonlara yol yoldaşı olanda
görmüşdüm. Bir dəfə Cəlilabaddan gələndə, Salyanda yolüstü
kəndlərin birində "10 dəqiqə dayanaq, çay içək" dedi. Dayandıq,
amma təxminən 2 saatdan sonra yola düşdük. Şair, dəfələrlə çay
təzələnsə də, üst-üstə heç bir stəkan da çay içmədi. Yaşıl ağacın
altına qoyulmuş stolun ətrafı insanlarla dolmuşdu. İnsanlar dərdini
danışır, şairə sevgilərini izhar edir, onunla iki daşın arasında
şəkil çəkdirirdilər.
Onun qəlbində nə qədər xatirələr vardı. Özü də kimlərlə bağlı!
Bu insan daima şükranlıq etmişdi, yaddaşında ancaq xoş günlər, xoş
anlar qalmışdı sanki...
Şair danışıqlarında, söhbətində hər kəsin ancaq müsbət tərəfini
görüntüləyirdi, yaxşısını deyirdi... Kimsə haqqında pis söz
deməzdi. İnsanlara qarşı qəribə bir sevgi vardı onda: "Biz niyə
sevməyək bir-birimizi?" deyirdi.
Xeyirxah idi, yaxşılıq etmək üçün doğulmuşdu sanki.
Yaxın qohumum Sabiti oxuduğu İqtisad Universitetindən
qovmuşdular. Müəllimlə şəxsi zəmində olan müsahibəsi gəlib
imtahanlarda aldığı qeyri-kafi qiymətlərə qədər çatmışdı.
Nəşriyyatda Zəlimxan müəllimlə görüşdüm. "Ədəbiyyat qəzeti"nə
gəlmişdi. Adətinə xilaf çıxmadı:
- Bir sözün? – dedi.
- Xahişim var... (Və dedim).
- Baxarıq...
Səhər saat 6-ya qalmış zəng etdi.
- Rektor səhərlər bulvarda qaçır, gedirəm ora, dedim, mən yuxuma
haram qatdığım kimi, sən də oyanasan, - deyib, zarafat etdi.
Dəhşətə gəldim. Necə yəni, tezdən yuxudan olmaq? Saat 10:00-da
yenidən zəng vurdu, dedi, get Əli müəllimin (Əli Abbasov o vaxt
rektor idi) yanına, səni gözləyir...
Zəlimxan müəllimin qəribə lətifə danışmaq qabiliyyəti də var
idi. Elə ürəkdən gülürdü ki!
80-ci illərdə Vasif Süleymanla birlikdə onun Yasamaldakı evində
olmuşduq. Özünün tay-tuşu kimi qonaq çağırmışdı.
2007-ci ildə Bakıxanovdakı evində də olmuşdum. Eyni coşquyla
qonaq olaraq qarşılamışdı. Evin 1-ci qatındakı iş otağında xeyli
söhbət etmişdik. Onu dinləməkdən yorulmaq olardı?
Ərklə boynumu qucaqlamışdı, Vasifi soruşmuşdu: - Qıvlasız, o
qədər utancaq, safdır ki, elə bil oğlan xeylağı deyil, utana-utana
danışır adamla, - demişdi.
Axı onunla biz ikimiz birlikdə tanış olmuşduq, yaxın dost
olduğumuzu bilirdi...
Yadıma düşür, 1985-ci ildə o zaman işlədiyim XDND idarəsinin
hami olduğu 171-saylı orta məktəbdə onunla görüş keçirdik. Vasif
Süleymanı, İlham Qəhrəmanı, Xatirə Rəhimbəylini və məni də özü ilə
apardı. Görüş boyu ancaq bizdən danışdı, şeirlərimizdən misallar
göstərdi. Heç düz-əməlli dərc də olunmurduq o zaman...
Bu gün şair Fəxri Xiyabanda dəfn olundu... Dünyasını dəyişdi...
Amma ədəbi dünyamızda əbədi olaraq yeri var olan, qalan şairimiz
olacaq...
O saf bir ömür yaşadı, qeybətsiz, kinsiz, sevgi dolu bir həyat.
Özü yaxşı demişdi:
Mən dünyanı durultmağa can atdım,
Dünya məni bulandıra bilmədi...