Yuxarı

Türkiyə üçün ən pis ssenari

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə üçün ən pis ssenari

Rusiyanın Suriyadan çıxması artıq dünəndən etibarən dünya mediasının əsas xəbərinə çevrilib. Putinin bu siyasi gedişi hələ bir müddət sirli addım olaraq qalacaq. Qərardan asılı olmayaraq, bilinən tək şey var, o da Moskvanın Əsədlə bağlı sövdələşməni tamamlamasıdır. Əslində, bütün prosesin də mahiyyətində məhz bu amil dayanır.

Əsədin taleyin ümidinə buraxılması Suriyanın parçalanmasının başlanğıcı ola bilər. Doğrudur, Suriya faktiki olaraq hazırkı durumda da parçalanmış vəziyyətdir. Amma hazırda o ən azından beynəlxalq birlik tərəfindən bütöv bir dövlət kimi qəbul edilir. Maraqlıdır ki, Rusiya bundan öncə dəfələrlə "Suriya xalqını və onun qərarlarını dəstəkləyirik" desə də, indi onunla hesablaşmır. Bu da böyük problemlərin başlanmasından xəbər verir.

Putin fevralın sonundan etibarən bir sıra liderlərlə telefon danışığı apardı. Bunların sırasında Türkiyədən başqa demək olar ki, Yaxın Şərq ölkələrinin bütün liderləri vardı. Görünür, məhz bu danışıqlar çərçivəsində Putin Suriya ilə bağlı fikirlərini açıqladı.

Amma Putinin Suriyadan çıxması Kremlin Yaxın Şərq planlarının yox olması anlamına gəlmir. Üstəlik, Kreml hələ də Yaxın Şərqdə bir sıra dövlətlərə təsir edə biləcək güclü rıçaqlar saxlayır.

Yəni Rusiyanın Suriyada tək müttəfiqi Əsəd hakimiyyəti deyil. Kreml həm də kürdlərlə dərin əlaqələrə sahibdir. Artıq on illərdir ki, ruslar aktiv şəkildə kürdlərdən Əsəd klanına qarşı yararlanırlar. Suriyanın şimalında yerləşən kürdlər isə bir növ keçmiş Suriya Kommunist Partiyasının əsas törəmələri hesab edilirlər. Maraqlıdır ki, Əsəd hakimiyyətinə qarşı vuruşan kürdlərə rəhbərliyi PYD həyata keçirir. Məhz bu partiya terrorçu Kürd Fəhlə Partiyasının (PKK-red.) əsas qanadı hesab olunur. PKK-nın yaradılmasında isə bir zamanlar SSRİ çox fəal iştirak edib. Moskva indiyə qədər də PKK-dan öz məqsədləri üçün istifadə edir. 2015-ci ilin sentyabrından Əsədi müdafiə etmək üçün gəldiyini deyən Kreml elə həmin tarixdən bu yana dəfələrlə bölgədə İŞİD-ə qarşı ən etibarlı gücün kürdlər olduğunu söyləməkdən də çəkinmir.

Cenevrə danışıqları çoxumuzun yadındadır. Kürdləri aktiv şəkildə burada dəstəkləyən ruslar onları bu prosesə qoşmağa cəhd edirdilər. Bunun alınmayacağını görən Rusiya Xarici İşlər naziri Sergey Lavrov dərhal bəyanat yaydı ki, kürdlərsiz Suriya həll edilə bilməz. Ancaq Lavrovun bu açıqlaması son olmadı. Kremlin bir növ sözçüsü funksiyasını daşıyan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski kürdlərə dəstəyin artırılmasını və onların dövlətinin yaradılmasını müdafiə edən bəyanat yaydı. Ardınca isə o, kürdləri Türkiyəyə qarşı müdafiə etməyin vacibliyini vurğuladı. Əslində, nə Lavrovun, nə də Jirinovskinin sözləri boşu-boşuna səsləndirilmişdi.

Moskva indiyə qədər özünün əsas düşməni qismində NATO və Avropa Birliyini görür. Böyük müttəfiqlərin olmaması şimal qonşumuzun daha sərbəst nəfəs almasına imkan yaradacaq. Bunun yeganə çıxış yolu isə hər iki birliyin parçalanmasıdır. Kreml də artıq bu planını reallaşdırır.

Qərbi Yaxın Şərqdə məğlub etmək və birlikləri dağıtmaq üçün Putin bütün oyununu Türkiyə üzərində qurub. Miqrant axınından gözlənilən faydanın götürülməməsi yeni planın yaranmasına səbəb olub. Bu planda təkcə söhbət Türkiyədən yox, həm də Yunanıstandan, NATO və AB-nin taleyindən gedir. Moskva anlayır ki, Türkiyə heç vaxt kürd dövləti anlayışı ilə barışmayacaq. Ankara hətta buna görə savaşa da gedəcək. Kreml məhz bunun üçün kürdlərin aktivləşməsi ilə məşğuldur.

Ən pis ssenari budur: kürdlər Suriyanın şimalında federativ dövlət quruluşunu tətbiq etməyə başlayır. Kürdüstanın müstəqil elan edilməsi kürd-türk savaşı yaradır (HDP-nin sədri Səlahəddin Dəmirdaş bunun proqnozunu verib – red.). PKK bütün istiqamətlərdə aktivləşir və bu da sağçı (daha çox dindar kəsimin – red.) qüvvələrin güclənməsinə səbəb olur. Sağçıların həddən artıq fəallığı Türkiyənin NATO-dan çıxmasını şərtləndirir. Cənub-şərq qanadının əldən çıxması Alyansı daxildən parçalanmağa məcbur edir. Türkiyədən başqa, artıq Yunanıstanla sıx əlaqələrini bərpa edən Moskva hər an bu istiqamətdə AB və NATO üçün təhlükə formalaşdırır...

Maraqlısı odur ki, məhz bu niyyətlərinin reallaşdırılması üçün Moskva kürdlərdən kənar dayana bilmir. Son altı ay ərzində ölkəyə ən mühüm kürd liderlər dəvət edilib. Bu liderlər arasında HDP lideri Səlahəddin Dəmirdaş da olub.

Görünür, Moskva Əsədin yanından çəkilməklə yeni Kürdüstan yaratmağı hədəfləyir. Daha ucuz başa gələcək Kürdüstan layihəsi Kreml üçün əsas rıçaq olacaq. Qərb bundan sonra Bərzanini müstəqil etsə belə, kürdlər yenə iki yerə bölünmüş formada qalacaqlar. Kürdüstanın yaradılması həmçinin Türkiyə və Qərbin diqqətini Qafqaz və Ukraynadan yayındıracaq. Əgər Qərblə Putin arasında böyük razılaşma varsa, o zaman Kürdüstan planı bu razılığa zərbə vuran əsas məsələ olacaq.

Tarix
2016.03.16 / 23:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Parlament Saakaşviliyə görə boykot olunur – Tələb

Bezos iqlim dəyişikliyi ilə mübarizə üçün 2 milyard ayırır

Tramp: Konqres İsrailə nifrət edənlərlə doludur

Fransa: Bakı ilə İrəvan arasındakı bu prosesi dəstəkləyirik

İrəvan dəhlizə görə pul ayırdı – Sərkisyandan iddia

ABŞ-ın Bakı səfiri İrəvana getdi

Rusiya Ukraynaya girə bilər, amma çıxa bilməyəcək

Hindistanla ABŞ Çin sərhədində təlimə başladı

Rusiya S-500-ləri bu ölkələrə sata biləcəyini açıqladı

Rusiya silah ixracını azaltmayacaq - Şuqayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla