Dünən axşam ağsaqqal
şair Fikrət Sadığa telefon açdım. Onunla görüşüb "Xatirə dəftəri"ni
birlikdə vərəqləmək istəyirdim. Salamlaşdıq. Həmişə sakit, həlim
səslə danışam şairin səsində bu dəfə qəribə bir kədər vardı. Səsi
uzaqlardan gəlirdi - tarixin yeddi arxa dönənindən... bir qədər də
xətdə xırıltı çoxalmışdı. Arada öskürdü və hiss etdim ki, şairimiz
özünü soyuğa verib. İllərin soyuğundan, sazağından keçib gəlmiş bir
insanın bir ötücü soyuqdəyməyə təslim olması mənim üçün inandırıcı
olmadı. Kefini, səhhətini soruşandan sonra, niyyətimi ona açıb
dedim:
- Fikrət müəllim, sizinlə
görüşmək istəyirdim.
- Evdən çıxmıram, bala,
xəstəyəm. Birliyə gələndə görüşərik. Çox sağ ol ki, zəng etmisən...
Ancaq adını bir də de, kimsən, tanımadım axı.
- Faiqəm.
Balabəyli.
- Hə. Ay Faiq, ay bala, çox sağ ol ki, zəng etmisən, narahat
olmusan, sevindirdin məni.
Ağsaqqal şairlə bir qədər də söhbət etdik.
- Nədən yazacaqsan, nə soruşacaqsan, hər şeyi danışmışam da,
eyni suallar, eyni cavablar olacaq... Sən incimə, bilirəm məni
oxumusan, amma indi elələri var ki, sən incimə... Özünə götürmə.
Heç kəsi görmək istəmirəm. Nə
yaxşı zəng elədin... Sənə minnətdaram ki, məni yada
salmısan...
Allahdan şəfa diləyirəm:
- Şair, tez sağalın, sizi istəyənlər, sizin üçün darıxanlar
çoxdur.
Minnətdarlıq edir:
-Hə, arada zəng edənlər olur, – səsində bir
giley hiss olunur.
- Dedim, əziyyət olmasaydı,
görüşərdik, – hiss edirəm ki, yerində olmayan inadkarlıq
edirəm.
- Yox, üz vurma. İlyasla
danışmısan, oxudum. Yaxşı eləmisən. Nədən danışacaqdıq?
- Elə xatirələrinizi vərəqləyəcəydik birlikdə...
- Yaxşı olardı, amma heç kəsi görmək istəmirəm. Amma inşallah,
görüşərik "Yazıçılarda"...
Sağollaşdıq. Şairə Allahdan
şəfa dilədim. Yaxın günlərdə onun "Xatirə dəftəri"ni oxucularımız
üçün vərəqləmək ümidiylə..